"Böyük Britaniya Rusiyanın davam edən təcavüzü qarşısında Gürcüstanın yanındadır" – BAŞ NAZİR RİŞİ SUNAK

25/11/2022 - 13:00

Gürcüstan hökuməti Böyük Britaniyanın baş naziri Rişi Sunakın baş nazir İrakli Qaribişviliyə məktubunu dərc edib.

Qafqaz.media xəbər verir ki, Sunakın məktubu Gürcüstanın baş nazirinin İrakli Qaribaşvilinin oktyabrın 26-da Britaniyanın yeni baş nazirinə göndərdiyi təbrikə cavabdır.

Sunak orada Kraliça II Yelizavetanın vəfatı ilə bağlı başsağlığı ifadəsinə və təbrik məktubuna görə Gürcüstanın Baş nazirinə təşəkkür edir.

“Diplomatik münasibətlərin bərpasının 30 illiyini qeyd etdiyimiz bu çətin zamanlarda təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığımız hər zamankindən daha vacibdir. Sizi əmin etmək istəyirəm ki, Böyük Britaniya Rusiyanın davam edən təcavüzü qarşısında Gürcüstanın yanındadır. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik və Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını geri götürməyə və Gürcüstanın bu bölgələrinə humanitar yardımın maneəsiz çıxışını təmin etməyə çağırmaqda davam edirik”, - Rişi Sunak bildirib.

Rişi Sunak həmçinin qeyd edir ki, 2023-cü ilin əvvəlində Böyük Britaniyada daha bir “Wardrop Strategic Dialogue” tədbiri keçiriləcək və bu tədbir iki ölkə arasında əməkdaşlığın bütün spektrini əhatə edəcək və 2021-ci il yanvarın 1-də qüvvəyə minmiş Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini daha da gücləndirəcək.

“Mən Gürcüstanın Ukraynaya dəstəyini də alqışlayıram. Bu qeyri-qanuni müharibə Rusiyanın beynəlxalq hüququn fundamental prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə təhlükə yaratdığını bizə sərt şəkildə xatırlatdı. Böyük Britaniya, sizin Ukraynaya dəstəyinizi alqışlayır. Xalqlarımızın firavanlığı, sülhü və təhlükəsizliyi naminə tərəfdaşlığımızı gücləndirmək üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, - məktubda deyilir.

Qafqaz.media