Bu, Kremlin İrəvandan tələbidir: mandat ləğv edilir

17/10/2024 - 08:37

Hesab edirəm, AB missiyasının mandatının Ermənistanda fəaliyyətini dayandırması məsələsini İrəvan hökuməti və Rusiya qəsdən Azərbaycanın tələbi imiş kimi göstərməyə çalışır. Bu məsələdə Azərbaycanla Rusiyanın narazılığı məsələsi tamamilə ayrı mahiyyət daşıyır. Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. “Missiyanın mandatında onun Ermənistanın ərazisində, o cümlədən sərhəd bölgəsində nəzarət aparacağı göstərilir. Amma həmin bölgədə sərhəd müəyyən olunmayıb, nə delimitasiya, nə də demarkasiya məsələləri öz həllini tapıb. Ümumiyyətlə tərəflər Almatı Bəyannaməsini fərqli şəkildə başa düşür, onun tətbiqi barəsində müxtəlif fikirdədirlər. Bu baxımdan müəyyən olunmamış sərhəddə missiyanın nəzarət həyata keçirməsi təhlükə yaradır. Azərbaycan da buna narazılığını bildirir. Cənab Prezident missiyanın heç bir faydası olmayan fəaliyyətini diqqətə çatdırıb, onların işinin “binokl diplomatiyası” olduğunu bildirib. Əslinə qalsa, bunun Ermənistan üçün yalnız bir xeyri var. O da rəsmi İrəvanın sərhədlərini necə təsəvvür edirsə, missiyanın bu fikri dolayı yollarla təsdiqləməsidir. Sərhədin müəyyən olunması isə hələ də Azərbaycanla danışıqlar mövzusudur. Məhz buna görə Azərbaycan missiyanın fəaliyyətinə qarşı çıxır”, - politoloq bildirib. T.Zülfüqarovun sözlərinə görə, Rusiya AB missiyasının Ermənistanda fəaliyyətini dayandırmasında xüsusilə maraqlıdır: “Ermənistanın təhlükəsizlik və müdafiə sistemi tamamilə Rusiyanın nəzarəti altındadır. Təhlükəsizliyini təmin etdiyi üçün də Moskva İrəvana öz şərtlərini diktə edir. Bu şərtlərdən biri də missiyanın Ermənistandakı fəaliyyəti ilə bağlıdır. Yəni missiyanın Ermənistanda fəaliyyətini dayandırmasını istəyir. Bu mənada tələb zənnimcə Moskvadan gəlib. Məlum məsələdir ki, 200-300 nəfərlik hansısa missiya Ermənistanın təhlükəsizliyini təmin etmir”. Qeyd edək ki, erməni mətbuatı İrəvan hökumətinin AB-nin Ermənistandakı monitorinq missiyasının mandatı ilə bağlı Azərbaycanın tələbini yerinə yetirmək niyyətində olduğunu yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30