​​​​​​​DATÜB zəlzələdən zərərçəkənlərə yardım kampaniyası başladıb – BAŞ KATİB FUAT UÇARDAN AÇIQLAMA

08/02/2023 - 15:57

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş katibi Fuat Uçar Türkiyənin Kahramanmaraş və digər vilayətlərində baş verən zəlzələnin son 100 ilin fəlakəti olduğunu bəyan edib.

Qafqaz.media-nın məlumatına əsasən, Baş katib bildirib ki, DATÜB Başqanı Ziyəddin Kassanovun göstərişi ilə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə dünyanın 9 fərqli ölkəsində yaşayan Axısxa Türkləri, DATÜB-ün Türkiyədəki nümayəndəlikləri dərhal yardım səfərbərliyinə başlayıblar.

Fuat Uçar DATÜB və Axısxa Türkləri olaraq, Türkiyənin yanında olduqlarını bəyan edib.

“Dünyanın müxtəlif ölkələrində yaşasalar da, Axısa Türkləri təkcə yaxşı gündə deyil, bu dəhşətli zəlzələdən sonra, pis gündə də canları, malları, ruhları və duaları ilə Türkiyənin yanındadır”, - deyə Baş katib bildirib.

Fuat Uçar daha sonra əlavə edib: “DATÜB Qazaxıstan Nümayəndəliyimiz qısa müddətdə 20 min dollar ianə topladı və bu günlərdə AFAD-la koordinasiyalı şəkildə zəlzələdən zərərçəkənlərə çatdırılacaq. Bu həmrəylik bizim Axısxa Türkləri olaraq Türkiyəyə sevgimizin göstəricisidir. Xalqımız illərdir bu vətəndən uzaqlarda yaşasa da, ürəyi daim Türkiyə ilə döyünür. Allah millətimizi qorusun. Biz, az da olsa, bu yardımlarla dövlətimizin, millətimizin yanında olduğumuzu göstərdik. Bu çətin günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan Axısxalı qardaşımız Türkiyənin, millətimizin yanında olduğunu göstərdi.

Bu gün birlik günüdür. Qəlblərin və dərdlərin birləşdiyi gündür. İnanırıq ki, hörmətli Prezidentimizin rəhbərliyi ilə bu çətinliklərin öhdəsindən gələcəyik. Toplanan ianələri və ehtiyac siyahısına uyğun olaraq toplanan yardımları AFAD-a çatdırmaq üçün koordinasiyalı şəkildə çalışacağıq. DATÜB-ün nümayəndəlikləri bununla bağlı 7/24 açıqdır və kömək etmək istəyən qardaş və bacılarımız yardımlarını burada təqdim edə bilərlər. DATÜB Türkiyə Nümayəndəliyimiz, İstanbul, Ankara, İzmir, Akdeniz Bölgə Nümayəndəliyimiz, Bursa (Gürsu, Kestel, İnegöl), Dənizli (Honaz), Bozüyük, Kocaeli, Ərzincan (Üzümlü), Ahlat nümayəndəliklərimizin hamısı bu kampaniyaya dəstək verir”.

Bundan əlavə, Baş katib Uçar Ukrayna-Rusiya müharibəsi zamanı çətin vəziyyətdə olan və Türkiyəyə təxliyyə edilərək Elazığın Aşağıdəmirtaş Konteyner şəhərçiyində - müvəqqəti yaşayış yerlərində həyatlarını davam etdirən Axısxa Türklərinin də kampaniyaya dəstək verdiklərini bildirib. Belə ki, onlar Malatyaya çörək göndərmək üçün çörək sexlərində çalşır, Axısxalı qadınlar zəlzələ qurbanları üçün əlcək, papaq, jaket toxuyaraq, fəlakət bölgəsinə göndərirlər.

DATÜB Başqanı Ziyəddin Kassanovun da yardım kampaniyası çərçivəsində AFAD-a 1 milyon Türk Lirəsi bağışladığını və digər Axısxa Türklərini də bu yardım kampaniyasına dəstək verməyə çağırdığını dilə gətirən Fuat Uçar, DATÜB-ün hər zaman Türkiyənin yanında olduğunu və zəlzələdən zərərçəkənlərə yardım göstərməyə davam edəcəklərini bildirib.

“Bu ağrılı fəlakətdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Dağıntılar altında qalan və hələ də xilas olunmağı gözləyən insanlarımızın ən qısa zamanda sağ-salamat çıxarılmasını arzulayırıq. Allah dövlətimizi qorusun. Allah bizlərə bir daha belə acılar yaşatmasın”, - deyə DATÜB Baş katibi sonda qeyd edib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12