"Saakaşvilinin vəziyyəti daha da pisləşib" - “Empatiya” Mərkəzindən XÜSUSİ BƏYANAT

16/12/2022 - 23:56

““Vivamed” klinikası Mixail Saakaşviliyə lazımi müalicəni təmin edə bilmir, ona görə də o, təcili olaraq Gürcüstanın penitensiar sistemindən uzaqlaşdırılmalıdır”.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Empatiya” Mərkəzinin xüsusi bəyanatında deyilir.

Mətndə qeyd olunur ki, vəkillərin müraciəti əsasında mərkəz məhkəmə-tibbi ekspertizası keçirib və bu ekspertizaya 17 yerli və beynəlxalq mütəxəssis cəlb edilib. Ekspertizanın rəyi noyabrın 29-da hazırlanıb. Bundan əlavə, Amerikalı toksikoloqun rəyi əlavə olaraq təqdim edilib.

Bununla belə, “Empatiya” nümayəndələrinin sözlərinə görə, klinikada qaldığı 7 ay ərzində Saakaşvilinin səhhəti nəinki yaxşılaşmayıb, hətta daha da pisləşib.

Mərkəzdə deyirlər ki, eks-prezident xəstəxanada olduğu müddətdə “Gürcüstanın xəstənin hüquqları haqqında qanunu”nun, xüsusən də məxfi məlumatların qorunması kobud şəkildə pozulub. Bundan əlavə, Saakaşvilinin palatasından video çəkilişlər yayılıb ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (İşgəncələrin qadağan edilməsi) pozulması hesab olunur və “ləyaqəti alçaldan rəftarın klassik nümunəsidir”.

““Vivamed” klinikası sözügedən pozuntunun qarşısını almadı və bu mövzuda heç bir açıqlama vermədi ki, bu, ən azı "səssiz razılığa" bərabərdir", - “Empatiya” Mərkəzinin açıqlamasında deyilir.

Qafqaz.media