Paşinyan Bakı ilə razılaşdırılmış sülh müqaviləsinin 3 prinsipini açıqladı – İDDİA

30/10/2023 - 11:44

“Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsip razılaşdırılıb. Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır: Bakı Ermənistan Respublikasının 29,8 min kvadratmetr ərazisini, İrəvan - 86,6 min kvadratmetr sahəsi olan Azərbaycan ərazisini tanıyır.

Ermənistanın baş naziri daha sonra əlavə edib: “Bu rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur... Siyasi müstəvidə razılıq əldə olunub və ideya tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarət olub. Eyni zamanda, tərəflər anladılar ki, bu mənbə əsasında sərhədin demarkasiyası və delimitasiyası aparılacaq”.

Ermənistanın baş naziri əlavə edib ki, rəqəmlər 1977-ci il Sovet ensiklopediyasından götürülüb.

Paşinyanın fikrincə, ikinci prinsip budur: tərəflər Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər. Yəni tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.

Paşinyan qeyd edib ki, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olması vacibdir. Ermənistanın baş naziri əlavə edib ki, onlar mövcuddur.

Paşinyan deyib ki, üçüncü prinsip - keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılmasıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33