“Sülh üçün növbəti şərtlər Ukrayna üçün daha ağır olacaq” – Narışkin Kiyevi hədələdi

17/06/2024 - 15:07

“Kiyev Prezident Vladimir Putinin təqdim etdiyi təklifdən imtina edərsə, Ukrayna üçün sülh sazişinin bağlanması üçün növbəti şərtlər daha mürəkkəb və sərt olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS xəbər agentliyinə müsahibəsində bildirib.

“Sülhün əldə olunması üçün növbəti şərtlər Ukrayna üçün qat-qat çətin və sərt olacaq”, – Narışkin yeni sülh təklifi rədd edilərsə, Ukraynanın başına nə gələcəyi ilə bağlı suala belə cavab verib.

Xatırladaq ki, İsveçrədə Ukrayna üzrə konfrans ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Putin nizamlanma danışıqları üçün Moskvanın 4 şərtini sadalayıb.

Onun fikrincə, Ukrayna ordusunu Donbass və “Novorossiya”dan çıxarmalıdır. Kiyev NATO-ya üzvlük cəhdindən əl çəkməli, Ukrayna nüvə silahı olmayan neytral, bloklara qoşulmayan ölkəyə çevrilməlidir və bundan əlavə, Qərb bütün sanksiyaları ləğv etməlidir.

Kiyev və Qərb ölkələri Putinin elan etdiyi dörd ilkin şərti dərhal rədd edərək qəbuledilməz adlandırıblar.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ