Vətənpərvər şair... - Fuad Biləsuvarlı yazır

05/08/2024 - 14:10

Dəmir Gədəbəyli - 85 

   Təhsil aldığım ali məktəbdə mənim müəllimim olmuş şair Dəmir Gədəbəyli yaddaşımda incə ruhlu bir şair, səmimi və son dərəcə xeyirxah bir insan kimi qalıb. Məhz, bu nəcib, sadə insanın ürəyinin böyüklüyü, diqqətli və qayğıkeş olması hesabına aramızda isti bir münasibət yaranmışdı. Əslində aramızda böyük yaş fərqinə baxmayaraq bu, səmimi bir dostluğa çevirilmişdi.
     Dəmir müəllim bizə təkcə dərs demirdi. O, həm də hər bir tələbənin, xüsusilə buna ciddi ehtiyacı olan tələbələrin etibarlı arxası, dostu idi. Bu qayğı və diqqətdən rayonlardan gəlib təhsil alan çox gənclər faydalanmışdı.
      Dəmir müəllimin evinin də, ürəyinin də qapıları hamının üzünə açıq idi.
O, əsl dağlar oğlu idi.
      Dəmir Gədəbəyli bir ziyalı kimi hər şeyə vaxt tapırdı. Bir müddət televiziyada çalışmışdı. Pedaqoji fəaliyyətlə məşğul olurdu. Poeziya isə onun fəaliyyətinin ayrılmaz bir hissəsi idi.
     Dövrünün poeziya həvəskarları Dəmir Gədəbəyli imzasını yaxşı xatırlayırlar.
Dəmir müəllim doğma vətənini, doğulduğu torpağı, onun saf təbiətini, uca dağlarını, baldan şirin suyunu ürəkdən sevən bir şairdi.
      Bu günlərdə bir şairin poeziya haqqında fikirlərinə rast gəldim. O deyirdi ki, " Mənim şeirlərim ətrinə görə heç kəsin şeirləri ilə dəyişik düşməz. Kovşən ətri gəlir şeirlərimdən..."
      Dəmir Gədəbəylinin şeirlərindən də uca dağların, sıx meşələrin, dağ güllərinin, çiçəklərinin ətri gəlir.
      Sevimli müəllimin mənə öz dəsti - xətti ilə bağışladığı " Qeyrət qalası" kitabı kitabxanamın ən dəyərli əsərlərindəndir.
      Həmyerlisi, 21 yaşında Sovet İttifaqı Qəhrəmanı kimi tarixə düşmüş Mehdi Quluyevə həsr olunmuş bu kitab müəllifin necə vətənpərvər bir şair olduğunu ortaya qoyur. Qəhrəmanlar heç zaman unudulmur, onların şöhrəti solmur, zaman-zaman xatırlanır.
     Kitabın ön sözündə müəllif qəhrəman Mehdi Quliyevi oxucularına belə təqdim edir: " Mənim qəhrəman dağlarımın qəhrəman oğlu..."
     Mən də böyük cəsarətlə  bu sözləri Dəmir müəllimə ünvanlayıram. O da qəhrəman elimin, qəhrəman dağların, əzəmətli oğludur. İndi özünü ziyalı adlandıranlar çoxdur. Dəmir Gədəbəyli isə ziyalı sözünün zirvəsində dayanan Vətən oğlu, xalqının şairi idi.
     İncə ruhlu şairin yaşadığı ömür payında əlliyə yaxın çox şeir kitabları işıq üzü görmüşdü. Tədqiqatçı alim kimi də tanınırdı. Filologiya elmləri doktoru elmi titulu daşıyırdı. Yüzlərlə şeirlərinə mahnılar bəstələnmişdi. Dünyanın bir sıra xalqlarının dillərinə tərcümə olunmuşdu.

Nə zamandı ürəyimdə
Bir dastan var... nəğmələnir...
O dastana, o nəğməyə,
Ulu haqdan nur ələnir...

O qəhrəman bir insanın,
Uca, olan həyatıdır.
Yarı ağı, yarı layla,
Yarı həzin bayatıdır!

  Şairin ön sözdə oxuculara təqdim etdiyi bu misraları " Qartal qalası" kitabında toplanmış şeirlərin məncə, leytmotivi hesab etmək olar.
   Qəhrəmanın hünərini, igidliyini şövqlə vəsf edən müəllif onun dilindən yazır:

- Qarğalara tapşırmadım,
  Tərlanların oylağını.
   Mən qeyrətlə gəzdirmişəm,
    Dədələrin papağını.

Şair qəhrəman Mehdinin Böyük Vətən müharibəsində necə qəhrəmanlıqla döyüşdüyünü, düşmənləri "dabanına tüpürüb qaçmağa" vadar etdiyini, şanlı qələbədən sonra Vətənə qayıdışını təsirli misralarla təsvir edir.

- Mehdi kimi igidi,
Halal olsun doğana.
Gözün aydın, a dağlar,
Gözün aydın, ay ana!

  Elin igid oğlunun doğulduğu Ərkina kəndinə zəfərlə dönüşü də çox təsirlidir.

- Mehdi ağ at üstə gələndə kəndə,
Kartof qazılırdı, payız günüydü.
Dağların qoynuna qəhrəman gəlir,
Anam Gədəbəyin toy-düyünüydü.

Həyat yaxşı adamlardan xali deyil.
Ancaq çox təəssüflər ki, həyatda başqa yol tutanlar da var. Həmişə kiməsə pislik etməyə can atan, ətrafdakıların uğuruna sevinməyən belə insanlarla hamımız qarşılaşmışıq. Şairin belə "adamcıqlara" da məsləhəti var.

Gündə bir namərdlə gəlsən baş-başa,
Ey Dəmir dünyada kişitək yaşa.
Hər kim xain çıxsa dosta - sirdaşa,
Torpaqda ilan tək sürünər gedər.

Və yaxud.

- Gəl Dəmirin sözünə bax,
   Bizim elli a balqabaq.
   Kaş neçə il bundan qabaq,
   Aparaydı sellər səni!

Kitabda " Qəhrəmanı xatırlayarkən..." bölməsində toplanmış rəylər, fikirlər qəhrəman Mehdinin obrazını gözlərimiz önündə canlandırır, qürurumuzu daha da artırır. Onlardan bir nümunə.
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, qəhrəman, Mehdinin yaxın dostu Qoşqar Əhmədov: Dağları, doğulduğu torpağı Mehdi Quliyev kimi sevmək, Mehdi kimi ucalmaq, ona Mehdi kimi şan-şöhrət gətirmək hünər istəyir, kişilik istəyir..."
     İstedadlı şairin bu toplunun " Anama şeirlər" bölməsində verilmiş şeirlərinin təsirindən hələm-hələm qurtarmaq olmur.
Dünyanın ən gözəl varlığı haqqında əslində bir himndir bu şeirlər. Və Dəmir müəllim də doğma ana məhəbbətini bu şeirlərində ustalıqla ifadə edib.

- Ağrılı günlərim öndəymiş, Allah,
Kədər sinəm üstə cığır salarmış.
Atasız yetimlik, bilinmir, vallah,
Övlad anasından yetim qalarmış!

  Yaxşı adamların həyatı tez tərk etməsi həmişə ağır olur. Dəmir Gədəbəyli kimi bir şairin, alimin, vətənpərvər insanın itgisi də onun dost-tanışları, qohumları, tələbələri üçün ölçüyəgəlməz dərəcədə ağrılıdır. Və nə yaxşı ki, 80 illik bir ömür yaşamış Dəmir müəllim neçə-neçə ürəkdə saysız-hesabsız insanların ürəyində xoş xatirələr qoyub gedib. Yadigar qalan kitabları tez-tez vərəqlənir, oxunur, sevilir.
Unudulmaz insan, sevimli şair kimi Dəmir Gədəbəylinin əziz və unudulmaz xatirəsi onu tanıyan insanların həmişə qəlbindədir. Ruhu şad olsun!..

Laylay Dəmir babam, laylay

Sözlərinə söz ətrini gül bağından aldı şair!
Bu dünyanın həzzini də torpağından aldı şair!
Boy-buxunu, əzəməti şah dağından aldı şair!
Laylay Dəmir babam, laylay.

Özün də bir günəş idin şeirə, sözə nur saçırdın,
Haqq aşiqi olduğundan haqsızlıqdan söz açırdın.
Halal adam doğman idi, haramlardan sən qaçırdın,
Laylay Dəmir babam,laylay.

Sən Rüxsarə anamızı yaşatmağa ürək idin,
Xalqın üçün bütləşmişdin, göy üzündə mələk idin.
Mənim kimi arxasıza bir ağsaqqal, kürək idin,
Laylay Dəmir babam, laylay.

O Rüxsarə gül anamız çox sevdiyin yarın idi,
Sənlə nəfəs alırdı o şan-şöhrətin, varın idi.
İlahinin lütfü olan, vəfalı dildarın idi,
Laylay Dəmir babam, laylay.

Hər sözümdə, söhbətimdə yaşayacaq adın sənin,
Xatırlayar hər bir zaman nəslin, kökün, zatın səni.
Heç bir zaman unutmaz ki, doğmaların, yadın səni,
Laylay Dəmir babam, layla.

Sözlərini çəkəmməzdi dəryalarda qayıq, gəmi,
Olmayacaq sənin kimi ruhlandıran bir də məni.
Daha artıq qovuşmusan yanındadı Polad əmi,
Laylay Dəmir babam, laylay.

Hələ sağkən cənnətini qazanmışdın hörmətinlə,
Dünyaları dolaşırdın şeir, nəğmə ziynətinlə.
Fəxr edirdin hər bir zaman yurd-yuvanla, millətinlə,
Laylay Dəmir babam,laylay.

Yeznən Haki məsləhətə day yanına gəlməyəcək,
Eh, yalandan yaşasaq da heç üzümüz gülməyəcək.
Sənsiz bizim xoş günümüz daha gözəl gəlməyəcək,
Laylay Dəmir babam, laylay.

Türkel qardaş sonbeşiyin qoymaz sönə ocağını,
Aysel bacım sözlərinlə bəzəyəcək otağını.
Selin, Deha dədə deyib istəyəcək qucağını,
Laylay Dəmir babam, laylay.

Şair Fuad ustadını hər bir zaman yad edəcək,
Məzarına gül aparıb, qəbri üstə su səpəcək.
Gədəbəyli Dəmir haqda gənclər üçün öyrədəcək,
Laylay Dəmir babam, laylay.

Müəllif: Fuad Biləsuvarlı

Dəmiri də torpaq özünə qatdı

Sabiri bişirdi sabunun satdı,
Hadini ayaqlar altına atdı.
Dəmiri də torpaq özünə qatdı,
Lazımsız dünyasan, dünya, a dünya.

Dolana bilmirəm heç sözümlə də,
Yola da getmirəm mən özümlə də.
Çox da yaşamaram bu dözümlə də,
Lazımsız dünyasan, dünya, a dünya.

Yaxşının üstünə cumdurdun iti,
Düzü anlamadın heç zaman qəti.
Yerində deyiblər lap sənə gidi,
Lazımsız dünyasan, dünya, a dünya.

Vəzifə başında oturub səmə,
Bizi urcah etdin ağıldan kəmə.
Dərdimi bilmirəm, söyləyim kimə,
Lazımsız dünyasan, dünya, a dünya.

Yazıq tanımırsan, fağır bilmirsən,
Ağlayan bir gözün yaşın silmirsən.
Sən özün görəsən niyə ölmürsən?
Lazımsız dünyasan, dünya, a dünya.

Deyərdim şeytandan heç bir fərqin yox,
Bəzi adamlartək qəddar oldun of...
Yaxşını yıxırsan gücləşmisən çox,
Lazımsız dünyasan, dünya, a dünya.

Müəllif: Fuad Biləsuvarlı

    
ƏZİZ TƏLƏBƏM...

Fuad Biləsuvarlı üçün.

Mənim şair oğlum, əziz tələbəm,
Allahım qorusun, yamandan səni!
Sevdalı ürəyi, təmiz tələbəm,
Qorusun, xəbisdən, şeytandan səni!

Qələm çal, qoy şerin coşub, çağlasın,
Ağır ellərinlə, ülfət bağlasın,
Dostların sevinsin, düşmən ağlasın,
Qananlar qorusun, nadandan səni!

Bilirəm ağırdı, ata itirmək,
Bükmə kəl boynunu bənövşələr tək!
Vətən eşqi ilə çırpınsa ürək,
Bu xalq alqışlayar hər yandan səni!

Dəmir Gədəbəyli.

Yoxdu – yoxdu...

Bu gün ad günündü nəğməkar şair,
Qəm yemə yanında yar yoxdu-yoxdu!
Neynək alnımıza belə yazılıb,
Sözdü sərvətimiz, var yoxdu, yoxdu!

Niyə könül verdin o gözəl qıza,
Sevdasız, duyğusuz, daş qəlbli buza.
Yaşayırıq biz uduza- uduza,
Kim deyər gül üstə xar yoxdu, yoxdu?!

Dəmirləri əzən, didən dünyadı,
Belə gəlib, belə gedən dünyadı!
Şairləri zəlil edən dünyadı,
Əzəldən zalımdı, ar yoxdu, yoxdu!!!!!

Dəmir Gədəbəyli.

ŞAİRLİYİN SİRRİ ...

Hörmətli tələbəm Fuad
Biləsuvarlı üçün.

İlhamını çox zorlama,
İlham gələndə yaz, yarat!
Lovğalıqdan baş gicələr,
Lovğalığın daşını at!

Bir də şöhrət azarından,
Çalış bir az uzaq dolan!
Gec tez alır qiymətini,
Həqiqətən şair olan!

Şairlər ovçu kimidir,
Ova çıxır söz dalınca.
Ovlanmış söz sənin deyil,
Sən ha yüyür yüz dalınca!

Uydurma söz üz qızardar,
Gözün ilə gördüyün yaz!
Həqiqətdən uzaq qaçsan,
Sözlərində kəsər olmaz!

Düz söz Allah qılıncıdır,
Haqdan dönmə, canım, gözüm!
Şairliyin sirri çoxdu,
Dözüm istər, Dəmir dözüm!

Dəmir Gədəbəyli

Ağlamaq, sızlamaq sevmir gözəllər,
Könül dağlayanı dağla sən Fuad!
Sevib sevilmişik biz də əzəllər,
Acizi kim sevər, ağlasan Fuad?

Çalış məğrur yaşa, ölümü öldür,
Bir qara gözlünün qəlbini güldür,
Toyunu gözlürəm mən neçə ildir,
Kövrək nəğmələrlə çağlayan Fuad!

Dəmir Gədəbəyli

Tələbənin əziz müəlliminə şeirlə sualı.

Nə günə qaldı?

Biz xeyir görmədik, şər gördük ancaq,
Cəhənnəm yaşadıq, gor gördük ancaq,
Yandı ürəyimiz, qor gördük ancaq,
Bu dünya, bu cahan nə günə qaldı!

Əydilər belini, bükdülər onu...
Qırdılar, yıxdılar, sökdülər onu...
Neçə yol biçdilər, əkdilər onu...
Bu dünya, bu cahan nə günə qaldı!

Yığdılar dövrəyə ilan-ilbizi!
Kimsə seçəmmədi əyridən düzü.
Köməyə yetişə yaradan özü!
Bu dünya, bu cahan nə günə qaldı!
Nə günə qaldı!

Müəllif: Fuad Biləsuvarlı

Ustadın əziz tələbəsinə şeirlə cavabı.

DÜNYA BELƏ DÜNYADI ...

Şair Fuad Biləsuvarlı üçün.

Dünya yaranandan, belə dünyadı,
Qucağında ac, quduzlar çoxalıb!
Nə soyu bəllidi, nə təmiz adı,
Yer üzündə dələduzlar çoxalıb.

Allahın işinə heyranam, düzü,
Özüdür yaradan, güclü, gücsüzü,
Haqq yerdə sürünür, qan verir dizi,
Kütbeyinlər, ağlı azlar, çoxalıb!

Sel kimi kükrəyən, yel kimi əsən,
Baxtından inciyən, qismətdən küsən,
Doğma anasının əmcəyin kəsən,
Daş vicdanlar, qəlbi buzlar, çoxalıb!

Sənətdə qaynayır, örtülü qazan,
Bir deyil, beş deyil, yolunu azan,
Kərkinə - kərkinə şeirlər yazan,
Dəyərsizlər, həm ucuzlar çoxalıb...

Dəmir yanmağında, dünya gedişdə,
Adiləşib, şər, böhtan da, söyüş də,
Yaşam adlı, bu qaydasız döyüşdə,
Onluq marıtlayan, tuzlar çoxalıb!

Müəllif: Dəmir Gədəbəyli

Dahi Demir Gedebeyli babamın möhtəşəm şeirlərindən.

Bilmişəm

Mən səni ömrüm boyu eşqimdə sultan bilmişəm,
Canımı alsan belə canıma canan bilmişəm.

Dözmüşəm sevgim üçün hər ədana, hər nazına,
Günahım yoxdu gülüm insanam, insan bilmişəm.

Çalışıb ömrüm boyu itirmişəm dincliyimi,
Olmuşam bal arısı səni bala şan bilmişəm.

Neyləyim içirmisən mənə eşqin badəsini,
Onun hər damlasını dərdimə dərman bilmişəm.

Dəmir istəməz, gülüm, bircə nəfəs sənsizliyi,
Bil, sənli günlərimi təxti Süleyman bilmişəm.

Bu sevdada

Bu sevdanın əvvəli var, sonu yox,
Bu sevdada qəlbim acdı, gözüm tox,
Bu sevdanın müştərisi yaman çox,
Allah bizi yalan sözdən saxlasın.

Bizi görüb özün oda yaxan var,
Dərdə düşüb dünyasını yıxan var.
Arxamızca gizli-gizli baxan var,
Allah bizi yaman gözdən saxlasın.

Bu sevdada hər əzaba hazıram,
Nə eşqimdən, nə yolumdan azaram,
Bu sevdada yalan nə var pozaram,
Allah bizi dələduzdan saxlasın.

BİR GÜN AĞLA

İki gözündən olsan da,
Ağla, ellər üçün ağla.
Sinəndən yara alsan da,
Ellərinə bir gün ağla.

Sən özünə olsan əmin,
Taparsan hər işin çəmin.
El dərdinin, el qəminin,
Çarəsini düşün ağla.

Dəmir az-çox dünya görüb,
Zəhmətindən barmı dərib?
Sən fürsəti bada verib,
İstər otur yüzgün ağla.

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media

UC1jzxw9_FrXdHv8ny2V7UvQ

İ

 

 

 

i”

 

 

 

 

 

 

 

 

İ

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04