Bu gün ilk çərşənbədir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Xatırladaq ki, martın 5-də Azərbaycanda Od, 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
Qeyd edək ki, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə, həmin ay təkcə Novruz bayramında 1 həftə, şənbə və bazar günləri də daxil olmaqla isə ümumilikdə 16 gün iş olmayacaq.
Qafqaz.Media