"Azərkosmos" Çin şirkəti ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) Çinin “Star.vision” texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb. Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.İmzalama mərasimi “Star.vision” şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərkosmosda baş tutub. Memorandumun əsas məqsədi “Star.vision” tərəfindən hazırlanmış süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir.Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Görüş çərçivəsində "Azərkosmos" “Star.vision” şirkətini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.