Əli arabalı qadınlar - Kəmalə Mirzəyevanın yeni hekayəsi

18/10/2024 - 17:59

Evlərinin yanında geniş, yaşıl bir park vardı. Amma o bu parkı heç sevməzdi. Bütün günü orda axın-axın gəzən kişilərə, qadınlara baxıb əsəbiləşərdi. Bilirdi ki, bunların arasında onun kimiləri çoxdur. Amma özlərini elə xoşbəxt göstərməyə çalışırlar ki... Park belə şeylərə necə dözür, başa düşə bilmirdi. Bəzən ona elə gəlirdi ki, bu gördüyü adamların hamısı həm də bir-birinə qohumdur, qardaşdır, bacıdır, sevgilidir. Bircə o təkdir, onun heç kimi yoxdur.

“Yoxdur” da demək olmaz. Ata-ana, qardaş rəhmətə gedib, bir bacısı uzaq bir kənddə, o birisi burda – şəhərdədir. Çoxdan gediş-gəlişləri yoxdur. Şəhərdəki bacısı ondan böyükdür. Arada sanki bu üstünlüyündən istifadə edib telefonda əməlli-başlı tənbeh edir, az qala bugünkü halına görə söyür, danlayır onu. Belə vaxtlar o, telefonun bu başında susar, ürəyində deyərdi: “Atam sağ olsaydı, sən bunları mənə deyə bilməzdin.”..

Ona elə gəlir ki, ataları ancaq ona məxsusdur, ancaq onun atasıdır, bunların yox.

Xaraktercə o qədər fərqliydilər ki, sanki bir atanın-ananın uşaqları deyildilər... Anası dünyasını dəyişəndən sonra atasını kənddə tək qoya bilmədi –gətirdi yanına. Evi hündür binanın ən sonuncu mərtəbəsindəydi, bəzən lift olurdu, bəzən yox.

Atası da bu qalxıb-enməkdən yorulanda:
-Qızım, alırdın-alırdın niyə birinci mərtəbədən ev almadın ki? Qabağında ağacımız da olardı...

Atasına heç nə deyə bilmirdi. Deyə bilmirdi ki, onu işdə necə aldadıb buranı veriblər.

İstəmirdi ki, atası onu belə gücsüz, belə aciz bilsin...Yoxsa son günlərini yaşayan ata üçün onu belə adamların arasında tək qoyub getmək müsibət olacaqdı....

- Dəyişəcəm, ata, danışmışam, həyət evi götürəcəm - kəndimizdəki kimi..

Belə vaxtlar əlində heç bir imkanı olmayan ata bircə bunu deyərdi:

- Can, qurban olaram sənə...

Bununla belə atasıyla güclüydü, qürurluydu, tək deyildi, arxasız-köməksiz hiss etmirdi özünü... Hər dəfə evə qayıdanda dayanıb eyvanda uşaq kimi onun yolunu gözləyən atasına baxmağı sevərdi. O da ayaqları imkan versəydi, uşaq kimi o hündür mərtəbələrdən düşüb onun qabağına qaçardı. Amma get-gedə atası taqətdən düşdü, daha eyvana da çıxa bilmədi. O da bir gün gəlib onu cansız tapacağından qorxub işindən ayrıldı, oturdu onun yanında.

Çox çəkmədi atasının ağrıları, bəlkə o özü də qızını çox incitmək istəmədi:

-Yaxşıyam, qorxma, -deyə-deyə onu buraxıb getdi.

Necə çətin idi ondan ayrılmaq... Necə ağır idi onu bu dar pillələrlə evdən çıxarmaq...

Bacıları ilə onda görüşə bildi – elə qəbir üstə ağladılar və ayrıldılar.

Balaca bacısı:

- Qırxında mütləq gələcəm - deyib elə qəbristanlıqda onu gözləyən köhnə bir maşında tələsik kəndə qayıtdı -uşaqlarının və tövlədə başıbağlı qalan mal-qarasının, toyuq-cücəsinin yanına...
Böyük bacısı isə onu heç nə demədən elə atasının üstündəcə buraxıb ərinin qoluna girib getdi...

****

Bu dəfə də bacısının zəngindən, danlağından canını götürüb parka qaçdı. İki aydır park onu özünə çəkir.

İki aydır o, bu boyda axının içində bir hadisənin, türklər demiş, bir macəranın peşindədir. Park nədənsə son vaxtlar özünü ona sevdirməyə başlayıb. Belə getsə, gec-tez o da bu parkı sevəcəyinin fərqindədir.
Çünki park, axır ki, onun istədiyini verə biləcək, onu da, başqaları kimi, bu təklikdən qurtaracaq deyəsən. Amma park da onu atası kimi, eləcə də o vəfasız kimi sonda tək qoydu...

Günah özündədir. Onu özü tapmışdı. Özü könüllü onun bütün dərdlərini, ağrı-acılarını boynuna götürmüşdü. İndi də özündən başqa kimisə qınamalı deyil.

İki ay qabaq onun gözü önündə saçları boz, gözləri qara bir qadın bu kişini əl arabasında buraxıb gedəndə gərək heç yaxınlaşmayadı...m Amma özündən asılı olmayaraq başladı hər gün onları güdməyə -nə vaxt gəlirlər, nə vaxt gedirlər?.. Neçə vaxtdır ki, onları görmək üçün hətta sevmədiyi, təkliyini daha çox hiss etdiyi bu parka gələr, onları gözlər, birdən gəlməsələr, ya geciksələr, özünə yer tapa bilməzdi.
Müşahidələri onu aldatmırdı –arabanı gəzdirən Qaragözlü qadın artıq bu gəzintilərdən, bu cəhdlərdən çox yorulmuşdu, hiss olunurdu ki, bir gün onu –arabadakı adamı atıb gedəcək.. O isə əvvəldən bu əziyyətlərin, bu çabaların sonunu görürdü və az qala buna sevinirdi. Çünki o, bu yükü öz üzərinə götürməyə nəinki hazır idi, hətta bundan yana canı da gedirdi.

Hər dəfə uzaqdan baxıb arabadakı adamın yeriyə bilməməsinə sevinirdi. Çünki o, yerisəydi, hərəkət eləsəydi, Qaragözlü fikrini dəyişə bilərdi... Bu dəfə də onları parkda görməyib az qala dəli oldu –ürək döyüntüləri artmağa başladı. Tez dərman atdı ağzına və başladı udmaq əvəzinə ağır-ağır çeynəməyə.
Amma onlar gəldilər.

Aralıdan da olsa hiss olunurdu ki, Qaragözlü artıq öz qərarını verib...

- Buna baxarmısız? Beş dəqiqəyə aptekə dəyib gəlirəm...

Bilirdi ki, o, bir daha qayıtmayacaq.

Necə sevinirdi – bir Allah bilir...

****

Özü də yaşlaşmışdı, ailə qura bilməmişdi. Son vaxtlar evdə heç cürə tək qala bilmirdi. Tez-tez elə bu parkda rastlaşdığı qadınları da görən kimi ilk dediyi bu olurdu:

- Ailə qurun, görnüşünə aldanmayın, lap şikəst olsun, əlsiz-ayaqsız olsun, amma yanınızda kimsə olsun...

Bu söhbətin axırı da həmişə belə olardı:
- Arada elə bilirəm yatacam, daha durmayacam. Heç öldüyümü də bilən olmayacaq, çürüyəcəm evimdə.

Illər öncə özü də həyatında ilk və sonuncu dəfə birinin görünüşünə, şirin sözlərinə aldanıb evinə buraxmışdı. Amma bir həftə çəkmədi ki, ayrıldılar. Ailəli olduğunu da bilirdi. Amma nə fərqi...

Hər şeyə razıydı, bircə diqqət və qayğı istəyirdi – nə vaxtsa atasının anasına göstərdiyi diqqəti, qayğını. Onu öpməyə də bilər, qucaqlamaq da vacib deyil.
Təki atası kimi sevərək hərdən əlini onun bu rəngini itirən saçlarına çəkə bilsin...

Amma əksini gördü – başqa dərdləri çəkəsi oldu.

Bu bir həftə bəs elədi ki, onun kimliyini də bilsin, bu az vaxtda onun diqqətsizliyini, qayğısızlığını, hətta kobudluğunu da görsün. Üstəlik, bilsin ki, onu özünə -“qara gözlər”inə görə deyil, bu kasıb evinə görə “sevirmişlər.”

Bu, onun atasından sonra həytda aldığı aldığı ən böyük, ən ağır zərbə oldu. Bunu bilə-bilə yenə nə edəcəyini, ona nə deyəcəyini, onu özündən, bu evdən necə çıxaracağını bilmirdi. Axı qonşuları təzəlikcə ona gözaydınlığı vermişdilər. İndi nə düşünəcəklər, nə deyəcəklər ona?

Bu bir həftə onun nəyinə lazımıydı ki?..

Özü də elə sürətlə keçdi ki...

Amma bilirdi ki, onu, o həftəni unutmağa illər lazım olacaq...

Necə ayrılsın, necə ayırsın onu özündən –nə gücü çatırdı, nə də bunu təsəvvür edə bilirdi. Elə belə uzun düşüncələrlə dolu gecələrin birində anası onun köməyinə çatdı. Daha doğrusu, anasının ruhu.
Kişi növbəti dəfə axşam o biri evdən- ailəsinin yanından bu evə gələndə evdəki söhbətləri eşidib əvvəlcə təəccübləndi, sonra bərk qorxdu. Qapını öz açarıyla açıb içəri girəndə gördü ki, o, anasıyla danışır. Kişi məlumatlıydı, bilirdi ki, onun anası uşaqları lap körpəykən dünyasını dəyişib.

Bəs onda bu, nə deməkdir ki? Hardan peyda oldu belə?

Birdən onların söhbəti kəsildi və Ana, Kişiyə elə gəldi ki, əvvəlcə şkafın arxasından boylandı, sonra ona elə gəldi ki, tavandan gözlərini ona dikib:

- Get burdan, pis adam -dedi. - Get, incitmə mənim qızımı, yoxsa... –dedi.

Kişi elə qorxdu, elə əsdi ki, ilk gəldiyi gün qapının ağzında qoyduğu çantasını da götürməyib qaçdı.

Bəlkə, elə bu qorxudandı ki, çox keçmədi dedilər liftdə dünyasını dəyişib. Qadın bunu eşidib çox pis oldu, hətta peşiman oldu. Axı anasından fərqli olaraq o, ona “pis adam” deyə bilmirdi. Bəs bu, nə duyğulardı, hisslərdir belə?

İndi illər sonra anlayır ki, deyəsən onu sevirmiş..

Bu onun ilk və son sevgisiymiş...

Kişi qaçıb gedən günü nədənsə ona elə gəlirdi ki, o gedəcək, bütün bunlardan sonra, bu ayrılıqdan sonra, bu sözlərdən sonra “ağıllanacaq” və tezliklə geri dönəcək. Allah şahiddir ki, o, Kişinin hardasa, uzaqda da olsa, sağ-salamat olmasını hamıdan, hətta onun ailəsindən də çox istəyirdi. Baxmayaraq əvvəlcə yalan danışır, ailəli olduğunu danırdı. Amma tanıyanlar, bilənlər dedilər ona. Hətta uşaqları da vardı.

Özünün uşağı olmasa da, uşaqları çox sevirdi.

Əgər o, uşaqlarına görə nə vaxtsa qayıtmasaydı belə, o, bundan inciməyəcəkdi.

Düzdü, istəyirdi bu yaşatdıqlarına görə o, xəstəlnsin, lap ayaqları tutulsun, ora-bura getməsin, amma yaşasın, nəfəsi gəlsin, səsi eşidilsin. Amma o,nədənsə bu ani qəlb krizini –bu qorxunu adlaya bilmədi... O, hətta indiyə kimi Kişinin evinə ayaq basdığı gün gətirdiyi çantaya da əl vura bilmir. Necə qapının ağzında qalmışdısa, eləcə də qalmaqdadır. Qadın inanır ki, bir gün o, heç olmasa, öz çantanın dalınca qayıdacaq... Arada oturub dərdini ona danışırmış kimi çantaya danışır....

****

Artıq iki aydır addımbaddım onları izləyir, qadının onu nə vaxt atıb gedəcəyini gözləyirdi. Öz növbəsini gözləyirdi. Axır ki, o gün gəldi. O saat yetişdi. Qaragözlü arabadakı adamı nələrə, kimlərə şahidlik edən bir hündür çinarın altında, soyuq bir skamyada buraxıb getdi. İti-pişiyi gətirib bağda-dağda atıb gedənlər kimi. O, bunun belə olacağını bilirdi, hiss edirdi. Sadəcə, gün söhbəti vardı. Saat söhbəti vardı. Amma o günün, o saatın bu gün olacağını heç ağlına da gətirmirdi. Yoxsa evində bir hazırlııq görərdi. Hər halda qonaq deyil. Sıradan biri də deyil. Amma neyləmək olar? Onu tək qoya bilməz ki?.. Ona elə gəldi ki, tələsməlidir, yoxsa elə bu saat hardansa bu arabanı onun əlindən alacaq qadınlar peyda olacaqlar.

- Öz növbəni gözlə, - deyəcəklər.
- Səndən qabaqda biz varıq, –deyərək onu parkdan qovacaqlar....

Arabanı götürüb sürətlə parkdan uzaqlaşdı...

Daha uzun müddət bu parka gəlmədi. Gəlib əlindən alarlar deyə onu elə evlərin arasında gəzdirər, nə vaxtsa möcüzə baş verəcəyinə -onun ayağa duracağına, bir gün qoluna girib:

- Çox yordum səni, bundan sonra mən səni gəzdirəcəm, hara istəsən aparacam, – deyəcəyinə ümid bəsləyirdi.

Arada qapının ağzındakı köhnə çantanı göstərib:
- Bunu tanıyırsan? Səninkidir, götürmədin, qoyub qaçdın o gün...
- İstəyirsən açım baxaq?

Amma nə o danışır, nə çanta...

Bunu ilk gündən nədənsə, o adama oxşadırdı, düzdü çox arıqlayıb, boyu da qısalıb sanki, amma odur ki var.

Onu rəfiqəsi aldadıb yəqin.

O ölməyib. Xəstələnib, “sevimli xanımı” da gətirib parkda qoyub gedib. O, gec-tez qayıtmalıydı axı.

Qayıdıb.

Amma niyə belə?..

****

Onu, demək olar ki, iki aydır hər gün axşamlar burda gəzdirər, əlil arabasında evlərin arasındakı daşlı yollarla o başa-bu başa aparıb gətirər, hər dəfə də ən sonda onu qaldırıb yeritmək istəsə də, bir nəticə hasil olmurdu – ya özü tez yorulur ya arabadakı ağrıya dözmürdü, çox halsızdır deyə. Hər gün eyni şeylər təkrarlanır. Onu ayağa qaldırmağa, gəzdirməyə çalışır... Hətta anası da bu dəfə ona kömək edə bilmədi.

Daha doğrusu, gəlmədi çağrışına, istəmədi –inciyib yəqin nədənsə... Özü də birdən-birə hiss elədi ki, bu bitməz işdən yorulub. Bezib də demək olar. Nəsə etməliydi... Bu dəfə evlərin arasından keçib həmin parka gəldilər. Həmin çinara, həmin skamyaya yaxınlaşdılar. Dayanıb xeyli arabadakı adama baxdı. Sanki fikrindən dönəcəyindən qorxurmuş kimi tələsik əyilib onun alnından və hərəkətsiz əllərindən öpdü. Ətrafa boylandı. Yaxınlıqdan keçən sarısaçlı, bəstəboy, yaraşıqlı bir xanıma diqqətlə baxdı. Onu əvvəllər burda daha tez-tez görərdi. Bir nəfərlə görüşüb gəzməklərinə, saatlarla nədənsə danışıb mübahisə etməklərinə, sonra bir küncdə oturub uzun-uzadı çay içməklərinə həsədlə baxardı. Hər dəfə də onlara yaxınlaşmaq:

- Mən də sizinlə otura bilərəmmi? –demək istəsə də, deyə bilməmişdi.

Sarısaçlı son günlər nədənsə təkdir. Bunlara nooldu? Anlaya bilmir. Yoxsa bunlar da onun kimi.... Nədənsə ürəyində buna həm sevindi, həm də istəmədi belə olsun... Bir də nə fərqi var ki?... Belə bəyəm pisdir ki?...

Ehtiyatla onu səslədi. Bildi ki, arabadakını ancaq belə birinə etibar edə bilər...
- Baxarsız, beş dəqiqəyə aptekə dəyib gəlirəm.

Bunu deyib Sarısaçlının cavabını belə gözləmədən sürətlə oradan aralandı. Lap o birinci qadın kimi... Həmin o gündəki kimi... Eyniylə elə... Qaçdı. Maşınların yoluna girdi, az qaldı qəza törətsin. Amma evinə çatanda birdən dayandı. Deyəsən, möcüzə baş verirdi. Bayaq ayrılanda ilk dəfə arabadakının gözlərinin dolduğunu xatırladı.

Ağlayırdı, deyəsən. Ağlayacaq ondan ötrü. O, buna necə fikir verməyə bilərdi?.. Gəldiyi sürətlə geri döndü. Qaçdı. Amma bayaq onu buraxıb getdiyi çinarın altında kimsə yoxuydu – nə Sarısaçlı vardı, nə araba... Ayaqları əsirdi. Keçib birtəhər skamyada əyləşə bildi.

Kəmalə MİRZƏYEVA

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04