“Bu, Ermənistanın növbəti diplomatik məğlubiyyəti deməkdir” - MHER QRIQORYAN

01/12/2023 - 12:06

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin təhlükəsizliyi və demarkasiyası komissiyalarının işi çərçivəsində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Ermənistan-Azərbaycan sərhədində görüşüblər. 

Bu görüş tərəflərin vasitəçi olmadan, birbaşa danışıqlar aparması və əlaqələrin qurulması baxımından önəmli addım sayıla bilər. Lakin tez-tez erməni tərəfinin vasitəçilərsiz, birabaşa danışıqlardan qorxduğunun siqnalları gəlməkdədir. Çünki bir hissəsi Qərbin, bir hissəsi isə Rusiyanın təsiri altında olan erməni siyasi qüvvələri xalqın yox, öz himayədarlarının maraqlarından çıxış edirlər. Həmin maraqlar isə mütləq şəkildə regionda bu və ya digər kənar hegemon qüvvənin mövcudluğunu tələb edir...

Erməni mətbuatına danışan Ermənistanın “Demokratik Alternativ” Partiyasının sədri Suren Surenyants Paşinyan hökumətini Azərbaycanla birbaşa danışıqlardan çəkinməyə çağırıb.

O, bildirib ki, bu komissiyanın nümayəndələrinin əvvəlki iclaslarında siyasi danışıqlar vasitəçilik platformalarında aparılırdısa, indi mənzərə dəyişib: “Rəsmi Bakı danışıqları vasitəçisiz aparmağı təklif edəndə, görünür, İrəvan vasitəçisiz danışıqlara hazır olmadığını açıq şəkildə bildirməklə yanaşı, həm də əks təkliflə çıxış edərək Ermənistan-Azərbaycan sərhədində sərhəd komissiyalarının iclasının keçirilməsini təklif edib”.

Suren Surenyantsın sözlərinə görə, rəsmi İrəvan bu addımı ilə bir tərəfdən Bakının təklifini rədd edib, digər tərəfdən isə onunla razılaşıb: “Bu, təhlükəli tendensiyadır, əgər Azərbaycan bu görüşü presedent kimi təqdim edərsə və bundan sonra siyasi danışıqların vasitəçilərsiz aparılmasını tələb edərsə, bu, Ermənistanın növbəti diplomatik məğlubiyyəti deməkdir. Belə bir güc balanssızlığı şəraitində vasitəçisiz danışıqlar aparmaq Ermənistanın kapitulyasiya üçün “yol xəritəsi”ni müzakirə etmək deməkdir”./azpolitika.info

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33