“Ukraynaya “Patriot”ların təhvil verilməsindən danışmaq hələ tezdir” - NATO-nun baş katibi

02/12/2022 - 00:01

“Almaniyanın Polşaya təklif etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsi ilə bağlı müraciətdən hər hansı nəticə çıxarmaq hələ tezdir”.

Qafqaz.media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı bildirib.

"Almaniyanın Polşanın hava məkanını qorumaq məqsədilə təklif etdiyi üç “Patriot”la bağlı müzakirəni Ukrayna üçün əlavə hava hücumundan müdafiə məsələsindən ayırmaq vacibdir", - Stoltenberq Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında bildirib.

“Biz hamımız Ukraynaya təcili yardımın zəruriliyini qəbul edirik, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə bağlı təkliflə də razıyıq”, - deyən Stoltenberq əlavə edib ki, lakin artıq təhvil verilmiş sistemlərin düzgün işləməsini təmin etmək yenilərinin Ukraynaya ötürülməsi qədər vacibdir: “Başa düşmək lazımdır ki, söhbət təkcə yeni silahların tədarükündən deyil, həm də artıq təhvil verilənlərin işinin təmin edilməsindən gedir”.

Xatırladaq ki, çərşənbə günü Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etməklə bağlı Almaniyayay çağırış edib.

Qafqaz.media