“Biz narkotiki uşaqlarımıza təsvir etməliyik” – AZADƏ NOVRUZOVA

26/11/2024 - 15:17

“Uşaqlarımızı məlumatsız saxlasaq, onları “oda sürükləyərik””

“Hesab edirəm ki, narkomaniyaya qarşı mübarizədə ailə məktəblə bir olmalıdır. Ayrı-ayrılıqda bu işin öhdəsindən gələ bilməzlər. Ailə-məktəb birliyi, valideyn-müəllim münasibəti yaxşı qurulmalıdır ki, bu məsələlər də kökündən həll olunsun”

"Narkomaniya bu bəlaya düçar olan hər kəs üçün böyük faciədir".

Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Prezident mükafatçısı, şair-publisist Azadə Novruzova bildirib. Onun fikrincə, narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür:

“Təsadüfi deyil ki, narkotiki çox vaxt “ağ ölüm” adlandırırlar. Ona görə, narkomaniyaya qarşı mübarizədə vətəndaş olaraq hər birimizin üzərinə böyük məsuliyyət düşür. Hər birimiz, ailədə tərbiyə etdiyimiz övladlarımızdan başlayaraq, cəmiyyətdə bu bəlaya yoluxan hər bir gənclə bağlı mövqeyimizi, münasibətimizi ortaya qoymalıyıq. Məsələn, ən azı bir valideyn olaraq, hansısa məktəblinin əlində siqaret görürüksə, ona biganə yanaşır, münasibətimizi bildirmir, 2-3 dəqiqəmizi ayırıb onu bu sahədə maarifləndirmiriksə, deməli, vətəndaş olaraq üzərimizə düşən missiyamızı həyata keçirmirik.

Biz məktəbi həmişə təlim-tərbiyə müəssisəsi kimi görürük. Müəllimlərimizin də bu sahədə əməyi danılmazdır. Müəllimin əməyi hər bir vətəndaşımızın üzərində çoxdur. Amma hesab edirəm ki, ailə məktəblə bir olmalıdır. Ayrı-ayrılıqda bu işin öhdəsindən gələ bilməzlər. Ailə-məktəb birliyi, valideyn-müəllim münasibəti yaxşı qurulmalıdır ki, bu məsələlər də kökündən həll olunsun.

İlkin mərhələdə ailədə uşaqların nəyə, hansı vərdişlərə meylli olduğunu müəyyən etməliyik ki, sonra onları zərərli vərdişlərdən qoruya bilək. Təbii ki, bu sahədə də ən böyük yük valideynin üzərinə düşür. Çünki uşaqda baş verən dəyişiklikləri valideyn mütləq hiss edir. Ona görə də, övladın üzərində valideyn nəzarəti çox güclü olmalıdır. Uşaqlarımızın kimlərlə ünsiyyətdə olduğunu, hansı işlərlə məşğul olduğunu, hansı dostları ilə görüşdüyünü, kimlərlə oturub-durduğunu mütləq araşdırmalıyıq. Uşaqlarımızla dost olmalı, hər an onlarla birlikdə olmalıyıq”.

Azadə Novruzova deyir ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir: “Həm ailədə, həm bağçada, həm məktəbdə, həm iş yerlərində, eləcə də küçələrdə, əyləncə mərkəzlərində, ümumiyyətlə, insanların daha çox ünsiyyətdə olduğu sahələrdə maarifləndirmə işi daha da sürətləndirilməli, daha da genişləndirilməlidir. Narkotik vasitənin nə olduğu haqda uşaqlarda, yeniyetmələrdə, eləcə də gənclərdə geniş məlumat olmalıdır. Əgər hər hansı bir şəxs narkotikin fəsadları haqda məlumatla olsa, ondan istifadə edib özünü o bəlaya salmaz.

Biz ailədə körpə uşaqları maarifləndirəriksə, məlumatları onların beyinlərinə yeridəriksə, onlar bunun nə olduğunu bilərlər. Eynilə, narkomaniya bəlasına düçar olmuş şəxslərin həyat hekayələrini təqdim etməklə, onları canlı göstərməklə, bu bəlanın nə dərəcədə dəhşətli olduğunu əyani olaraq uşaqlarımıza çatdıra bilərik. Biz uşaqlarımızı məlumatsız saxlasaq, demək olar ki, onları “oda sürükləyərik”. Özümüz də bunun şahidi oluruq ki, məlumatsızlıqdan bu bəlaya düşənlər çox olur. Yəni biz narkotiklə bağlı faciələri göstərməliyik. Eyni zamanda, uşaq tanımalıdır, bilməlidir ki, narkotik vasitələr hansı formada, necə olur, onu uşaqlara necə təqdim edirlər və s. Biz bu haqda uşaqlara məlumat verməliyik, narkotiki təsvir etməliyik ki, uşaqlar məlumatlı olsunlar.

Bilirik ki, uşaqların, yeniyetmə və gənclərin beyinləri tərtəmiz, ağappaq kağız kimidir. Şübhəsiz, narkobizneslə məşğul olanlar, bu bəlanı cəmiyyətimizə yayanlar münbit mühit axtarırlar ki, öz işlərini orda rahat görsünlər. Onların hədəfində ilk növbədə bizim uşaqlarımız, gənclərimizdir. Biz də elə etməliyik ki, uşaqların, yeniyetmə və gənclərin olduğu mühiti saf, pak, təmiz saxlayaq, onları müəyyən yaş dövrünə qədər qoruyaq. Artıq özləri həyat haqqında biliklərini artırdıqca, təbii ki, bu bəladan özlərini qoruyacaqlar”.

A.Novruzova hesab edir ki, narkomaniyaya qarşı mübarizədə psixoloji faktor da çox önəmlidir: “Biz çox yaxşı bilirik ki, psixoloji cəhətdən zəif olanlar əsasən qurban olurlar. Bu məsələdə çox diqqətli olmalıyıq. Çalışmalıyıq ki, həmin bəlaya düçar olanlara birinci elə psixoloji tərəfdən dəstək olaq, onları çətin, kritik durumdan çıxaraq.

Bilirsiniz ki, ölkəmizdə müalicə mərkəzləri var. Həmin xəstələr orda müalicə alırlar. Amma müalicə müddəti bitəndən sonra da onların üzərində nəzarət olmalıdır ki, həmin vərdişlərinə qayıtmasınlar”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10