NATO Ukraynaya raket hücumlarından müdafiəyə kömək edəcək - BƏYANAT

29/11/2022 - 22:54

NATO ölkələri öz suverenliyini və ərazi bütövlüyünü Rusiyanın təcavüzündən müdafiə etməyə davam edən Ukraynaya siyasi və praktiki dəstəyini gücləndirməyə davam edəcək.

Qafqaz.media “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə Alyansın Buxarestdə keçirilən Nazirlər Şurasının toplantısında qərar verilib.

"Bu kontekstdə NATO müvafiq maraqlı tərəflərlə, o cümlədən beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı, eləcə də həmfikir ölkələrlə yaxından əməkdaşlığa davam edəcək. İndiyə qədər göstərilən dəstəyə əsaslanaraq, biz Ukraynanın dayanıqlılığını gücləndirməyə, öz güclərini qorumağa kömək edəcəyik”, - deyə qurumun bəyanatında vurğulanır.

Nazirlər vurğulayıblar ki, Rusiya bu müharibəyə görə tam məsuliyyət daşıyır, beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur.

"Rusiyanın təcavüzü, o cümlədən Ukraynanın mülki və enerji infrastrukturuna davamlı və həyasız hücumları milyonlarla ukraynalını əsas insani xidmətlərdən məhrum edir. Bu, qlobal ərzaq təchizatına təsir göstərib və dünyanın ən həssas ölkələri və xalqlarını təhlükə altına qoyub", - deyə bildirilir.

Həmçinin o da qeyd edilir ki, müharibə cinayətlərinə, o cümlədən cinsi zorakılığa görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.

NATO ölkələri Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə fəal töhfə verən bütün şəxsləri, o cümlədən Belarusu da pisləyib.

Alyans üzvləri həmçinin Ukraynaya enerji infrastrukturunu bərpa etməkdə və xalqını raket hücumlarından qorumaqda kömək edəcəklər.

"Biz həmçinin Ukraynanın azad və demokratik gələcəyini təmin etmək, müdafiə sektorunu modernləşdirmək, uzunmüddətli qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və gələcək təcavüzün qarşısını almaq üçün Ukraynanın müharibədən sonrakı bərpası və islahatların aparılması istiqamətində uzunmüddətli səylərini dəstəkləməkdə qətiyyətliyik", - bəyanatda deyilir.

Bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Rusiya Ukraynaya qarşı müharibədə qalib gələrsə, dünya bundan da yüksək “qiymət” ödəməli olacaq, çünki müxtəlif ölkələrin avtoritar liderlərinə güc tətbiq etmək üçün “yaşıl işıq” yandırılmış olacaq.

Qafqaz.media