PAŞİNYAN KTMT-də NƏ QALA BİLİR, NƏ DƏ ÇIXA - “Amerikalılar ona deyib ki...”

21/12/2023 - 11:38

Tasmaqambetov İrəvana həm də Kremlin xəbərdarlığını çatdıracaq

Paşinyan yenə “quzu kimi” bütün sənədlərə imza atacaq?

Məlum olduğu kimi, 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra Ermənistana rəhbərlik edən Nikol Paşinyan hakimiyyəti özünün “qərbpərəstlik siqnalları”nı dəfələrlə gücləndirib və Rusiyanın əleyhinə olan bəyanatlar verməyə, müəyyən addımlar atmağa başlayıb. Bunun ən bariz təzahürü Paşinyanın Ermənistanın da üzvü olduğu və Rusiyanın başçılıq etdiyi hərbi bloka - KTMT-yə münasibətidir. Belə ki, artıq xeyli müdətdir Ermənistan rəhbərliyindən heç kim bu təşkilatın tədbirlərində iştirak etmir, erməni hərbçiləri birgə təlimlərə qatılmır, Paşinyan başda olmaqla hakim komandanın üzvləri isə hər fürsətdə KTMT-dən narazılıqlarını və bu təşkilatda qalmağın mənasızlığını açıq, ya da dolayısı yolla bildirirlər.

Lakin bütün bunlara baxmayaraq, Paşinyan və onun ən yaxın silahdaşları Ermənistanın KTMT-dən çıxması məsələsinin İrəvan üçün aktual olmadığını deyirlər. Yəni, rəsmi İrəvan nə KTMT-də iştirak edir, nə də onu rəsmən tərk edir. Bəs Paşinyanı açıq şəkildə tənqid etdiyi bu təşkilatda hələ də qalmağa vadar edən nədir və o, doğrudanmı bu qurumdan çıxmaq fikrindədir?

Ermənistan parlamentinin müxalifətdən oilan deputatı Anna Qriqoryan bu məsələyə aydınlıq gətirməyə çalışıb. Erməni mətbuatına danışan deputat bildirib ki, kollektiv Qərb Ermənistanla bağlı KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil: “Bütün baş verənlərə əsaslanaraq məntiqli sual yaranır: Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, şikayət edirsənsə, anti-Rusiya ritorikası ilə məşğul olursansa, o zaman niyə KTMT-ni tərk etmirsən? Bu yaxınlarda avropalı parlamentarilərdən biri bizimlə görüş zamanı dedi: “Biz ona(Paşinyana-red.) bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ ona deyib ki, hələ KTMT-dən çıxmaq lazım deyil”.

Bu, o deməkdir ki, Qərbin sifarişi ilə Rusiya əleyhinə xətt aparan, anti-Rusiya ritorikası ilə məşğul olan Paşinyan, elə həmin Qərbin göstərişi ilə KTMT-də qalmaqdadır.

Yeri gəlmişkən, xatırladaq ki, bu günlərdə Ermənistanın “Hraparak” nəşri hakim “Vətəndaş müqaviləsi” partiyasının Gümrüdə keçirilən qapalı toplantısı ilə bağlı özəl məlumat dərc etmişdi. Məlumatda deyilirdi ki, Baş nazir Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyan Qərbin dəstəyinin zəifliyindən gileyləniblər: Bizim “Vətəndaş müqaviləsi”ndəki mənbələrimiz əmin edir ki, Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) İqtisadi Şurasının və MDB ölkələrinin Liderlər Şurasının dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak edəcək.

Məlum olduğu kimi, rəsmi İrəvan uzun müddətdir ki, Rusiya platformalarını boykot edir: nə Ermənistanın Xarici İşlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə parlament sədri, nə də Baş nazir Rusiyanın sədrliyi ilə keçirilən siyasi toplantılarda iştirak etmir. Onlar yalnız iqtisadi iştirak və əlaqələri saxlamaq qərarına gəliblər. Lakin partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə münasibətlərdə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Beləliklə də o, qarşıdakı tədbirlərdə iştirakına eyham vurub”.

Qeyd edək ki, son çıxışında Paşinyan növbəti dəfə KTMT-nin fəaliyyətindən narazılılğını bildirib və qeyd edib ki, təşkilatın Ermənistanla bağlı “qırmızı cizgiləri” yoxdur. Baş nazir bildirib ki, KTMT öz təhlükəsizlik təminatını rəsmi İrəvanın müraciətlərinə baxmayaraq, Ermənistana tətbiq etməyib.

Bunun açıqlaması odur ki, İrəvanın çoxsaylı müraciətlərinə, şantajlarına rəğmən KTMT Azərbaycana qarşı döyüşməyib. Təşkilatdan küskünlük də bundan irəli gəlir. Məhz buna görə Paşinyan açıq şəkildə deyib ki, KTMT müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirməyin əleyhinə olub və təşkilatın təklifini rədd edib. Məlum olduğu kimi, bunu əvəzinə Ermənistan öz ərazisinə bir sıra Avropa dövlətlərindən olan “müşahidəçiləri” yerləşdirib.

Yeri gəlmişkən, son məlumata görə, KTMT-nin hazırkı Baş katibi İmanqali Tasmaqambetov bu gün İrəvana səfərə gəlir. İndiki şəraitdə KTMT Baş katibinin səfərinin əsas məqsədi məlumdur. O, KTMT-nin Minskdə keçirilən sammitində, eləcə də digər səviyyələrdə son görüşlər zamanı qəbul edilmiş sənədləri Ermənistan rəhbərliyinə imzalatmaq üçün İrəvana gəlir. Məsələ ondadır ki, KTMT-nin bütün qərarları, hətta formal da olsa, yekdilliklə qəbul edilməlidir. Əks halda onların heç bir hüquqi qüvvəsi yoxdur.

Bu zaman isə belə çıxır ki, dünyaya meydan oxuyan Rusiyanın rəhbərlik etdiyi hərbi blok “dılğır Ermənistan”dan asılı vəziyyətə düşüb. Hətta Ermənistan sözügedən sənədlərə imza atmayacağı təqdirdə KTMT-nin gələcək mövcudluğunun hüquqi əsasları sual altına alınmış olur.

Odur ki, böyük ehtimalla Tasmaqambetov İrəvana həm də Kremlin xəbərdarlığını çatdıracaq ki, “eyni vaxtda iki oturacaqda oturmaq dövrü” keçib və KTMT-yə üzvlüklə bağlı yekun qərar qəbul etmək vaxtıdır. Başqa sözlə, ya Ermənistanın Müdafiə naziri Suren Papikyan kollektiv hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı sənədi, Baş nazir Paşinyan isə KTMT sammitinin yekun bəyanatını imzalayacaq, ya da Ermənistan avtomatik olaraq özünü KTMT-yə üzv ölkələr siyahısından siləcək.

Ancaq belə görünür ki, Paşinyan “quzu kimi” bütün sənədlərə imza atacaq – birinci dəfə deyil ki...

Cəlal Məmmədov