“Narkomaniya ilə mübarizədə hər birimiz dövlətin yanında olmalıyıq” – FƏRİDƏ ASLANOVA

08/02/2024 - 15:46

“Biz vərdişlərimizə qalib gələ bilsək, dünyaya qalib gələrik”

“Bəzən görürsən ki, narkotik satıcıları məktəblərin hasarlarının kənarında canavar kimi pusquda durub, hədəf axtarır…”

44 günlük müharibədə Azərbaycanın təkcə Ermənistana deyil, həm də bu ölkənin havadarlarına qalib gəldiyi kimsəyə sirr deyil. Odur ki, Qarabağda “dəmir yumruq”la üzləşən bəzi xarici güclər bu savaç bitdikdən sonra, indi də ölkəmizə qarşı “narkotik savaşı” açıblar. Onlar bu məkrli niyyətləri ilə xüsusilə də yeniyetmə və gənclərimizi bu bəlaya düçar edərək, ölkəmizin gələcəyini məhvə aparmağa çalışırlar. Bəs, biz cəmiyyət olaraq bu “savaş”ın qarşısını necə ala bilərik? Bu və digər suallara Akademik Dövlət Musiqili Teatrın Mətbuat katibi Fəridə Aslanova ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

Fəridə xanım hesab edir ki, 44 günlük savaşda olduğu kimi, narkomaniyaya qarşı mübarizədə də hər bir vətəndaşımız dövlətin yanında olmalıdır: “Narkomaniya ilə mübarizədə hər birimiz dövlətin yanında olmalıyıq. Burada hər bir vətəndaşın - mənim, sənin, başqalarının üzərinə məsuliyyət düşür.

“Ağ ölüm”lə mübarizə orta məktəblərdən başlamalıdır. Hər bir valideyn, müəllim, öz uşaqları ilə maraqlanmalıdır. Valideynlər övladlarının kiminlə oturub-durmalarından tutmuş, yan-yörələrindəkı müxtəlif xarakterli uşaqların varlığına qədər, daim nəzarət etməlidir. Bunların hamısı diqqət mərkəzində olmalıdır. Müəyyən yaş dövrünə qədər uşaqların vərdiş və məşğuliyyətləri diqqətdə saxlanılmalıdır. Məsələn, mənim oğlum yeniyetmədi, 9-cu sinifdə oxuyur. Hər gün onunla danışıram, mədəni və mülayim tərzdə nə işlə məşğul olduğunu, gün ərzində hansı plan və cədvəllə hərəkət etdiyini araşdırıram, ətrafındakı dostlarını xəbər alıram.

Təbii ki, bu kimi ailəvi söhbətlər uşaqlara da xoş təsir edir. İnsan cəmiyyətdən təcrid olunmuş yaşaya bilməz, yəni onu məngənədə saxlamıram. Sadəcə, nəzarət edirəm. Gün ərzində nə baş verdiyini soruşuram. İndi elə bir zəmanədir ki, bəzən görürsən, narkoticarətçilər məktəblərin hasarlarının kənarlarında canavar kimi pusquda durublar, hədəf axtarırlar. Onlar üçün əsas məqsəd kiminsə həyatını puç etmək hesabına çoxlu gəlir əldə etməkdir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olaraq, "Narkotikə yox!" deyirik. Hətta bununla bağlı "Məchul pilləkən" adlı balet -tamaşa layihəmiz var. Həmin tamaşa 25 fevral, saat 12:00-da oynanılacaq. Tamaşanın gündüz saatlarında olması da onu göstərir ki, orta məktəbin yuxarı sinif şagirdləri rahatlıqla iştirak edə bilsinlər...

Fəridə Aslanova deyir ki, narkomaniyaya qarşı mübarizədə maarifçilik sahəsinə də ciddi diqqət ayrılmalıdır: “Əlbəttə ki, maarifləndiricilik əsas rol oynayır. Məsələn, biz - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olaraq, "Narkotikə yox!" deyirik. Hətta bununla bağlı "Məchul pilləkən" adlı balet - tamaşa layihəmiz də var. Həmin tamaşa 25 fevral, saat 12:00-da oynanılacaq. Tamaşanın gündüz saatlarında oynanılmasında bir məqsəd də odur ki, orta məktəbin yuxarı sinif şagirdləri rahatlıqla iştirak edə bilsinlər.

Tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Teatrın balet artistlərinin iştirak etdiyi bu tamaşanın süjet xəttində ağ və qara qüvvələrin mübarizəsi dayanır. Narkomaniyaya düçar olmuş bir gəncin bu bəladan necə xilas olması balet diliylə göstərilir. Çox maraqlıdır, kim istəsə gəlib baxa bilər.

Fəridə Aslanovanın fikrincə, ümumiyyətlə, narkomaniyaya qarşı mübarizədə sənət adamları daha fəal olmalıdır: “Sənət adamları bu mövzularda daha fəal olmalı, vaxtaşırı öz sosial şəbəkə hesablarında yazılar yazmalı, çıxışlar etməlidilər. Biz narkomaniya ilə mübarizəyə həsr etdiyimiz tamaşamızla yeniyetmə və gənclər arasında maarifləndirici təbliğat aparırıq. Başqa sahənin insanları da nə isə etməlidir. Mütləq”.

F.Aslanova güman edir ki, narkotik bəlasından xilas olmaq istəyən insan bütün pis vərdişlərinə qalib gəlməyi bacarmalıdır: “İnsanın düşüncəsində nədirsə, sandığa qoysan da, gedib onu edəcək. İnsan içdən dəyişməlidi, daxilən, ruhən öz-özünü dəyişməyə məcbur etməlidir. İnsan öz ruhunu tərbiyə etməli, davranışlarına fikir verməlidir. Kimdəsə siqaret, narkotik, spirtli içki qəbulu artıq vərdiş halını alıbsa, onu o yoldan geri qaytarmağa da müəyyən zaman lazımdır. Həmişə deyirəm, demişəm də, biz vərdişlərimizə qalib gələ bilsək, dünyaya qalib gələrik. Yəni bunu boş yerdən demirəm. Adi elementar bir misal göstərim. Mən ötən il qarşıma məqsəd qoydum ki, çörək qəbulunu tərgidəcəyəm. Məqsəd nədir? Düşündüm ki, bu mənə ziyan edir. Həqiqətən də ziyan edirdi. Bir şey ki, drojlu, qatqılı, mayalı, nə bilim, içərisinə nə vurulub… Əvvəlki nənələrin təndir çörəyi, əvvəlki buğda çörəkləri indi yoxdu, hamısının genləri dəyişdirilib. Ona görə də imtina etdim və peşman deyiləm, əksinə özümü çox rahat hiss edirəm. Əlbəttə ki, çəkidə də azalma müşahidə edirəm.

Yəni mən özüm özümə sübut etdim ki, çörək yeməyin özü də bir vərdişdir, çörəksiz də yaşamaq olur. Dediyim odur ki, çörəyi tərgidə biliriksə, başqa şeyləri də tərgitmək olar. Bunu insanlar qarşısına qoysa, alındıra bilər.

Siqaret çəkən insanlara da deyirəm ki, bu pis vərdişdir, tərgidin. Bəzən deyirlər ki, sən başqa cür danışırsan. Deyirəm, başqa cür danışmıram, olanı deyirəm, siqareti tərgidin. Bir şey ki, insana ziyan vurur… Siz niyə dumanın, tüstünün içində həyatınızı məhv edirsiniz?!

Bir dəfə birinə ərklə dedim ki, siqareti tərgit! Cavab verdi ki, 79 nəfərin İT mütəxəssisiyəm. Mən də dedim ki, nə olsun, onda siqaretin birini də verin, mən çəkim, mənim işim daha gərgindir. Yəni o çıxış yolu deyil ki, siqaret çəkəsən. O hesabla hər kəsin nə qədər ağır yükü var. Məgər siqaret hansısa bir işi həll edir? Yox, sadəcə sənin düşünmək qabiliyyətini əlindən alır, beynini dondurur, tüstü, dumanın içində daha aydın qərarlar verməkdə çətinlik çəkirsən. Mən elə fikirləşirəm”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ