Mənfi rolların əvəzsiz ifaçısı... - Fuad Biləsuvarlı yazır
Məlik Dadaşov - 100
Sənət üçün doğulanları başqa sahədə təsəvvür etmək olmur. Sanki onlar səhnə üçün yaranmışlar. Adını milli teatrımızın və kinomuzun tarixinə yazmış Məlik Yusif oğlu Dadaşov da belə möhtəşəm sənətkarlarımızdandır.
O səhnədə və kinoda oynadığı hər rola ürəyinin odunu verməyi bacarırdı. O rolu tam özünküləşdirir sonra tamaşaçılara təqdim edirdi.
Bəlkə də onun oynadığı rollarda qazandığı misilsiz uğurların sirri də bəlkə, elə bunda idi.
Böyük Vətən müharibəsinin iştirakçısı kimi ağır döyüşlərdə aldığı zədə cəbhədən tərxis olunması ilə nəticələnmişdi. Uzun müalicədən sonra 1945 - ci ildən taleyini sonradan bütün həyatının mənasını kəsb etmiş teatr və kino sənəti ilə bağlamışdı. Teatr institunu bitirmişdi.
Tələbəlik illərindən özünü səhnə vurğunu kimi göstərə bilmişdi. Ona görə də onu Əzizbəyov adına Akademik Dram Teatrına işə dəvət etmişdilər.
Həmin illərdə teatrda Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adil İsgəndərov kimi görkəmli sənətkarlar vardı.
Onların əhatəsinə düşmək, onlarla tamaşalarda tərəf-müqabil olmaq gənc Məlik üçün böyük xoşbəxtlik idi.
Məlik Dadaşov teatr və kino tariximizdə mənfi rollar ifaçısı kimi tanınmışdır. O, oynadığı bu mənfi rolların hər birində obrazın daxili aləmini, iç üzünü böyük ustalıqla yarada bilmişdir.
Məlik Dadaşovun özünəməxsus ifa tərzi vardı. Oynadığı dramatik rollarda obrazların səhnə həyatını elə ustalıqla yaradırdı ki, çox həmkarları onun bu bacarığına həsəd aparırdı.
Rejissor Əjdər İbrahimovun lentə aldığı " İyirmialtılar" filmində Məşədi Əzizbəyov, "Ulduzlar sönmür" filmində yaratdığı Nəriman Nərimanov obrazları yaddaşlarda əbədi iz salmışdır.
Məşhur " Axırıncı aşırım" filmində yaratdığı Qəmlo obrazının dili ilə səslənmiş " Abbasaqulu bəyin nazı ilə çox oynayırsan, a, ... Kərbəlayı ... " İfadəsi dillər əzbərinə çevirilmişdi. Mən bu filmə çox tamaşa etmişəm. Və hər dəfə də qənaətim bu olub ki, heç kəs Qəmlo obrazını Məlik Dadaşov kimi tam mükəmməl bir şəkildə yarada bilməzdi.
Məlik Dadaşov məşhur " Ölülər" dəki Şeyx Nəsrullah, " Dəli Kür"dəki Molla Sadıq rolları ilə də əvəzsiz idi.
Bir istedadlı aktyor kimi Məlik Dadaşov yaratdığı hər bir obraza əsl həyat verməyi bacardı.
Məlik Dadaşov ömrünün son illərində Səməd Vurğun adına Rus Dram Teatrına rəhbərlik etmişdi.
Böyük sənətkarın əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdi. 1960- cı ildə " Əməkdar artist", 1974- cü ildə " Xalq artisti" adına layiq görülmüşdü. 1986 - cı ildə rejissor Əjdər İbrahimovun " Ulduzlar sönmür" filmində Nəriman Nərimanov obrazına görə Azərbaycan SSR- in Dövlət Mükafatı laureatı olmuşdu.
Düz bir ildən sonra ölməz sənətkarımız Məlik Yusif oğlu Dadaşovun anadan olmasının 100 illiyi tamam olur. O isə öz sevimli tamaşaçılarından 1996-cı ildə - 72 yaşında ayrılıb.
Əsl sənətkarlar yaratdığı obrazlarda yaşayırlar. Məlik Dadaşov da belə xoşbəxt sənətkarlardan idi.
Onun adı xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub.
Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media