Paris-2024: Bu gün kimlər yarışacaq?

08/08/2024 - 08:03

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Publika.az xəbər verir ki, həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq. O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar. Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək. Hər iki idmançımız 1/8 finaldan başlayacaq. Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ