Allahım, atam üçün sənə çox minnətdaram... - İradə İsak yazır
Allahım, atam üçün sənə çox minnətdaram.
Mənə kitabı verdi, önümə şahmatı qoydu, heç bir şeyin basqısını etmədi. Ayaqqabısını təmizlətmədi, ayağını, corabını yudurmadı, paltarını ütülətmədi. "Hanı mənim yeməyim?" deyə bağırmadı. Anamın halı olmayanda yeməyini özü bişirdi, qabını özü yudu, çayını özü süzdü. Hər axşam uşaqları gəzintiyə aparmağı da anamın boynuna qoymadı. Özü gəzdirdi bizi. Yolboyu sonsuz suallarımıza çox səbrlə cavab verdi. Riyaziyyatı bizə sevdirməyə çox çalışdı. Rəsm çəkməyi, şeiri bəlağətli oxumağı və deməyi öyrətdi. Ən keyfiyyətli musiqilər dinlətdi bizə. Anamın nə geyiminə qarışdı, nə harasa getməyinə. Anam bizi sərbəstcə götürüb rayona, ya harasa apara bilərdi. Deməzdi, icazə al, deyərdi, xəbər elə, get, ürəyin nə qədər istəyir, qal. Qardaşın, bacın gəlməsin, olmadı. Qızım onu, bunu geyinməsin, maşın sürməsin, mən deyən peşəni seçsin, olmadı. TV-də işləməsin, olmadı. İncidirlər, o evdə qalsın, olmadı. Bir şeyi öyrətdi, heç kimdən qorxma, həmişə haqqını tələb et. Heç vaxt yaltaq olma, əl uzadanın əlini mütləq tut. Daim oxu, öyrən. Kor-koranə heç nəyə inanma, Allahı belə ürəyindən soruş. Vicdanlı ol. Həmişə qapı kimi arxamda durdu. Bu halında belə...Bu qədər sərbəstlik içində anam da, mən də yerimizi də, geyimimizi də, abrımızı da bildik. Çünki evdə demokratik mühit vardı. Halbuki, demokratiyadan qorxarlar. Sıxdıqca itirirsən, əslində. Nə qədər ipi bərk dartsan, o qədər tez qırılar. Hər şey belədir. Nə qədər çox basqı varsa, əskik o qədər çox olar. Çünki ruh azaddır. Doğru təlim almasa, çaşar yolunu, başqa səmtlərdə itirər özünü. Bir dəfə Aşuranı soruşdum atamdan. Həzrət Əlinin tək adını duyanda gözü dolan adam, sən elmdən bərk yapış, qızım. Əli elmin yanında idi, dedi. Vəssalam! O gün, bu gün hər Aşura olanda yadıma bu düşür. Əli elmin yanında idi, qızım!
İradə İsak
Qafqaz.Media