Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - FOTO
Lənkəranda dənizdə itkin düşmüş balıqçıların axtarışları davam etdirilir. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda dənizdə itkin düşdüyü ehtimal edilən balıqçılar - Mahmud İbayev və Nazim Abbasovun axtarışları davam edir. İtkin düşən Nazim Abbasovun qardaşı İsmayıl Abbasov APA-ya bildirib ki, bir neçə gün hava şəraiti ilə bağlı dənizə çıxmaq mümkün olmayıb, bu gün yenidən axtarışlara başlanıb. FHN-nin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri yenidən axtarışa cəlb olunub: "Bu günə kimi hər iki ailə adından müvafiq qurumlara, o cümlədən Təbrizdəki konsulluğumuza rəsmi müraciət olunub. Bu gün konsulluqdan cavab alınıb ki, Nazim Abbasov Rusiya vətəndaşı olduğu üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Ailə üzvləri bu gün Rusiya səfirliyinə məlumat verəcəklər". Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.