“BU MÜHARİBƏDƏ DƏ ZƏFƏR ÇALMALIYIQ” – “Narkomaniyaya qarşı mübarizədə bir yumruq ətrafında birləşməliyik”

09/11/2024 - 16:13

Könül Həbibqızı: “Biz övladlarımızla dost olmağı bacarsaq, kənar şəxslərin pis vərdişləri qapımızı döyməyəcək”

“Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də narkomaniyadır. Hazırda narkomaniyanın yayılması çox böyük, hətta deyərdim ki, qlobal bir problemdir. Bu, yalnız Azərbaycanı deyil, bütün dünyanı narahat edən bir problemdir. Dünya bu bəlaya qarşı mübarizə aparır. Amma təəssüflər olsun ki, bu problemi tam həll etmək hələ mümkün deyil.

Stopnarkotik.az xəbər verir ki, bu haqda “Dünya" Müstəqil Teleradio Şirkətinin baş aparıcısı Könül Həbibqızı bildirib. O, deyir ki, hazırda yer kürəsinin 250 milyon sakini narkomaniyadan əziyyət çəkir:

“El arasında “ağ ölüm” kimi tanınan bəşəri bəlaya düçar olunanların sayı çox-çox təəssüf olsun ki, artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevirilən “ağ ölüm”ün əsirinə çevirilib. Bu statiskanın 47 milyon nəfəri latın Amerikasının payına düşür. Təkcə Meksikada narkomaniyaya düçar olmuş insanların sayı 1 milyon 200 min nəfəri ötüb.

Avropa Birliyi ölkələrinə gəldikdə isə, orada 750 minə yaxın insan narkotik maddə istifadəçisidir.

MDB və Asiya ölkələrində bu göstərici 26 milyondan çoxdur. Bu, artıq həyacan təbilidir”.

Baş aparıcı deyir ki, əslində, real göstəricilər statistik rəqəmlərdən daha çoxdur: “Ekspertlərin fikrincə, statistik rəqəmlər tam göstəricini əks etdirmir. Çünki narkomanların heç də hamısı qeydiyyata düşmür.

Təəssüflər olsun ki, bu bəla bizim ölkəmizdən də yan keçməyib. Doğrudur, bir sıra dünya ölkələriylə müqayisədə ölkəmizdə narkomaniya o qədər də geniş yayılmayıb, amma mövcuddur. Və ciddi mübarizələrə rəğmən, yenə də artmaqdadır.

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümumilli lider Heydər Əliyevin 1996-cı il, 26 avqust tarixli fərmanında öz əksini tapmışdır. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013 və 2018-ci illər üçün dövlət proqramı qəbul edilmişdir”.

Könül Həbibqızı deyir ki, hər bir ölkədə narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır: “İnsan üçün ən vacib amil sağlamlıqdır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi də sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə, cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması demək deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. Məhz bu səbəbədən də, dövlətimiz öz vətəndaşı üçün hər şey edir. Onun sağlam yetişməsi üçün əlindən gələni əsirgəmir”.

Aparıcı hesab edir ki, narkomaniyaya qarşı ilkin mübarizə ailədən başlamalıdır: “Şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, əsas məsələ ilkin tərbiyə, ailə faktorudur. Biz ilk növbədə öz övladlarımızla dost olmalıyıq. Elə etməliyik ki, övladlarımız bizə etibar etsin. Belə olduqda kənar şəxslər bizim ailəmizə daxil ola bilməyəcəklər. Kənar şəxslərin pis vərdişləri bizim qapımızı döyməyəcək. Ona görə də hər şey birinci ailədən başlayır”.

Könül Həbibqızı vurğuladı ki, heç bir halda narkotik satıcılarının orta və ali təhsil müəssisəsələrinə ayaq açmasına imkan vermək olmaz: “Artıq narkotik alverçiləri orta məktəblərə də üz tutub. Məktəbliləri özləri üçün hədəf seçiblər. Çünki gözləri həyata təzəcə açılan, yaxşı və pisi bir-birindən tam ayırd edə bilməyən yeniyetmə və gənclərimiz narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Bu, bizi, şəxsən iki oğul anası olaraq, məni çox narahat edir. Əlbəttə, mənim kimi hər bir valideyn də bundan narahatdır.

Ona görə də, mütləq şəkildə məktəblə, müəlimlə valideyn arasında sıx təmas olmalıdır. Məktəb valideynləri, valideyn də müəllimləri başa düşməlidir. “Mən dərsimi dedim, işim bitdi, gerisi mənim nəyimə lazımdır”, bu söz olmamalıdır. Eyni zamanda, “övlad mənimdir, mən özüm bilərəm, siz mənim işimə qarışmayın”, - bu kəlmələr də olmamalıdır. Biz bir olmalıyıq”.

Müsahibimiz bildirir ki, narkomaniya təhlükəsi ilə bağlı maarifçilik işləri genişlənidirilməlidir: “Bu istiqamətdə maarifləndirici işlər görülməlidir. Bu gün metroya düşürük, görürük, reklam çarxları, şəkillər asılıb ki, “Narkomaniyaya yox deyirik!”Çox gözəl, mən bunu alqışlayıram. Avtobuslara minirik, görürük ki, orada reklam çarxları var. Bunlar yaxşı haldır. Amma reklamın iki tərəfi, həm yaxşı, həm də pis tərəfi var. Ona görə, bu məsələlərdə də peşəkarların dəstəyindən istifadə olunmalıdır.

Əvvəllər belə düşünürdüm ki, məktəblərdə narkomaniya ilə bağlı məlumat vermək düzgün deyil, uşaqlarımızı tez ayıldırıq. İndi isə düşünürəm, gərək, biz övladlarımızı uşaq vaxtından başa salaq ki, narkomaniya nədir.

Maarifləndirmə üçün hər birimiz - müəllim, həkim, jurnalist, idmançı və s. öhdəmizə düşən işi icra etməliyik. Bu sahədə hər birimiz yumruq kimi bir olmalıyıq. Necə ki, 44 günlük müharibədə yumruq kimi birləşib, mənfur düşmənlərimizə öz gücümüzü göstərdik, bu da bir müharibədir, bu məsələdə də öz gücümüzü göstərməliyik. Bir yumruq ətrafında birləşməliyik. Bu müharibədə də qalib gəlməliyik, zəfər çalmalıyıq. Hamımız bir kəlməni özümüzə şüar tutmalıyıq: “Biz narkotikə yox deyirik!” Bizə sağlam həyat lazımdır. Qeyd etdiyim kimi dövlətimiz gənclərimizin sağlam yetişməsi üçün hər şey edir. Biz niyə bu gözəllikdən istifadə etməyək?! Azərbaycanımız gözəldir. Azərbaycanımızın igid oğulları var. O oğullar ki, dünyaya səs saldılar. Niyə onlar narkotik vasitələrin qurbanı olmalıdır?! Axı, bu xəstəliyə, bu asılılığa, bu faciəyə düşənlər bizim insanlardır. Odur ki, gəlin, bir-birimizə kömək edək, bu xəstəliyə, bu asılılığa, bu bəlaya yox deyək. Sözümüzün sonunda bu məsələyə də NİDA qoyaq!”

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37