Azərbaycan xalqı, Prezident və Ordu Xocalıya ədaləti özü bərpa etdi - TƏHLİL

24/02/2024 - 11:01

Xocalı soyqırımı Qarabağ müharibəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalı şəhərində 1275 nəfəri əsir və girov götürərək işgəncələrə məruz qoyub, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 613 nəfəri, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüb.

Bir gecədə törədilən bu cinayətin miqyası və amansızlığı onu beynəlxalq hüquqa əsasən soyqırımı kimi təsnif etməyə, hadisənin təşkilatçılarını və icraçılarını insanlıq əleyhinə cinayət törətdikləri üçün beynəlxalq tribunal qarşısına çıxarmağa tam hüquqi-mənəvi əsas verirdi.

    Ətraflı



    Ad - 00:13

    Azərbaycan dövləti də Xocalı faciəsinin günahkarlarının cəzasız qalmaması üçün bu illər ərzində müxtəlif səviyyələrdə və platformalarda səylər göstərir.

    1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etməsi ilə Azərbaycan faciəyə hüquqi qiymət verilməsi üçün mübarizəyə başladı.

    Soyqırımının tanınması üçün BMT-yə, dünya birliyinə müraciət olundu. Diplomatik səylərlə yanaşı, ötən illər ərzində Xocalı faciəsi ilə bağlı istintaq tədbirləri də davam etdirildi. 30 mindən artıq şəxsi şahid qismində dindirdi, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirildi və Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpola göndərildi.

    Fəaliyyət dairəsi yalnız Xocalı cəlladlarının axtarışa verilməsi ilə yekunlaşmadı. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciənin dünya miqyasında işıqlandırılmasına, erməni terrorizmi barədə daha çox insanın məlumatlanmasına vəsilə oldu.

    Azərbaycan dövlətinin apardığı siyasətin və “Xocalıya ədalət” kampaniyasının beynəlxalq miqyasda doğurduğu rezonans sayəsində bu günə qədər 16 dövlət tərəfindən Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib. Həmçinin ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanıyıb. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalıda baş verən qətliamı soyqırımı kimi tanıdığı barədə qətnamə qəbul edib.

    Lakin faciənin törədilməsindən ötən 32 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar, insan haqları məsələsində ən cüzi faktlara həssaslıq nümayiş etdirən qurumlar bu dəhşətli cinayətə hüquqi-siyasi qiymətin verilməsinə laqeydlik nümayiş etdirir.

    Bu azmış kimi, Azərbaycan dövlətinin də cinayətin təşkilatçılarının tapılıb cəzalandırılması, məsuliyyətə cəlb olunması ilə bağlı çabalarına əngəl olmağa çalışırlar.

    İnterpol beynəlxalq orqan olaraq faciənin təşkilatçısı və icraçılarından heç birini ötən 32 il ərzində həbs edib, Azərbaycana təhvil verməyib. Halbuki onların adı hər kəsə bəllidir. Halbuki Ermənistanın siyasi rəhbərliyində ən yüksək postlara, o cümlədən Prezident və nazir kürsülərinə yiyələnmiş Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin Xocalı soyqırımının planlaşdırılmasında və icrasında aktiv rol oynadığı məlumdur. Halbuki Serj Sarkisyan özü Xocalıda mülki əhalini qətlə yetirdiklərini Tomas de Vaalın yazdığı “Qara bağ” kitabı üçün verdiyi müsahibəsində “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu” sözləri ilə etiraf edib.

    Xocalı işğaldan azad olunandan sonra orada aşkar edilən kütləvi məzarlıqlar bu faşistlərin cinayətlərinin ən bariz sübutudur. Lakin ortada olan bu faktlar beynəlxalq hüququn və insanlığın vicdanını oyatmaq üçün hələ ki yetərli olmayıb.

    Beynəlxalq birliyin bu haqsızlığını, Xocalı soyqırımına hüquqi qiymətin verilməməsini Prezident İlham Əliyev 2021-ci ilin 14 avqustunda “CNN Türk” televiziya kanalına müsahibəsində dilə gətirmişdi.

    “Sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik”, - deyə bəyan etmişdi dövlət başçısı.

    Torpaqlarımızın işğaldan azad edilməsi üçün beynəlxalq hüququn işləməməsi, BMT qətnamələrinin, Avropa institutlarının sənədlərinin icra edilməməsi, nəhayət, Azərbaycan dövlətini, onun rəhbərini qətiyyətli addım atmağa, tarixi ədaləti özünün bərpa etməsinə sövq elədi. 44 günlük müharibə və 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı ilə Azərbaycan torpaqlarını işğalçılardan təmizlədi.

    Azərbaycan dövləti və onun rəhbəri Prezident İlham Əliyev bununla məhz Xocalı soyqırımı ilə bağlı tarixi ədaləti də bərpa etdi.

    44 günlük Vətən müharibəsi zamanı Xocalının bir neçə kəndinin düşməndən azad edilməsi ilə başlayan bu salnamə 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olunması ilə yekunlaşdı.

    Əməliyyatlar zamanı bir çox Xocalı qatili məhv edildi, bir qismi isə tutularaq məsuliyyətə cəlb olundu.

    Törətdikləri qətliama görə Xocalı qatilləri Vaqif Xaçatryan, Raşid Beqlaryan və Mədət Babayan 31 il sonra ədalət məhkəməsi qarşısında dayandılar.

    Qarabağ separatçılarının liderləri, Xocalı soyqırımının əsas memarları Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan məsuliyyətdən yayındıqlarını düşünsələr də, onların da bu insanlıq cinayətlərinə görə cavab verəcəyi gün uzaqda deyil.

    Uzun illər “Xocalıya ədalətə” gözünü və qulağını qapadanlar Azərbaycan əsgərinin Xocalıdakı ayaq səslərindən bunu duymalı oldular. Azərbaycan xalqı, Prezident, Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Ordusu Xocalının qisasını aldı, Xocalıya ədaləti bərpa etdi.

    Azərbaycan Ordusunun 2020-2023-cü illərdə apardığı əməliyyatlar zamanı bir çox Xocalı cəlladı məhv edildi, ədalət öz yerini tapdı. Ən əsası, Xocalı şəhəri azad edilərək 31 illik işğaldan sonra yenidən Azərbaycana qovuşdu.

    Bu uğur, Xocalı cəlladlarının cəzalanması, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun və Azərbaycan Xalqının birgə qələbəsi və ədalətin təntənəsidir.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ