Belarus xarici işlər nazirinin müəmmalı ölümü… - RUSİYANIN TƏCAVÜZÜNƏ QARŞI OLAN MAKEY ÖLDÜRÜLÜB? / YENİLƏNİB

26/11/2022 - 22:48

Belarusun dövlət xəbər agentliyi “Belta” Belarus xarici işlər naziri Vladimir Makeyin qəfil ölümü ilə bağlı xəbər yayıb.

Qafqaz.media xəbər verir ki, “Belta” bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaza istinadən məlumat yayıb.

Agentlik Qlazdan sitat gətirir: "O, bir neçə saat əvvəl qəflətən öldü".

Ölümün səbəbi barədə məlumat verilmir.

Cümə günü Belarus Xarici İşlər Nazirliyi öz saytında Makeyin apostol nunsisi, arxiyepiskop Ante Yoziç ilə görüşü barədə yazıb. Bazar ertəsi Makey Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmalı idi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb: “Belarus Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin ölümü ilə bağlı xəbər bizi şoka salıb”.

Xatırladaq ki, Makey 1958-ci ildə anadan olub və 2012-ci ilin avqustundan Belarus Xarici İşlər Nazirliyinə rəhbərlik edir. Bundan əvvəl o, 2008-ci ildən Belarus prezidenti Aleksandr Lukaşenkonun administrasiyasına rəhbərlik edib. 2000-2008-ci illərdə Lukaşenkonun köməkçisi olub.

Makey 2021-ci ilin miqrasiya böhranı zamanı Belarus və Qərb arasında aparılan danışıqlarda fəal iştirak edib, fevralın 24-də Rusiya ordusunun Ukraynaya daxil olmasından sonra Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların təşkilinə də kömək edib.

Fevralın 16-da o, mətbuat konfransında bildirib ki, təlimlər bəhanəsi ilə Belarusa gələn Rusiya qoşunları təlimlər bitdikdən sonra ölkəni tərk edəcəklər. "Təlimlərdən sonra Belarusda heç bir hərbçi, bir dənə də olsun hərbi texnika qalmayacaq", - Makey deyib.

Qafqaz.media