Prokurorluq Fransanın mədəniyyət nazirinin mühakimə olunmasını tələb edib
Fransada prokurorlar mədəniyyət naziri Raşida Datinin korrupsiyaya görə mühakimə olunmasını tələb ediblər. APA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, prokurorluq ölkənin mədəniyyət naziri Raşida Dati və Renault-Nissan alyansının sabiq rəhbəri Karlos Qonu korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir və onlara qarşı cinayət işinin başlanmasını tələb edir. Müstəntiqlərin fikrincə, 2010-2012-ci illərdə Dati Renault-Nissanın hüquq məsləhətçisi və Avropa Parlamentinin üzvü kimi avtomobil alyansının törəmə müəssisəsindən 900 min avro alıb. Eyni zamanda, o, bu pul üçün konkret iş görməyib, ona görə də bu vəsait Avropa Parlamentində lobbiçilik fəaliyyətinin ödənişi hesab oluna bilər. Qo keçən il bu işə görə beynəlxalq axtarışa verilmişdi; o, hazırda Livanda yaşayır. Dati və Qo prokurorların ittihamlarını rədd edirlər.