RUSİYA ORDUSU UKRAYNADA 188 MİN HƏRBÇİSİNİ İTİRİB – ABŞ kəşfiyyatından sensasion iddia

21/01/2023 - 16:52

“Ukraynadakı müharibədə rus qoşunlarının itkilərinin sayı 188 min nəfərə yaxındır”.

Qafqaz.media xəbər verir ki, bu haqda Britaniyanın “The Sun” nəşri ABŞ kəşfiyyat mənbələrinə istinadən yayıb.

Məlumata görə, ABŞ kəşfiyyat xidməti bu rəqəmi Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası zamanı müttəfiqlərə təqdim ediblər. Bundan əlavə, onlar Rusiya Silahlı Qüvvələrinin tammiqyaslı işğalı başlayandan bəri 2000-ə yaxın rus tankını Ukrayna ordusu tərəfindən məhv edildiyi və ya ələ keçirildiyini bildiriblər.

“The Sun” qeyd edib ki, bu rəqəm 2022-ci ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Ben Wallace tərəfindən açıqlanan rəqəmlərdən xeyli çoxdur. Hansı ki, o, Ukraynada ötən fevral ayından bəri öldürülən rus əsgərinin sayının 100 min nəfər olduğunu qeyd etmişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hesablamalarına görə isə, yanvarın 21-nə Rusiyanın itkiləri 120 160 şəxsi heyət və 3 140 tank təşkil edib.

ABŞ ordusunun generalı Mark Milley “The Sun”a şərhində etiraf edib ki, Rusiya ordusu rəsmi rəqəmlərdən dəfələrlə artıq itkilər verib. O, dəqiq rəqəm deməyib, lakin qeyd edib ki, bu, artıq “100 min nəfərdən əhəmiyyətli dərəcədə çoxdur”.

Nəşr onu da əlavə edib ki, müdafiə sektorundakı digər mənbələr Rusiya Silahlı Qüvvələrinin itkilərinin 188 min nəfər olması barədə məlumatları təsdiqləyib.

Qafqaz.media