Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür - VİDEO

30/03/2024 - 22:28

Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür.

Qafqaz.Media xatırladır ki, Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub.

O, 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.

Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin “Hamlet” (“Gertruda”), Aleksandr Şirvanzadənin “Nakam qız” (“Sona”), Lev Tolstoyun “Canlı meyit” (“Maşa”), Çingiz Aytmatovun “Ana torpağı” (“Cenşengülün arvadı”), Hüseyn Cavidin “Xəyyam” (“Sevda”), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (“Pırpız Sona”), Fridix Şillerin “Məkr və məhəbbət” (“Ledi Milford”), Yucin Onilin “Qızıl” (“Süzen”) faciələrində, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” (“Gülcan”), “Mənim günahım” (“Nurcahan”), “Məhv olmuş gündəliklər” (“Anjel”), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (“Nihal”), İmran Qasımovun “Nağıl başlananda” (“Tahirə”) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun “Bəşərin komediyası və ya Don Junan” (“Teadora”), Maksim Qorkinin “Meşşanlar” (“Yelena Nikolayevna”), Səməd Vurğunun “İnsan (“Nataşa”), Raço Stoyanovun “Qısqanc ürəklər” (“Milkana”), Cəfər Cabbarlının “Aydın” (“Gültəkin”), Nikolay Poqodinin “Zamanın hökmü” (“İrina”), Əkrəm Əylislinin “Yastı təpə” (“Bəyaz”) pyeslərində cazibədar səhnə obrazları yaradıb.

Şəfiqə Məmmədova “Qaraca Qız” (“Qız”), “Dədə Qorqud” (“Burla xatun”), İstintaq” (“Gülya”), “Bizim Cəbiş müəllim” (“Cəbişin arvadı”), “Ad günü” (“Fəridə”), “Carvadarların izi ilə” (“Səriyyə”) bədii filmlərinə çəkilib.

Yaradıcılığının parlaq dövründə 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 

Azərbaycan Respublikası birinci çağırış Milli Məclisinun deputatı olub (1995-2000).

2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqının ilk sədri seçilib. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçilib.

İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

2024-cü il 5 martında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirildi. Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb. Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib.

1974-cü il 1 iyununda “Azərbaycanın Əməkdar artisti”, 1982-ci il 1 dekabrında “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 2013-cü il 25 iyununda “Şərəf”, 2020-ci il 29 martında I dərəcəli “Əmək” ordenləri ilə təltif olunub. 1979-cu il fevralın 24-də Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 2002-ci il 11 iyununda  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 2018-ci il 22 mayında Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18