Davos Forumunda Orta Dəhlizlə bağlı müzakirə aparılacaq

19/01/2023 - 10:39

İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumunun yekun hissəsində Orta Dəhlizin cığırdan magistral yola necə dönməsi müzakirə ediləcək.

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili deyib.

O bildirib ki, forumun bu ən vacib görüşündə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının komissarı Yohannes Han iştirak edəcək. Müzakirənin moderatoru isə Dünya İqtisadi Forumunun İcraçı direktoru Mirek Dusek olacaq.

Nazir qeyd edib ki, müzakirənin əsas məqsədi regionun potensialını və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji mənbələrinin diversifikasiyasına verə biləcəyi töhfələri dünyaya göstərməkdir.