“Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...” - Müharibə əlilindən ŞOK AÇIQLAMA
90-cı illərdə erməni əsirliyində olmuş, II qrup müharibə əlili Şirin Abbasov Azərbaycandakı məşhur vəkillərdən biri tərəfindən aldadıldığını deyir. Onun sözlərinə görə, nəticədə bu gün ailəsi ağır vəziyyətə düşüb – evsiz qalıblar, müalicə oluna bilmir.
Bizimyol.info xəbər verir ki, Şirin Abbasov müxtəlif dövlət orqanlarına vəkil Adəm Məmmədovdan şikayət edib. O, iddia edir ki, prezident tərəfindən ona bağışlanmış mənzilinin pulu aldadılaraq, əlindən alınıb.
Şirin Abbasovun sözlərinə görə, oğlu Lətif Abbasov bir neçə il əvvəl yol qəzası törədib, nəticədə bir nəfər həlak olub. Həmin işdə Adəm Məmmədovu vəkil tutublar:
“Bizi əmin elədi ki, bu işi həll eləyəcək, hakimlər də, prokurorlar da ona hörmət eləyir. Bizim də olanımız-qalanımız bir evimiz vardı, o evi də möhtərəm prezidentimiz vermişdi, evimizi satdıq. Əvvəl 30 min verdik, sonra 28 min 500, sonra da 25 min. Ümumilikdə bizdən 83 min 500 manat pul aldı. Bəzən özünə vermişik, bəzən də Zərdabi Abbasov vasitəsilə göndərmişik. Hamısının da sübutu var. Evimizi satıb, ona verdik, o da bizi aldatdı, küçədə qoydu”.
Şirin Abbasov bildirib ki, Binəqədi Rayon Məhkəməsində oğlunun 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını daha da ağırlaşdıraraq, 5 il 6 ay edib:
“Bundan sonra başa düşdük ki, Adəm Məmmədov bizi aldadıb. Zəng eləyirdik, zənglərimizə cavab vermirdi. Ona görə Vəkillər Kollegiyasına şikayət elədik, 5-ci polis bölməsinə ərizə yazdıq. Şikayətlərdən sonra bizi ofisinə çağırdı, xahiş elədi ki, şikayətimizi geri götürək. Pulumuzdan 30 min qaytardı. Söz verdi ki, Ali Məhkəmədə mütləq oğlumun hökmü ləğv olunacaq. O da yalan çıxdı. Ali Məhkəmə qüvvədə saxladı”.
Şirin Abbasov onu da qeyd edib ki, avqust ayında Baş Prokuror Kamran Əliyevin vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub, şikayətini ona çatdırıb. Onun sözlərinə görə, Baş Prokuror onu dinlədikdən sonra bu məsələni nəzarətinə götürdüyünü bildirib.
Şirin Abbasov və həyat yoldaşı Gülbadam Abbasova ötən həftə Vəkillər Kollegiyasında da qəbulda olub. Onlar bildirir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Onları sədr müavini Pərviz Ələkbərov qəbul edib: “Bizə dedi ki, şikayətimizi araşdırırlar. Məsələ İntizam Komissiyasındadır. Bir cavab deyəcəklər. Dördüncü dəfədir gəlirəm”.
Gülbadam Abbasova əlavə edib ki. indi əsas tələbləri qalan 53 min 500 manat pulun geri qayıtmasıdır. Çünki acınacaqlı vəziyyətdə qalıblar.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən də Abbasovların qəbul edildiyini Bizimyol.info xəbər portalına təsdiqləyiblər: “Vətəndaşların şikayəti dinlənilib. Məsələ araşdırılacaq və nəticəsi barədə onlara məlumat veriləcək”.
Şirin Abbasov Xocalı hadisələri ilə bağlı məşhur videokadrlarda qucağında ağlaya-ağlaya uşaq meyitini vertolyota aparan kişidir.