Azərbaycanlı iş adamı Moskvada güllələndi - QƏTLİN SİFARİŞÇİSİ QADINDIR? / YENİLƏNİB - 2
Killer odlu silahı hadisə yerində ataraq qaçıb
Bu gün Moskva yaxınlığındakı Balaşixa şəhərində qətlə yetirilən azərbaycanlı iş adamı Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı ola bilər.
Rusiya mətbuatının yazdığına görə, Əhmədovun Azərbaycanda qeyri-rəsmi həyat yoldaşı var. Cinayət törətmək üçün qatili o tuta bilərdi.
Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin alınmayıb.
Qeyd edək ki, qatil kameralar vasitəsilə qaçıb gizləndiyi avtomobilinə qədər izlənilib. İndi onu axtarırlar.
***17:18
Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı qətlə yetirilib.
Rusiya mediası xəbər verir ki, qətl hadisəsi bu gün səhər radələrində Sverdlova küçəsində baş verib. 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov "Mercedes ML" markalı avtomobilindən düşdükdən sonra maska geyinmiş killer ona yaxınlaşaraq odlu silahdan beş dəfə atəş açıb. N. Əhmədov hadisə yerində keçinib.
Qətl hadisəsi baş verən zaman iş adamının həyat yoldaşının da avtomobildə olduğu bildirilir.
Killer qətli törətdiyi odlu silahı ataraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
N.Əhmədovun Balaşixada 24 saat fəaliyyət göstərən ərzaq mağazasının sahibi olduğu bildirilir.
*** 14:49
Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.
Rusiya mediası xəbər verir ki, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində qətlə yetirilib.
Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb.
Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib.
N.Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.
Məlumatda bildirilir ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər.