Olaf Şolz və Vladimir Putin müharibə haqda danışdılar – ALMANİYA KANSLERİ “QOŞUNLARINI UKRAYNADAN ÇƏK!” DEDİ…

02/12/2022 - 23:50

Almaniya kansleri Olaf Şolz və Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni, “Şimal axını 2” qaz kəmərini və qlobal ərzaq təhlükəsizliyini müzakirə ediblər.

Qafqaz.media xəbər verir ki, Almaniya hökuməti və Kremldən verilən məlumata görə, iki ölkə liderləri arasında telefon danışığı olub.

Almaniya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Olaf Şolz Vladimir Putini qoşunları Ukrayna ərazisindən çıxarmağa və münaqişəni diplomatiya yolu ilə həll etməyə çağırıb.

Eyni zamanda, Şolz Ukraynanın mülki infrastrukturuna hücumları pisləyib və Almaniyanın Ukraynaya müdafiə qabiliyyətinin təmin edilməsində dəstək verəcəyini bildirib.

Öz növbəsində Putin Şolza bildirib ki, Qərb ölkələri Ukrayna hökumətini silahla təmin etməklə və Ukrayna hərbçilərini öyrətməklə dağıdıcı rol oynayırlar.

Rusiya prezidenti deyib ki, Ukraynanın siyasi və maliyyə dəstəyi sayəsində Kiyev istənilən danışıqlar ideyasını rədd edir.

Putin həmçinin qeyd edib ki, Ukraynanın infrastrukturuna hücumlar Kiyevin “təxribatçı hücumlarına” “qaçılmaz” cavabdır.

İki lider qlobal ərzaq təhlükəsizliyini də müzakirə edib və əlaqə saxlamağa razılaşıblar.

Qafqaz.media