Londonda saxlanılan rusiyalı oliqarxla bağlı növbəti iddia... – YENİLƏNİB - 2

03/12/2022 - 20:07

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) rusiyalı oliqarxı “çirkli pullar”ın yuyulması, sui-qəsd və yalan ifadə verməkdə şübhəli bilərək, həbs etdib.

Qafqaz.media xəbər verir ki, agentliyin saytında verilən məlumata görə, 58 yaşlı kişi cümə axşamı (1 dekabr) Londondakı iqamətgahında NCA-nın cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Həmin ərazidə işləyən 35 yaşlı kişi də həbs edilib. O, içərisində bir neçə min funt-sterlinq pul olan çanta ilə binadan çıxarkən saxlanılıb və o da “çirkli pullar”ın yuyulmasında, NCA-nın işinə mane olmaqda şübhəli bilinir.

Digər məhbus, 39 yaşlı kişi də Londondakı evində “çirkli pullar”ın yuyulması və dələduzluq üçün sui-qəsd də daxil olmaqla bir sıra cinayətlərə görə həbs edilib.

Rusiyalı iş adamının milyonlarla funt-sterlinq dəyərindəki evinə baxış zamanı bir neçə rəqəmsal cihaz və külli miqdarda nağd pul götürülüb.

Hər üçü NCA tərəfindən dindirilib və daha sonra zaminə buraxılıb.

Agentlik nə rusiyalı iş adamının, nə də iş üzrə digər təqsirləndirilən şəxslərin adlarını açıqlamır.

Bəzi məlumatlara görə, bu iş adamı sanksiyaya məruz qalmış rusiyalı oliqarx Mixail Fridmandır. Onun da 58 yaşı var və Londondakı “Athlone House” iqamətgahında yaşayır.

Mixail Fridman rusiyalı milyarderdir və Rusiyanın ən zəngin insanlarından biri hesab olunur. O, bir sıra şirkətlərin, xüsusən də “Alfa Group”-un ortaq sahibidir. 2015-ci ildən Fridman Böyük Britaniyanın sakinidir, burada 2016-cı ildə 65 milyon funt-sterlinqə “Athlone House” villasını alıb və orada yaşayır.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən “Alfa Group”-un qurucuları (Mixail Fridman, Petr Aven və German Khan) Böyük Britaniya və Avropa Birliyinin sanksiyaları altına düşdü.

Mayın sonunda məlum olub ki, iki rusiyalı oliqarx Aİ-nin sanksiyalarına görə Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət edib. Söhbət Ukraynada da biznesi olan Mixail Fridman və Petr Avendən gedir.

Sentyabrda “The Wall Street Journal” qəzeti Fridmanın Britaniya sanksiyalarını ləğv etmək üçün şəxsi sərvətinin 1 milyard dollarını onun təsis etdiyi “Alfa Bank”ın Ukrayna filialına köçürməyi təklif etdiyini yazmışdı. Milyarder özü təklifin məqsədini, yəni Böyük Britaniyanın onun üzərindən sanksiyaları götürmək olduğunu inkar edib.

Qafqaz.media

P.S. Qeyd edək ki, az öncə “Alfa-Bank”ın mətbuat xidməti bir sıra KİV-lərin Mixail Fridmanın Londonda saxlanması ilə bağlı ehtimallarını təkzib edib.

"Biz bu xəbərin kimə aid olduğunu bilmirik, Mixail Fridman həbsdə deyil, evdədir. Onun bu hekayə ilə heç bir əlaqəsi yoxdur", - bəyanatda deyilir.

*** 19:23

Rusiyalı iş adamı Londondakı milyonlarla dollarlıq evində həbs edilib.

Qafqaz.media xarici mediaya istinadən xəbər verir ki, oliqarxların mümkün cinayət fəaliyyətini araşdıran məmurlar tərəfindən keçirilən əməliyyat çərçivəsində daha iki nəfər saxlanılıb, onlardan heç birinin adı açıqlanmayıb.

Məlumata görə, “çirkli pullar”ın yuyulmasında ittiham edilən 58 yaşlı oliqarx sui-qəsddə və yalan ifadələr verməkdə şübhəli bilinərək saxlanılıb.

İkinci saxlanılan şəxs, birinci həbs edilənin yaşadığı malikanənin işçisi olan 35 yaşlı kişi, içərisində minlərlə funt nağd pul olan çanta ilə evin çıxışında saxlanılıb. O, “çirkli pullar”ın yuyulmasında və polisin işinə mane olmaqda şübhəli bilinərək həbs edilib.

Üçüncü şəxs, 39 yaşlı kişi, pulların yuyulması və dələduzluq etmək üçün sui-qəsddə şübhəli bilinərək Londonun qərbindəki Pimliko şəhərindəki evində həbs edilib.

Həbs əməliyyatına Milli Cinayət Agentliyinin (NCA) Kleptokratiyaya Qarşı Mübarizə İdarəsinin 50-dən çox əməkdaşı cəlb edilib. Köşkdə aparılan axtarışdan sonra bir neçə rəqəmsal cihaz və xeyli miqdarda nağd pul da ələ keçirilib.

Londonda saxlanılan və NCA-nın adlarını açıqlamadığı hər üç şübhəli zaminə buraxılıb.

Qafqaz.media