PUTİNİN CİNAYƏTLƏRİ XÜSUSİ TRİBUNALDA ARAŞDIRILACAQ - Guardian: “Bayden administrasiyası "Nürnberq" ideyasını dəstəkləyir”
ABŞ prezidenti Co Baydenin administrasiyasındakı əsas fiqurlar Rusiyanın Ukraynaya təcavüzündən sonra törədilmiş hərbi cinayətləri və Rusiyanın Ukraynadakı rolunu araşdıracaq xüsusi tribunal yaradılması ideyasını dəstəkləməyə başlayır.
Qafqaz.media xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
Nəşr qeyd edir ki, əvvəlcə ABŞ belə bir fikrə ciddi yanaşmırdı, lakin Ukrayna lideri Vladimir Zelenskinin tribunalın yaradılması üçün əhəmiyyətli səyləri Baydenin ətrafındakı bir çox əsas oyunçuları öz mövqelərinə yenidən baxmağa məcbur edib.
Ukrayna rəhbərliyi hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya rəhbərliyini yox, yalnız konkret hərbi cinayətkarları təqib edə biləcək və bu səbəbdən ayrıca tribunalın yaradılmasına ehtiyac var.
“Guardian” yazır ki, diplomatlar hazırda belə bir tribunalın necə ola biləcəyini müzakirə edir və iki variantı nəzərdən keçirirlər. Birincisi, bu, Ukrayna və BMT-nin birgə yaratdığı məhkəmə olacaq. İkincisi, tribunal BMT-nin dəstəyi ilə Ukrayna tərəfindən Aİ və ya Avropa Şurası ilə birlikdə yaradılacaq.
Qəzetin yazdığına görə, belə bir tribunalın yaradılması ilə bağlı qətnamə layihəsi artıq BMT-yə təqdim olunub.
Tribunalın əleyhdarları hesab edirlər ki, onun meydana çıxması BCM-nin statusunu azaldacaq, həmçinin o, Rusiya rəhbərliyini hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlardan uzaqlaşdıra bilər.
Hazırda tribunalın yaradılması ideyası Fransa, Hollandiya və Baltikyanı ölkələr tərəfindən dəstəklənir. ABŞ və Böyük Britaniyanın bu məsələdə mövqeyi son vaxtlara qədər gizli saxlanılıb.
Ötən həftə Ukraynanın birinci xanımı Olena Zelenskaya Britaniya parlamentinin üzvləri qarşısında çıxış edərək, tribunal yaratmaq ideyasını müdafiə edib.
Qafqaz.media