Xodorkovski: Saakaşvilini həbsdə saxlamaq ayıbdır

26/12/2022 - 18:42

Qafqaz.media xəbər verir ki, Rusiyalı müxalif siyasətçi, iş adamı Mixail Xodorkovski Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə dəstək verib.

“Saakaşvilinin fanatı deyiləm, amma indi o, siyasi məhbusdur və mən onun tərəfindəyəm. Uşaqlıqdan Gürcüstan sakinlərini Stalin və Beriya kimi deyil, çox mehriban insanlar kimi qəbul etdiyimi xatırlayıram. Mixaili həbsdə saxlamaq sadəcə ayıbdır”, - Xodorkovski sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Saakaşvili rusiyalı hüquqşünas və Youtube-un aparıcısı Mark Feyqinə məktub yazaraq, Putinin onun həbsxanada öldürülməsini əmr etdiyini iddia edib. Feyqin də öz növbəsində Saakaşvilini xilas etmək planının olduğunu deyir.

2008-ci ildə Mixail Xodorkovski rus qoşunlarının Gürcüstana daxil olmasını və Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını dəstəkləyib. Xodorkovski həbsdə olarkən bəyan edib ki, “Saakaşvili Qərbin dəstəyinə arxalanaraq, ABŞ-ın qərarı olmadan hərbi əməliyyat keçirmək qərarına gəlib və bu avantürada onların köməyinə müraciət etmək şansını yüksək qiymətləndirib”.

Qafqaz.media