Tanınmış publisistin “Qafqazın poetik abidəsi” kitabı Lermontovun 210 illik yubileyinə dəyərli töhfədir

24/09/2024 - 13:38

Oktyabrın 15-də dünya ədəbiyyatı tarixində ən gənc klassiklərdən birinin-taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi Mixail Lermontovun anadan olmasının 210 ili tamam olacaq. Qısa ömür və yaradıcılıq fəaliyyətində Lermontovun poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər ona dahi yazıçılar sırasına daxil olmaq hüququ verib. Qafqaz.Media xəbər verir ki, bu günlərdə tanınmış publisist-politoloq, Rusiya ədəbiyyatına dair çoxsaylı kitabların müəllifi Reyhan Mirzəzadənin görkəmli rus şairi, nasiri, dramaturqu M.Lermontovun yubileyinə həsr etdiyi “Qafqazın poetik abidəsi” adlı kitabı çapdan çıxıb. Kitabda Lermontovun mübarizə dolu həyatı, xəlqilik prinsipləri ilə zəngin olan yaradıcılığı, Qafqazdakı ömür səhifələri, bu əsrarəngiz yurda, onun xalqlarına həsr etdiyi əsərlər, poeziya nümunələri, Azərbaycan, eləcə də müxtəlif ölkə şairlərinin onun haqqında qələmə aldığı gözəl şeir və poemalar əksini tapıb. Tbilisidə Lermontovun gənc və istedadlı azərbaycanlı dramaturq Mirzə Fətəli Axundzadə ilə görüşü və səmimi söhbətlərini də maraqlı detallarla təqdim edən R.Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabı böyük şairin yubileyinə və geniş oxucu kütləsinə maraqlı faktlarla zəngin olan dəyərli bir töhfədir. Qeyd edək ki, rus cəmiyyətinin mənəvi həyatının ən mühüm tələblərinə cavab verən vətəndaş motivlərinin, fəlsəfi və şəxsi motivlərin uğurla birləşdiyi Lermontov yaradıcılığı rus ədəbiyyatının yeni yüksəlişi olub, XIX və XX əsrlərin görkəmli rus şair və yazıçılarına böyük təsir göstərib. M.Lermontovun əsərləri rəssamlıq, teatr və kinematoqraf sahəsində geniş əks etdirilib, poeziyası opera və romans yaradıcılığı üçün ədəbi sərvət olub, şeirlərinin bir çoxu xalq mahnılarına çevrilib. Məlum olduğu kimi, Rusiyada demokratik ədəbiyyatın başqa növləri kimi, realist rus poeziyası da böyük inkişaf yolu keçib. Puşkin poeziyasının beşiyi olan Qafqaz, sonralar Lermontov poeziyasının da beşiyinə çevrilib. Azərbaycanda da dahi rus şairini sevinclə xatırlayır və çox sevirlər. O, dəfələrlə Qafqazda və Azərbaycanda olub. Bu diyarın xalqlarının həyat tərzi, adət-ənənəsi, zəngin folkloru ilə yaxından tanış olub. Qafqaz ziyalıları, buraya sürgün olunmuş dekabristlərlə görüşlərin Lermontov yaradıcılığı üçün xüsusi əhəmiyyəti olub. Görkəmli şairin ən böyük əsərləri – “İsmayıl bəy”, “Mıtsıri”, “Demon”, “Valerik”, “Zəmanəmizin qəhrəmanı”, “Terekin sovqatı”, “Qaçqın”, “Görüş” və digərləri Qafqaz mövzusu ilə bağlıdır.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49