“Azərbaycanda antinarkotizm tədbirləri görülməlidir” – TANINMIŞ PROFESSOR

03/02/2024 - 21:38

Qulu Məhərrəmli: “Təəssüf ki, bəzən cəmiyyətlərdə narkotik ticarətinin qarşısını almalı olmalı təşkilatlar onun yayılmasına şərait yaradır”

“Maarifçilik effekt verməyəndə cəza tədbirləri sərtləşdirilməlidir”

“Son illər ölkəmizdə güclü antinarkotik kampaniyasının aparılmasına rast gəlməmişəm”

Son illər Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə gedir. Təbii ki, bu da səbəbsiz deyil. Ona görə ki, 44 günlük müharibədən sonra Azərbaycana qarşı bu dəfə də “narkotik savaşı” açan xarici qüvvələr gənclərimizi bu bəlaya düçar etməklə, ölkəmizin gələcəyini məhvə aparmağa çalışırlar. Etiraf etməliyik ki, buna qismən də nail olmağı bacarıblar. Çünki, ölkəmizdə, xüsusən də yeniyetmə və gənclər arasında narkomaniyanın sürətlə yayıldığı kimsəyə sirr deyil. Bəs, biz cəmiyyət olaraq bu problemin qarşısını necə ala bilərik? Bu və digər suallara "Əməkdar jurnalist", Filologiya elmləri doktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, professor Qulu Məhərrəmli ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Qulu müəllim, sirr deyil ki, Azərbaycanda narkomaniyanın yayılması hər bir vətəndaş kimi, dövlət rəhbərliyini də ciddi narahat edir. Bu səbəbdən, son 2 il ərzində narkomaniyaya qarşı mübarizənin genişlənməsi heç də təsadüf sayıla bilməz. Sizcə, yeniyetmə və gənclərimizi narkomaniyadan necə qoruya bilərik?

- Ümumiyyətlə, narkomaniya bütün dünyada ciddi, sosial, ictimai bəla sayılır. Bütün cəmiyyətdə millətin gələcəyini, cəmiyyəti qorumaq üçün narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Bu mübarizə həmişə də effektli olmur. Çünki bir tərəfdə narkomaniya, narkobaronlar, narkotik məhsulları yetişdirən, dünyaya yayan böyük biznes strukturları durur, o biri yanda da cəmiyyət, yeniyetmələr və onların taleyi. Bax, bunların üz-üzə dayanmağı heç də həmişə ikincilərin xeyrinə olmur. Çünki biznes sistemi çox güclü işləyir, əlaqələr böyükdür, gizli yollarla yayılır. Təəssüf ki, bəzən cəmiyyətlərdə bunun qarşısını almalı olmalı təşkilatlar onun yayılması üçün də şərait yaradır. Çünki onlar da həmin sistemə qulluq etmiş olur, həmin qurumdan qazanc götürürlər. Bununla da narkomaniyanın geniş yayılması üçün şərait yaradırlar.

Konkret olaraq bunun qarşısını necə almaq olar?  Yəni bunun sınanmış yolları var. Birincisi, antinarkotizm tədbirləri görülməlidir. Yəni yeniyetmələr onun ziyanları, mənəvi, fizoloji, psixoloji təsirləri barədə maarifləndirilməlidir. İkincisi, bu sahəyə cavabdeh olan hüquq mühafizə orqanları, təbii ki, birinci növbədə polis bununla məşğul olmalıdır. Üçüncüsü, ailə, ictimai təşkilatlar bu sahəni diqqət mərkəzində saxlamalıdır və çox ayıq olmalıdırlar ki, yeniyetmələr bu işə qurşanmasınlar. Yəni mexanizm o cür qurulmalıdır ki, cəmiyyəti narkomaniyadan qoruya bilsinlər.

- Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə günbəgün genişləndirilsə də, cəmiyyətimizi bu bəladan xilas etmək mümkün olmur. Sizcə, maarifçiliyin genişləndirilməsi, yoxsa cəzaların sərtləşdirilməsi daha məqbul variantdır?

- Əlbəttə, təəssüf ki, bayaqkı sualınızda da dedim, mübarizə üsulları effektli olmayanda narkotik tacirləri təsirli vasitələrdən istifadə edib o narkotik vasitələri yaymağa nail olanda çox ciddi problemlər ortaya çıxır. Şübhəsiz, bunun üçün maarifçiliyin genişləndirilməsi çox önəmlidir. İkincisi, bəzən maarifçilik effekt verməyəndə cəza tədbirləri sərtləşdirilməlidir. Bu da reallıqdır. Amma cəzaların sərtləşdirilməsi həmişə mümkün olmur. Maarifçilik müəyyən effekt verir, müəyyən ictimai qurumlar bu işlə məşğul olur, təcrübəli, dünya görüşü olan, nüfuzu olan müəyyən insanlar o ictimai hərakatın önündə olur, deməli, narkomaniyaya qarşı mübarizə aparılması üçün kampaniyalar keçirirlər və s. Bunların effekti olur. Qaydaların sərtləşdirilməsi nə verir ki?! Yəni, tutaq ki, biri 5 il yox, 10 il cəza alanda orda heç nə dəyişmir. Sadəcə olaraq, o sahədə maarifçilik işi yox, təbliğat işi gücləndirilməlidir. Televiziyada, qəzetlərdə, xüsusən saytlarda və sosial şəbəkələrdə müxtəlif kampaniyalar aparmaq olar. Cəmiyyətin diqqətini buna cəlb eləmək olar ki, biz bu cəmiyyətin gələcəyini qorumaq istəyiriksə, gənclərimizi qorumalıyıq, onlara qayğı, diqqət göstərməliyik ki, bunlar nəticə versin.

- Narkomaniyanın zərərləri ilə bağlı yeniyetmə və gənclər arasında aparılan təbliğat işlərində tanınmış insanların, xüsusilə müğənnilərin, aktyorların, jurnalistlərin, digər sənət adamlarının cəmiyyətdəki nüfuzundan faydalanmaq mümkündür?

-  Əlbəttə. Antinarkotizmlə bağlı kampaniya aparanda tanınmış, nüfuzu olan adamlar burda müsbət rol oynaya bilir. Cəmiyyətdə nüfuz qazanmış, söz sahibi olan insanlar, təbii ki, şou-biznes adamlarından söhbət getmir, ciddi ictimai nüfuzu olan adamlardan söhbət gedir, bunların həmin sistemdə, narkomaniya əleyhinə tədbirlərdə fəal iştirak etməsi müəyyən nəticə verə bilər. Mən Azərbaycanda son illərdə belə bir güclü antinarkotik kampaniyasının aparılmasına rast gəlməmişəm. Amma əvvəllər var idi. Müəyyən media qurumları bu prosesə qoşulmuşdu, "Antinarkotizm" adlı jurnal çap olunurdu, müəyyən ictimai təşkilatlar bununla məşğul olurdu. Bəzən bu, qığılcım şəkilində olur. Bir də görürsən rayonlarda belə bir hallar çıxır ki, orda narkotik vasitələr yayılır, məktəblərə gedib çıxır. Bu, çox dəhşətli situasiyadır ki, yuxarı sinif şagirdləri bu işə qoşulur və valideynlərinin bundan xəbəri olmur. Ona görə də valideyn istər ali məktəbdə, istər də orta məktəbdə övladının davamiyyətinə nəzarət etməlidir, onun fəaliyyəti daim diqqət mərkəzində olmalıdır ki, o həssas dövrü yeniyetmələr ziyansız keçirə bilsinlər. Bu da çox ciddi məsələlərdən biridir.

- Təbii ki, narkomaniyadan xilas olmaq üçün ilk növbədə narkotik satışını önləmək, yəni narkotiki insanlar üçün əlçatmaz etmək vacibdir. Necə düşünürsünüz, bu sahədə əlavə nə kimi tədbirlər görülə bilər?

- Bu məsələdə ancaq mütəxəsislər rəy verə bilərlər ki, mübarizə nə qədər effektlidir, qanunun tətbiqinin effekti varmı?! Müəyyən sərt tədbirlər müəyyənləşdirilmir. Söhbət inzibati hüquqi tədbirlərin müəyyənləşdirilməsindən gedir. Bunlar olacağı təqdirdə peşəkar hazırlanmış çox şeylərin nəzərə alınması həmin antinarkotizm kampaniyasının efektli olmasına gətirib çıxara bilir. Hər şeyə peşəkar yanaşılmalıdır. Yoxsa bu gün bir kampaniya apardıq, bir həftədən sonra bunu dayandırdıq… Bir də nəsə olanda sistemli mexanizm hazırlanmalıdır ki, antinarkotizm tədbirləri daim effektli olsun. İctimai nəzarət güclü olmalıdı. Məktəblərdə, ali məktəblərdə bununla bağlı məsul şəxslər olur. Hər halda müəyyən spesifik işlər aparılır ki, narkotik gənclər arasında yayılmasın. Çünki bu, cəmiyyətin, millətin gələcəyinin məhv olması deməkdir.

- Ümumiyyətlə, narkomaniyanın zərərləri ilə bağlı təhsil sistemində hər hansı dəyişikliyə ehtiyac duyursunuz? Yəni bununla əlaqədar ayrıca dərs vəsaiti hazırlanmalıdır?

- Bu, biraz ciddi və həssas məsələdir. Narkotizmlə bağlı xüsusi dərslik hazırlamağa nə ehtiyac var?! Ehtiyac yoxdur. Yəni bu zərərli vərdişlərdən biridir. Necə ki, siqaret əleyhinə, alkoqollu içkilər əleyhinə müəyyən kamponiya aparılır, eləcə də insanlarda alışqanlıq yaradan narkotik vasitələrin yayılmasına qarşı ciddi mübarizə aparılmalıdır. Mən hesab edirəm ki, bəli, maarifçilik işi, təbliğat işi və ən başlıcası isə hüquq mühafizə orqanlarının birgə işi olmalıdır. Yəni bunlar kordinasiya olunmalıdır. Mərkəzlər, ictimai təşkilatlar, dövlət qurumları bununla əlaqəli şəkildə iş aparmalıdılar ki, bunun bir səmərəsi, effekti olsun və insanları, gəncləri bu yoldan çəkindirsinlər. Ancaq belə olanda müsbət nəticə almaq mümkündür.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ