Müxalif partiya İsraildə Azərbaycan səfirliyinin təsis edilməsini dəstəklədi...

21/11/2022 - 21:47

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Qafqaz.media-ya verilən məlumata əsasən, toplantıda ölkədə və regionda baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.

İdarə Heyəti üzvləri ilk öncə ötən həftə Milli Məclisdə Azərbaycan Respublikasının İsraildə səfirliyin təsis edilməsi ilə bağlı qəbul etdiyi qərar ətrafında müzakirələr aparıb. Müzakirələrdə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi zaman İsrailin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, ötən dövr ərzində bu dövlətlə Azərbaycan arasındakı münasibətlərin müsbət dinamika üzrə inkişaf etdiyi, Qarabağ savaşında İsrailin Azərbaycanın haqlı davasına dəstək verdiyi nəzərə alınaraq Milli Məclisin bu qərarı kecikmiş olsa da, düzgün addım kimi dəyərləndirilib. İdarə Heyəti eyni zamanda Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin açılması ilə bağlı qərarını da təqdir edib.

İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində Rusiya “sülhməramlıları”nın nəzarət etdiyi ərazidə ötən həftə ərzində erməni separatçı qrupu tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı təxribatçı hərəkətlərin edilməsi, müdafiə xarakterli səngərlərin qazılmasına çalışmalarını, o cümlədən separatçıların məskunlaşdığı Azərbaycan ərazisində qondarma “referendum” keçirməyə hazırlaşmaları ətrafında müzakirə aparıb. Müzakirələrdə qeyd edilib ki, baş verənlər bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir ki, bunun da arxasında Rusiyanın çirkli niyyəti dayanır. İdarə Heyəti Azərbaycan dövlətini ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradan bu tipli addımlara qarşı adekvat cavab verməyə, lazım gələrsə həmin ərazidə antiterror əməliyyatları keçirməyə çağırıb.

İdarə Heyəti ölkə başçısı İ.Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi D.Şuebel ilə görüşü zamanı Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində “Vardanyan planını” ifşa etməsini, onun ilə hər hansı bir danışıqların aparılmayacağı ilə bağlı qəti mövqe nümayiş etdirməsini, yalnız ölkə ərazisində yaşamaq istəyən etnik ermənilərlə danışıqların aparılacağını ifadə etməsini təqdir edib. ADP hesab edib ki, Azərbaycan hökuməti dövlətimizin maraqları baxımından Avropa ilə inteqrasiyanı dərinləşdirməli, Rusiya ilə yer aldığı bütün siyasi və hərbi proyektlərdən imtina etməlidir.

İdarə Heyəti İranda baş verən hadisələrə bir daha diqqət çəkib. Müzakirələrdə İranda baş verən kütləvi xalq hərəkatı zamanı insanlara qarşı aşırı gücün tətbiq edilməsi, yüzlərlə aksiya iştirakçısının öldürülməsi, onlarla aksiya iştirakçısı barəsində ölüm hökmü qərarı çıxarılması faktları kəskin şəkildə tənqid edilib. İdarə Heyəti İran hakimiyyətini vətəndaşlarının, o cümlədən Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarına hörmət etməyə və insanlara qarşı amansız repressiya siyasətindən imtinaya çağırıb. İdarə Heyəti hesab edib ki, beynəlxalq ictimaiyyət İranda baş verən insanlıq dramına seyrçi qalmamalı, İran hökumətini dinc insanlara qarşı amansız rəftardan çəkindirməlidir. Müzakirələrdə həmçinin cənublu soydaşlarımızın öz haqları uğrunda apardıqları mübarizənin təşkilatlanmış formaya qədəm qoyması təqdir edilib.  

İdarə Heyəti qardaş Türkiyənin Suriyanın və İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatları və bu əməliyyatlardan sonra Türkiyə ərazisinə terror örgütləri tərəfindən raket hücumlarına da diqqət çəkib. İdarə Heyəti bu hücumların arxasında qardaş Türkiyənin günbəgün artan siyasi, iqtisadi və hərbi gücündən, o cümlədən Türkiyənin nəinki regionda bütünlükdə dünyadakı nüfuzundan narahat olan qüvvələrin durduğunu bildirib. İdarə Heyəti Türkiyəyə raket hücumları zamanı şəhid olanlara Allahdan rəhmət diləyib, terrora qarşı Türkiyənin həyata keçirdiyi əməliyyatları dəstəklədiyini bildirib.

İdarə Heyəti sonda təşkilati məsələlər ətrafında da müzakirələr aparıb. Müzakirələrdə cari ilin dekabr ayının 18-ə ADP Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı qərar qəbul edilib.

Qafqaz.media