ABŞ “Vaqneri” terror təşkilatı kimi tanıya bilər – QANUN LAYİHƏSİ HAZIRLANDI

02/12/2022 - 11:03

Dünən, dekabrın 1-də ABŞ senatorları Ukraynadakı müharibədə iştirakına və Afrikadakı qanunsuz fəaliyyətinə görə Rusiyaya məxsus “Vaqner” qrupunun terror təşkilatı tanınması ilə bağlı qanun layihəsi təqdim ediblər.

Qafqaz.media xəbər verir ki, lakin yekun qərar hələ qəbul edilməyib.

Senatorların təklif etdiyi qanun layihəsində “Vaqner” və ya onun varislərinə bağlı olan istənilən strukturun xarici terror təşkilatı elan edilməsi təklif olunur.

Qeyd edək ki, sözügedn qanun qəbul edilərsə, bu, ABŞ-a onun üzvlərini mühakimə etmək və bütün dünyada beynəlxalq aktivlərinə nəzarət etmək hüququ verir.

“Vaqner”-in təsisçisi Yevgeni Priqojin hesab edir ki, rəhbərlik etdiyi təşkilat terror fəaliyyəti ilə məşğul deyil. “Bir təşkilatın terror təşkilatı kimi təsnif edilməsi meyarlarına (ABŞ qaydalarına əsasən) gəlincə, terrorçunun kim olduğunu ətraflı təsvir edən üç bənd və doqquz alt bənd var. "Vaqner" bu meyarların heç birinə düşmür”, - deyə Priqojin Rusiya mətbuatına bildirib.

İş adamı hesab edir ki, “Vaqner” “bütün əxlaq normalarına riayət etməklə Rusiyanın maraqlarını müqəddəs şəkildə qoruyur".

Qafqaz.media