“Musa Yaqubun kitabıma ön söz yazdığına inanmamışdım...” – NƏZAKƏT MƏMMƏDOVA
“...Zəng vurub dedi ki, sən məni belə zəif insan bilirsən, imzamdan kimsə istifadə eləsin?!”
“Anam 14 yaşımda şeir dəftərimi cırmışdı”
“Poeziya hissin pıçıltılarıdır... Şeir mütləq şəkildə hansısa hissin qüvvəsindən yaranır”
Əsl söz adamları Tanrının elçiləri hesab olunur. Sanki, Tanrı onları söz üçün, şeir üçün yaradıb. Mən deyərdim ki, müsahibim, Qafqaz.media-nın "Ziyalı ömrü" rubrikasının qonağı, "Respublika Xatirə kitabı" redaksiyasının və "Yada düşdü" jurnalının baş redaktoru, şairə-publisist, "Tərəqqi" medallı Nəzakət Məmmədova da Tanrının pıçıltılarını sözə çevirib, ağ vərəqə köçürən şairlərdən biridir. Nəzakət xanımla yaradıcılığı barədə geniş söhbət etdik. Buyurun, oxuyun.
- Nəzakət xanım, söhbətimizə ilk ondan başlayaq ki, poeziya Sizin üçün nədir?..
- Əslinə qalanda, adını “poeziya” qoyuruq, amma poeziya hissin pıçıltılarıdır. Poeziya başdan-ayağa hissdir. Şeir elə-belə yaranmır, mütləq şəkildə hansısa hissin qüvvəsindən yaranır. Nifrətdən, məhəbbətdən, xoş təəssüratdan, sevincdən, kədərdən də yarana bilər.
- Maraqlıdır, Siz şeirlərinizi əsasən günün hansı vaxtlarında yazırsınız?
- İnanırsınız, şair olmaq heç vaxt mənim ağılımdan keçməyib. Şeirlərimi 14 yaşımdan yazmağa başlamışam. 96 səhifəlik dəftərim var idi. O dəftərin içində bayatılarım, şeirlərim var idi. O dəftər hardansa anamın əlinə keçmiş, oda həmin dəftəri cırmışdı...
- Nə üçün?
- Bilmirəm, nəsə şeir yazmağım onun xoşuna gəlməmişdi. O dövrün başqa tələbləri var idi. Nədənsə, anam məni poeziyada görməmişdi. Sonradan mən gündəlik tutmağa başladım. O zaman doqquzuncu sinifdə oxuyurdum. Ara-sıra şeirlərimi də gündəlikdə yazırdım. Sonra tale elə gətirdi ki, universitet illəri, ailə, iş mühiti... 2001-ci ildə Milli Ensiklopediyaya işə gəldim. Ondan əvvəl isə Nizami rayonunda Təhsil şöbəsində çalışmışam. Şeir dəftərlərimi həmişə özümlə gəzdirirdim. 2005-ci ildə möhkəm xəstələndim və İrana əməliyyata gedəsi oldum. Əməliyyatım da çox uzun çəkdi, ürək məsələsi idi. Azərbaycana qayıdanda özümü Yazıçılar Birliyinin üzvü kimi gördüm. Çünki həmin gündəlikləri iş yoldaşlarım tapıb, oradan şeirlərimi köçürmüşdülər. Rəhmətlik Musa Yaqub ön söz yazmışdı. Allah Nahid Hacızadəyə də rəhmət eləsin, o, çox təəccüb eləmişdi. Deyirmiş ki, Nəzakətin həm də şeir yazmaq qabiliyyəti, istedadı var imiş. O şeirlərin hamısını Musa Yaqub bəyənmişdi. Kitabda Musa Yaqubun ön sözündən sonra biraz da hiddətləndim ki, necə ola bilər, böyük şairimiz mənim şeirlərimə ön söz yazsın?! İnkar elədim ki, yəqin kimsə imza atıb. İnanın, kitabı heç əlimə almaq istəmirdim.
Üstündən 2-3 gün keçdi, bir də gördüm ki, Musa Yaqub mənə zəng edir. Dedi, qızım, mən belə eşitmişəm, sən məni belə zəif insan bilirsən ki, imzamdan kimsə istifadə eləsin?! Sənin şeirlərini başdan-ayağa özüm oxudum. Hətta görürsən, orda fikrimi də bildirmişəm ki, sən tutduğun mövzunu, ilhamın sənə verdiyi tapıntını tez bitirirsən. Elə mövzu var ki, səndə poemaya çevirilə bilər. Mənə belə tövsiyələri də oldu.
Ondan sonra mən şeir yazmaqdan çəkinmədim. Şeir gələndə adamdan vaxt-zaman istəmir ki, mən gecə yazım, gündüz yazım.
Aprel hadisələrindən sonra işdəydim, yanıma bir nəfər gəldi. İki uşaq anası idi. Həyat yoldaşını aprel hadisələrində itirmişdi. O da polkovnik imiş. O deyirdi ki, balaca Lələtəpədən ötrü yoldaşım bizi yetim qoyub getdi. Qadın həyatına üsyan edirdi. Balaca qızcığazı da oturub orda. Dedi, kəmərindəki qanı da yumamışam, qəbrinin üstünə də getmirəm. Birdən uşaq elə hönkürüb ağladı ki... (Kövrəlir -F.B.) Onlar mənim otağımdan çıxdılar. Heç liftin yanına çatmamışdılar, birdən bir şeir yarandı. Bəlkə, siz də oxumusunuz, "Ağlama şəhid qızı" adlı şeir idi.
- Bəli, şeirlərinizin çoxunu oxumuşam.
- O şeir həmin an yaranıb. Elə bil, öz həyatımı yaşamışam. Şeirimlə balaca qızcığaza demək istəyirəm ki, mən atamı itirəndə elə sən yaşdaydım. Bax, bu şeirin yaranma tarixçəsi belə oldu. Yəni heç vaxt olmayıb ki, özümü məcbur edim, oturum qafiyə ilə şeir yazım. O mütləq şəkildə özü gəlib məni aparmalıdır. Mən istədiyimi məndən almalıdır. Şeirlərimin yaranması belə olur.
- Nəzakət xanım, müasir poeziyamızda kimləri oxuyursunuz. Bir müsahibədə rast gəlmişəm, tanınmış şair deyir ki, təkrarçılıq olmasın deyə mən başqalarının şeirlərini oxumuram. Bu fikrə münasibətiniz necədir?
- Əksinə, mənim üçün şeirin yaxşısı, pisi yoxdur. Yaradıcılığın yaxşısı, pisi olmur. O yaradıcılıq nümunəsi həmin yaradıcı insana aiddir. İstər poeziyada, istər də başqa sahələrdə olsun, heç kəs özünə dəli deməz. Mən belə düşünürəm. Mən oxumağı, mütaliə etməyi çox sevirəm. İndi bəzi gənclərimiz şeirdə sərbəst vəznə çox önəm verirlər. Bilirsiniz də, bizim poeziyamızda realizm Vaqifdən gəldisə, sərbəst şeir də Rəsul Rzadan gəldi. Əvvəl heç Rəsul Rzanın da sərbəst şeirlərinə uyğunlaşa bilmirdik. Çünki əvvəldən heca vəzninə vurğun olmuşuq, heca vəznini çox sevmişik. Elə indinin özündə də. Amma indi görürəm ki, bəzi gənclərimiz sərbəst şeirə daha da meylli olublar. Bilirsiniz ki, qardaş Türkiyə dövlətində də şeirləri sərbəst yazırlar.
Mənim isə 5-6 sərbəst şeirim var. Mən əsasən heca vəznini qoruyub saxlayıram. Amma gəncləri oxuyuram, mənim üçün fərqi yoxdur. Bilirsiniz, mənim "Yada düşdü" adlı jurnalım var, əli qələm tutan insanların hamısı istəyir ki, yazılarını dərc edək. Bir də görürsən, 80 yaşlı bir insan gəlib deyir ki, mən yazılarımı jurnalınızda dərc etdirmək istəyirəm. Elə çox sevinirəm ki. İnsan özünü nə iləsə rahatlaşdıra, sakitləşdirə bilir. Sonra da deyir ki, bəyənsəniz çap edərsiniz. Mən ona heç vaxt demirəm ki, bəyənmədim, çap olunmadı. Əgər o arzuyla bu redaksiyamızın qapısını açıb içəri daxil olursa, şeirləri mütləq çap olunur.
Əyalətdən də bizə yazılar yollayırlar. Çalışıram ki, imkan dairəsində jurnalımızda hamısına yer verim. Hamısını da oxuyuram. Mənim üçün fərq eləmir ki, bunu yazan tanınmış, yaxud tanınmamış şəxsdir.
- "Respublika xatirə kitabı"nın yaradılması haqqında da danışmağınızı istərdik. Bu ideya kimin təşəbüssü ilə ortaya çıxdı?
- Ulu öndərimizin vaxtında verdiyi qərarlarda biri də budur ki, heç kəs unudulmasın, heç kəs yaddan çıxmasın. 1997-ci ildə öz imzaladığı qanun və sərəncamla "Xatirə kitabını" yaratdı. "Xatirə kitabı" ona qədər Milli Ensiklopediyada balaca redaksiya kimi fəaliyyət göstərirdi, sonra sərbəst bir quruma çevirildi. Bilirsiniz ki, İkinci Dünya Müharibəsinə respublikamızdan 700 minə yaxın insan səfərbər olunmuşdu. Onlardan 10 mini qadın idi. Həmin şəxslərin 300 mini geri qayıtmadı. Onların içərisində əsir düşənləri də, itkin düşənlər də oldu. Bütün MDB ölkəsində “Xatirə kitabı” yaradıldı. 1400 cildlik “Xatirə kitabı”nın 20 cildi də Azərbaycanın payına düşdü.
Sonradan istər 20 yanvar hadisələrində, istər də birinci Qarabağ savaşında da çoxlu itkilər verdik. Onda Heydər Əliyev belə bir təşəbbüs irəli sürdü ki, həmin cildlərin içərisinə elə 20 yanvar hadisələrində, Qarabağ müharibəsində, Əfqanıstanda həlak olanları da qataq. "Xatirə kitabı" belə yaradıldı. İndiyə qədər 16 cild çıxıb, A-dan, Z-yə hər kəs yer alır.
Bundan əlavə, bizim 4 min nəfərə yaxın da əsir və girovumuz var, onların da dörd cildliyini hazırladıq və işıq üzü gördü. Onu Azərbaycan və rus dillərində hazırladıq. Dünyaya çıxışımız olsun deyə, hamısını bütün səfirliyimizə yollamışam. Düşünürəm ki, bu atdığımız addım şəhidlərimizin ruhuna bir daha böyük hörmət və ehtiramımızdır.
Ondan sonra da “44 günlük tarixi zəfər” adlı çoxcildliyə başladıq. Onun da üç cildi artıq işıq üzü görüb. Orda da A-dan Z-yə ikinci Qarabağ savaşında dünyasını dəyişən şəhidlərin adlarını əbədiləşdirdik. Bu, onlar haqqında ensiklopedik toplumdur. Hətta onların keçdiyi döyüş yolları, qazandığı ordenlər, medallar və s. haqda da məlumat verilir.
- Oxucularımıza bir qədər də "Respublika xatirə kitabı"nın fəaliyyəti haqda məlumat vermənizi istərdik…
- "Xatirə kitabı"nda 25 ilə yaxındır işləyirəm. Bir də görürsən ki, 80 yaşlı qadın içəri daxil olur, o kitabların içərisində atasının adını axtarır, tapır bağrına basır, çox sevinir.
"Yada düşdü" jurnalının da bir tarixçəsi var. Mən 2011-ci ildə bir jurnal təsis etmək, adını da "Xatirələr" qoymaq istədim. Onda rəhmətlik Nahid müəllim dedi ki, "Xatirələr" biraz şablon çıxır. Onun özünün "Yada düşdü" adlı kitabı var idi, heç o kitabın təqdimatını keçirə bilmədi, rəhmətə getdi. Dedi elə gəl, gələcək jurnalın adını "Yada düşdü" qoyaq. Dedim ki, təsisçi mənəm, baş redaktor da siz olun. Jurnalın ilk baş redaktoru Nahid Hacızadə oldu. Dünyasını dəyişəndən sonra o missiyanı öz üzərimə götürdüm. "Yada düşdü" jurnalı ədəbi-bədii-nostalji jurnaldır. Respublikada heç bir jurnalı o nostalji sözü təkrarlamır. Yaddan çıxan insanları, unudulmuşları yada salırıq. Onlara elə bil yeni ömür veririk.
Respublikamızın tarixində azacıq rolu olmuş insanları gələcək nəsillərə tanıtmalıyıq. Bundan gözəl iş ola bilməz. Yəni heç bir kəsi, əsasən də yaxşıları, xeyirxahları unutmamalıyı ki, onlar öz həyatları ilə gələcək nəsillərə örnək olsunlar. Bax, budur "Yada düşdü" jurnalının əsas missiyası.
- Həm jurnalın işləri, həm tədbirlər, həm də ailə qayğıları. Bu qədər işlərin öhdəsindən gəlmək yəqin ki, sizin üçün çox çətin olar…
- Vaxt mənə kömək edir. Mən heç vaxt sarıdan kasadlıq çəkmirəm. Çünki düşünürəm ki, həm ailə, həm əlavə işlər. “Yada düşdü" jurnalını da çiynimə bir yük kimi qoymuşam. "Xatirə kitabı"nın da işi çox asan iş deyil. Açığı deyim, bu da çox əzablı işdir. Nə mənada? Hər bir insan taleyini göz önündən keçirdirəm. Şəhid anasına kitabı verən zaman onun göz yaşlarını görəndə çox pis oluram, çətin duruma düşürəm. Bu yaxınlarda Şuşada şəhid olan qəhrəmanlarımızın analarıyla Şuşaya getdik. Orda təqdimat keçirdik. İnanın, o hissləri necə yaşadım, heç özüm də bilmirəm. Allah mənə güc-qüvvət verdi. Xankəndində olduq. O yerləri gəzəndə deyirsən ki, bu möcüzə deyil, nədir?! Ermənisiz, düşmənsiz Azərbaycanda yaşayırıq. Bu möcüzə deyil, nədir?! Biz vətənimizin içində həmişə düşmənlə qapı-qapıya yaşamışıq. Həmişə də gözləmişik ki, nə vaxt bomba partlayacaq. Deyirəm, Allahım, çox şükür sənə, bu gözəl günləri bizə bəxş etdin.
Qalan hər şey yerinə düşəcək. Artıq ən böyük işimizi görmüşük. İndi doğrudan da xarici ölkələrə rahat, alnıaçıq, üzüağ gedirik. Bu gün çox sevinirəm ki, müstəqil bir ölkənin vətəndaşıyam. Bu yerdə Ulu öndərimiz Heydər Əliyevin kəlamı yadıma düşür: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"! Baxmayaraq ki, ölkəmiz dünya xəritəsində kiçikdir, amma bizim üçün çox böyükdür. Həm təbiətimiz, həm sərvətimiz çox gözəldir. Allah bizdən heç nəyi əsirgəməyib. Baxın, Xarıbülbül heç yanda bitmir. Yalnız Şuşada bitir. Ümumiyyətlə, biz əvəzolunmaz ölkədə yaşayırıq. 17-dən çox ölkədə olmuşam. Azərbaycana təyyarə ilə qayıdanda sevincimin həddi-hüdudu olmur. Vətənimi anam, atam, övladlarım qədər çox sevirəm. Mən düşünürəm ki, doğmasını sevməyən şəxsin yada münasibəti də heç yaxşı olmaz.
Üç övladım var, üçü də zabitdir. Altı da nəvəm var. Mən heç vaxt evin qayğısını işə, işin qayğısını evə aparmadım. Mənim üçün hərəsinin öz yeri var. Çatdıra da bilirəm. Bəzən, metroda yer tapıb oturanda sevinmişəm ki, müəyyən kitabı tamamlayıb oxuyacam. O oturduğum müddəti də, vaxtı da özümə bir qazanc bilmişəm. Vaxtımdan həmişə səmərəli istifadə eləmişəm. Mən indi elə bir yaşdayam ki, arxaya baxıb özümə bir hesabat verə bilərəm. Fikirləşirəm ki, nə yaxşı, vaxtımı bada verməmişəm.
- Nəzakət xanım, siz övladlarınızın zabit olmasından danışdınız. Onların hərbçi olmasını özünüz istəmişdiniz?
- Mən düşünürəm ki, heç bir ana övladlarının hərbçi olmasını istəməz. Çünki hərbi sahə çox çətindir. Mən də arzu etməmişəm ki, övladlarım zabit olsun. Hətta böyük oğlum deyəndə ki, “Naxçıvanski”yə getmək istəyirəm, inanın yuxum qaçmışdı. Amma çox israrlı oldu, mən də onun arzusuna qarşı çıxa bilmədim.
Sonra qızım da hərbi həkim oldu. Kiçik oğlum Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdi, o da Ədliyyə Nazirliyində zabitdir. Sonra gəlinlər gəldi. Böyük gəlinim, yəni hərbçi oğlumun həyat yoldaşı da daxili işlər orqanlarında həkimdir, həm də zabitdir. Kiçik gəlinim, Ədliyyə Nazirliyində işləyən mayor oğlumun yoldaşı da Dövlət Təhlükəsizlik Xidmətində kapitandır. Yəni ailə belə yığılıb. Heç bir arzuyla, heç bir istəklə yox. Bu da Allahın bir qismətidir. Hərdən məndən soruşurlar ki, Nəzakət xanım, özünüz bu cür istəmişdiniz? Amma çox nadir hallarda olur ki, ailədə övladlar da, gəlinlər də eyni missiyanı daşıyır.
- Nəzakət xanım, bir çox ziyalılarımız taleyə, alın yazısına inanmır. Siz necə, inanırsınız?
- Əlbəttə, mən taleyə, alın yazısına inanıram. Mən fikirləşirəm ki, Allahın mənə qisməti, taleyi bu idi, üsyan etməyə dəyməz. Mən şükürlə, səbrlə yaşayan insanam. Buna görə də taleyə, qismətə, alın yazısına inanıram.
- Bəs, yaradıcılığınızda nə kimi yenilikləriniz var?
- Bir kitabım tam hazırdır, adını "Köhnəlməyən xiffət" qoymuşam. "Köhnəlməyən xiffət" sözünü deyəndə hamı öz xiffətini büruzə verə bilər. Biri vətənə xiffətini, biri ataya, biri anaya xiffətini, biri sevgisinə xiffətini. Mənim də o xiffətim anamadır. Bir şeirimdə də demişəm ki, "Ana, heç köhnəlmədi sənsizliyin xiffəti. İllər artdıqca artdı yoxluğunun həsrəti". Elə kitabımın da adını bu şeirdən götürmüşəm. Bir də mənim haqqımda yazılanlar və mənim yazdıqlarım haqqında yaradıcılıq kitabım var. Bu ilin axırına, gələn ilin əvvəlinə hazır olmalıdır.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Qafqaz.media