“Ola bilsin ki, Mişanın zəhərlənməsi Gürcüstan dövlətinə qarşı təxribatdır” - EKS-PREZİDENTİN ANASI

02/12/2022 - 15:21

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili artıq Gürcüstanın siyasi həyatında iştirak etmək niyyətində deyil.

Qafqaz.media xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniya sabiq prezidentin “Facebook” səhifəsində yazıb.

Saakaşvilinin anası qeyd edib ki, o, əvvəllər vəkillərinin danışdığı zəhərlənmə məsələsində Gürcüstan hakimiyyətini günahlandırmır, bunun arxasında başqa ölkə dayana bilər.

Onun sözlərinə görə, Saakaşvilinin bədənində ağır metalların olub-olmaması ilə bağlı testlər ABŞ laboratoriyalarında aparılıb: “Ola bilsin ki, Mişanın zəhərlənməsi Gürcüstan dövlətinə qarşı təxribatdır”.

Bundan əvvəl vəkil Şalva Xaçapuridze bildirib ki, xarici həkimlər Saakaşvilinin bədənində civə və arsen aşkar ediblər. Xatırladaq ki, Gürcüstan hökuməti Saakaşvilini bir neçə cinayət işində təqsirli bilir. Eks-prezident isə həbsini qanunsuz və barəsində səslənən ittihamları saxta hesab edir.

Qafqaz.media