“Bu oyunda İran, Fransa və Hindistan da var” - İrəvan sülhdən niyə yayınır?

23/11/2022 - 16:55

“Ermənistanda baş verən proseslər, yəni artan təzyiqlər, həm də xaricdən Ermənistana verilən dəstək istər-istəməz Paşinyanı sülh yoldan çəkindirib. O, Brüssel, Praqa və Soçi görüşündə sülh danışıqlarına razı olduğunu bildirsə də, son nəticədə fikrindən daşınıb. Paşinyan hətta sülh müqaviləsini çərçivə sənədlə əvəz etməyi təklif edib”.

Qafqaz.media xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib.

“Ermənistan Hindistandan 260 milyon dollar dəyərində silah alışını həyata keçirib. Eyni zamanda, İrandan dron almağa başlayıb və artıq erməni hərbçilərin İranda təlim keçməsi haqqında məlumatlar dolaşır. Nəhayət, bir neçə gün öncə Rusiyanın silah-sursat dolu yük təyyarəsi Xəzər üzərindən uçaraq İrana, sonra da Ermənistana daxil olub. Silah Qarabağa, separatçı rejimə göndərilib”, - deyə S. Hümbətov sözünə davam edib.

Rusiya və İran sülh prosesini pozmağa çalışırlar:

“Çünki sülh müqaviləsi Rusiyanın bütün imkanları məhdudlaşacaq. Ona görə də Ermənistanı silah-sursatla təmin ediblər ki, artıq özünəinam formalaşsın və yenidən döyüşə başalaya biləcəyini düşünsün. Ermənistandan gələn siqnallar göstərir ki, onlar yenidən Azərbaycanla müharibəyə girə bilər. Qısası, İrəvan revanşizmə meyl edir.

Qarabağda atəşkəs pozulub. Bu da ondan xəbər verir. Deməli, separatçı rejimi sürətlə silahlandırırlar. 

Xatırladım ki, avqustun 3-də baş verən “Qisas” əməliyyatı zamanı Azərbaycan separatçı rejimin mövqelərini sıradan çıxararkən Rusiya sülhməramlılarının onlara silah-sursat verməsinin şahidi olduq. Rusiya Qarabağdakı separatçılığı yenidən qızışdırır, Ermənistan daxilində isə müxalifət və ordu vasitəsilə Paşinyana təzyiqi artırır və sülh prosesi ləngitməyə çalışır”.

S. Hümbətovun fikrincə, “oyun”da İran, Fransa və Hindistan faktoru da var:

“ABŞ-dan da müəyyən qruplar dəstək verirlər. Doğrudur, orada fərqli fikirlər formalaşıb. Erməni lobbisinin təsiri altında bir qrup senator Ermənistana dəstək verir, digərləri isə prosesi daha çox sülh danışıqlarına yönəltməyə çalışır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02