Səhnəmizin Səməndəri

19/05/2024 - 04:57

      Yaşadığımız həyatda qəribəliklər çoxdur. Bəzən elə olur ki, xoş bir təsadüf nəticəsində ortaya çıxan adam gələcəkdə həmin sahə üzrə çox məşhur bir sənətkar olur. Adam var ki, sanki, elə ilk gündən sonradan məşhurlaşacağı, əsl sənətkar kimi tanınacağı sahə üçün doğulur.
       Mənim aləmimdə incəsənət sahəsində öz sözünü demiş, istedadı bacarığı ilə tamaşaçının sevimlisinə çevirilmiş əvəzsiz aktyorumuz Səməndər Rzayev də məhz belə sənətkarlardan idi.
        Onu səhnədən, teatr və  kino aləmindən, ümumiyyətlə incəsənətdən kənarda ayrı təsəvvür etmək çox çətindir. O, incəsənət aləmi üçün doğulmuşdu, elə orda da öz sözünü deməyi, şöhrətə çatmağı, tələbkar tamaşaçıların ürəyində əbədi iz qoymağı bacardı.
         Səməndər Rzayev əyalətdə, səfalı Ağsuda göz açmışdı. 1945 - ci ildə. İli ona görə xüsusi vurğulayıram ki, həmin il çox şey deyir. Dünya müharibəsi hələ qurtarmayıb, amma qələbəyə də çox qalmayıb. Müharibənin yaratdığı acı fəsadları bütün ölkə, nəhəng imperiyanın bütün bölgələri yaşayır. Qələbədən sonra da, bu fəsadları aradan qaldırmağa illər lazım gəlir.
         Yeniyetməlik illəri məhz, belə bir dövrə düşən Səməndər məktəbə gedir.
Hələ ki, digər məktəbli yoldaşlarından heç nə ilə fərqlənmir. Ancaq çox keçməmiş müəllimləri onda incəsənətə xüsusi maraq hiss edirlər. Səməndər Rzayev məktəb dram dərnəyinin ən fəal üzvlərindən biridir. Məktəb tədbirlərində müəllim və şagirdlər qarşısında müxtəlif tamaşalarda çıxışları qarşılanır.
Məktəbli Səməndər bundan çox ruhlanır.
Sehrli səhnə onu aybaay özünə daha çox cəlb edir. Səməndər bunu çox yaxşı bilir, ancaq fikri qətidir.
         Bu arzu, istək onu indiki Mədəniyyət və İncəsənət Univeristetinin teatr və kino aktyorluğu fakültəsinə gətirib çıxarır. İlahi, bu sənət məbədində kimlər var: Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov və daha kimlər- kimlər.
Səməndər Rzayev yatsa da, yuxusuna girməyən bir sənət aləminə düşüb. Deyəsən səhnə üçün alışıb yanan bu oğlanın gələcək günlərinə gün doğub. İndi bu dəryada üzməyi bacarmaq lazımdır.
         Və Səməndər Rzayev bunu bacarır.
Bütün istedadını, sənət yanğısını ortaya qoymaq üçün gecə-gündüz çalışır. Artıq müəllimləri olan korifey sənətkarların da diqqətini də cəlb edib. Deməli, uğurlar çox da uzaqda deyil. Bunu oxuduğu ali məktəbin tədris teatrının səhnəsində oynadığı rollar təsdiqləyir.
           Gənc istedadlara həmişə dəstək olan tanınmış rejissor Tofiq Kazımov artıq sonuncu kurs tələbəsi Səməndər Rzayevi Dövlət Akademik Milli Dram Teatrına truppasına qəbul edir.
          Səməndər Rzayev arzularının zirvəsindədir.
O, aktyordur, milyonlarla tamaşaçı görmüş teatr səhnəsi onun ikinci evidir.
          Gənc aktyorun ulduzu tez parlayır. Milli Dram Teatrın səhnəsində Vilyam Şekspirin məşhur " Hamlet" tamaşasında canlandırdığı Horatsio obrazı ona bu əsrarəngiz aləmdə özünü təsdiqləmək imkanı verir.
           Sonra bir-birinin ardınca gələn rollar onu tamaşaçılara sevdirir, adı müxtəlif tamaşaların afişalarını bəzəyir.
           Və bu yol düz 20 ilə yaxın davam edir.
O, bir aktyor kimi, təkcə teatr səhnəsində deyil, kino - filmlərdə də əzəmətli obrazlar yaradır... " Bəyin oğurlanması",  " Babək" , " Bağ mövsümü", " Ad günü" və daha çox tamaşaçı məhəbbəti qazanmış filmlərdə.
            Məşhur " Evləri köndələn yar" televiziya tamaşasında Səməndər Rzayevin yaratdığı Şakir Şirinoviç obrazı özgə aləmdir. Hələ " Közərən ocaqlar" tamaşasındakı ölüm səhnəsi... tamaşaçı yaddaşında uzun illər yaşayacaq anlardır.
             Səməndəri xalqa sevdirən başqa bir cəhəti də vardı. Yaradan ona sehrli bir səs vermişdi. Bu səs elə ilk andan dinləyicini sehrləyir, öz ovsununa salırdı.
O illərdə Azərbaycan radiosunda böyük sənətkarımız Məhluqə Sadıqova ilə Səməndər Rzayevin səsləndirdikləri məşhur " Bulaq" verilişi ən çox intizarla gözlənilən verilişlərdən idi.
             O səhnə üçün doğulmuşdu. Səhnədə də həyata "əlvida" dedi.
Amma minlərlə tamaşaçı qəlbində həmişə yeri görünəcək Səməndər yanğısı qoyub getdi...
              Səməndər Rzayev teatr və kino sahəsində xidmətlərinə görə " Əməkdar artist" fəxri adına layiq görülmüşdü.
1980-ci ildə Dövlət Mükafatı laureatı adını qazanmışdı.
Nə yaxşı ki, sənətkarın övladları oğlu Rəşid bəy, qızı Rübabə xanım da atalarının yolunu seçmişdilər. Rəşid Səməndər aktyor, Rübabə Səməndər teatrşünasdır.
Səhnəmizin həmişə yeri görünən Səməndəri çox erkən dünyasını dəyişdi. İstedadının daha gur çiçəkləndiyi vaxtda, ömrünün 41-ci fəslində. Ürəyi teatrla, kinolarla, filmlərlə çırpınan, döyünən insan üçün, könlü müxtəlif obrazları, rolları yaratmaq eşqiylə bulaq kimi  qaynayan əsl sənət fədaisi üçün 41 yaş nədir ki...
Yaşasaydı, mədəniyyət tariximizə onun ifasında hələ çox uğurlar yazılacaqdı.
Bu gün isə onun oynadığı teatr tamaşaları, çəkildiyi filmlər, səsləndirdiyi obrazlar bizə təsəlli verir.
Ruhun şad olsun, böyük sənətkar!

P.S. Səməndər Rzayevin qızı Rübabə Səməndər  atasını belə xatırlayır:

... "Atam anamla ailədə mehriban dolanıblar. Atam rəhmətə gedəndə 41 yașı vardı, anamın isə 37. Anam ondan sonra çox əziyyətlər çəkdi, iş yerləri dəyișdi. Sağlığında anam həmişə onun qayğısına qalıb. 0, həmişə atama bahalı bir fransız ətiri alırdı. Atamı həmişə o, qoxu ilə xatırlayıram. Sonralar nə qədər axtardım, həmin ətirdən tapa bilmədim. Evdə atamın papağı və
üzüyü qalmışdı. Atamın papağından da həmin qoxu gəlirdi.
Anam o əşyaları kiməsə bağışladı. Atam həmin üzüyü heç vaxt əlindən çıxarmazdı. Sonralar mən ailə quranda həmin üzükdən
eynisini axtarıb həyat yoldaşım üçün aldım ki, hər dəfə onun
əlinə baxanda atamı xatırlayım... Çünki mən gözümü açanda
o üzüyü atamın barmağında görmüşdüm.
Hərdən fikirləşirəm ki, atamın ağrıları olsa da, əziyyət çəksə də elə bir vaxtda dünyasını dəyişdi ki, sonra xalq olaraq yaşadığımız faciələri görmədi. Mən bilmirəm, o, yaşasaydı, 20 yanvar, Xocalı faciələrinə, torpaqların işğalına necə dözərdi.
Yəqin ki, dözməzdi. Amma, məncə, elə xoşbəxt adam idi ki, o,
sonrakı faciələri görmədən, ən gözəl dövrdə dünyasını dəyişdi.
Telman Adıgözəlov rəhmətə gedəndə mən sanki atamı yenidən itirdim. Eləcə də, atamın digər dostları Hamlet Xanızadə, Nəsir
Sadiqzadə, Səyavuş Aslan, Yașar Nuri, Fuad Poladov dünyadan köçəndə atamı xatırlayırdım. Elə bilirdim ki, onu yenidən
itirirəm. Mənim üçün onlar atamın bir parçası idilər. Onun qoxusunu müəyyən mənada onlardan alırdım. Ona görə də
onlar mənim üçün çox əziz idilər. Atamın dostları sağ olanda elə bilirdim ki, atam da haradasa yaşayır və sağdır. indi onun nəslindən çox az adam qalıb. Amma hərdən fikirləşirəm ki, əgər o biri dünya varsa, yəqin ki, hamısı orda bir yerdədilər..."

P.S.S.       Xalq sənətkarı

          /Əməkdar artist, böyük aktyor Səməndər Rzayevə ithaf edirəm.\

O, xoşbəxt sənətkar, bəxtəvər bəndə,
Yaşayır həm məndə, yaşayır səndə.
Azərbaycan kimi Ana Vətəndə,
Hələ də yaşadır xalq sənətkarı!

Ecazkar səsiylə "Bulaq"da qaldı,
Bir qızı yadigar ocaqda qaldı.
Səsi ürəklərdə, qulaqda qaldı,
Hələ də yaşadır xalq sənətkarı!

41 il yaşadı ömrünü əlbət,
Yaratdıqlarıdı sənətdə zinət.
Millətindən aldı layiqli qiymət,
Hələ də yaşadır xalq sənətkarı!

Hidayət, Qazan xan və Həsənağa,
Rolları bəs edir yada salmağa.
Bizim də borcumuz xatırlamağa,
Hələ də yaşadır xalq sənətkarı!

Yaddaşlarda böyük iz qoyan insan,
Unudula bilməz heç vaxt, heç zaman.
Səməndər dünyadan köçsə də cavan,
Hələ də yaşadır xalq sənətkarı!

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49