“Vagner” muzdlularının törətdiyi qətllərin videosu milyarddan çox baxış toplayıb – TİKTOK BU VİDEOLARIN PAYLAŞIMINA DƏSTƏK VERİB...

01/12/2022 - 23:39

Çinin “ByteDance” şirkətinə məxsus olan TikTok sosial şəbəkəsi Rusiyanın “Vaqner” muzdlu qrupunu təbliğ edən onlarla video yayımlayıb. Son məlumatlara görə, bu videolar milyarddan çox baxış toplayıb.

Qafqaz.media-nın məlumatına görə, onlayn dezinformasiyanın araşdırılması üzrə ixtisaslaşan və ABŞ-da yerləşən “NewsGuard“ şirkəti iddia edir ki, bəzi videolar keçmiş rus muzdlusunun qətliamını əks etdirir.

“NewsGuard” bildirir ki, platformada prezident Vladimir Putinin yaxın adamı Yevgeni Priqojinin yaratdığı muzdlu qrup tərəfindən zorakılığı nümayiş etdirən və ya təbliğ edən 160 qısa video tapıb. Bu videolardan 14-də keçmiş rus muzdlu Yevgeni Nujinin öldürülməsi ilə bağlı keçən ay yüklənən və bir neçə gün ərzində geniş şəkildə paylaşılan kadrlar var. Qətlin bir videosuna ən azı 900 milyon dəfə baxılıb.

Nujin Rusiyada adam öldürməkdə təqsirli bilinərək həbs cəzasını çəkirdi. O, ukraynalı jurnalistlərə deyib ki, onu “Vaqner”ə məcburən cəlb ediblər, sonra isə Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb. O, əsirlikdə könüllü olaraq tərəfini dəyişdiyini iddia edib və muzdlu dəstəni pisləyib.

Yevgeni Nujin Rusiyaya məhbus mübadiləsi çərçivəsində köçürüldüyü güman edilir. Lakin cəmi bir neçə gün sonra “Vaqner”lə əlaqəli “Telegram” kanalında keçmiş muzdlu əsgərin döyülərək öldürüldüyü əks olunan dəhşətli bir video yayıldı.

“NewsGuard” aşkar edib ki, TikTok alqoritmi istifadəçiləri “Vagner”in zorakı məzmunlu videolarına baxmağa vadar edir.

“NewsGuard” həmçinin TikTok-da 2017-ci ildə Suriya ordusundan qaçan hərbçinin “Vaqner” tərəfindən qətlə yetirildiyi anın görüntülərinin olduğunu da aşkar edib. Bu video da milyonlarla baxış toplayıb.

Təhlilçilər platformada zorakılığı təbliğ edən, o cümlədən videolarda “nasist” adlandırılan ukraynalıları öldürməyə çağırışlar da tapdıqlarını deyirlər.

TikTok sözçüsü “NewsGuard”-ın araşdırmasını şərh edib: "Bizim platformamızda nifrət çağırışı və ya zorakı məzmuna yer yoxdur". Maraqlıdır ki, məhz bu açıqlamanın ardınca cümə axşamı “NewsGuard”-ın aşkar etdiyi videoların çoxu sosial şəbəkədən silinib.

Daha sonra TikTok sosial şəbəkənin qaydalarını pozan istənilən məzmuna qarşı tədbir görəcəyinə söz verib.

Xatırladaq ki, hazırda "Vaqner" muzdluları Ukraynaya qarşı savaşa cəlb olunub. İddialara görə, Putin hakimiyyət onlardan müharibədən qaçan hərbçilərin qarşısının alınmasında da istifadə edir.

Qafqaz.media