ƏDƏBİYYATIMIZI YAŞADANLAR
Azərbaycan Yazıçılar Birliyi-90 - Südabə Sərvi
ƏDƏBİYYATIMIZI YAŞADANLAR
İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 90 illiyiylə bağlı çox möhtəşəm tədbir keçirildi. Tədbirə qardaş ölkələrdən tanınmış söz adamları-şair və yazıçılar dəvət olunmuşdular. Türkiyədən Mehmet Parmaksız, Ataol Bəhramoğlu, İmdat Avşar, Ömər Küçükmehmetoğlu, Qazaxıstandan Dussanbay Kasseinov, Türk Mədəniyyət və İrsi fondunun prezidenti Aktoti Raimkulova, Qırğızıstandan Joldoşbek Monoldorov, Özbəkistandan Minxojiddin Xojimatov tədbirin əziz qonaqlarıydılar.
İlk olaraq Azərbaycanın möhtəşəm himni səsləndi.
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Salonda bir dənə boş yer yoxuydu. Demək ki, ədəbiyyatımızın ocağı Azərbaycan Yazıçılar Birliyi yaşayır və hər zaman bax belə, bu cür ayaqdadır! Tədbiri giriş sözüylə Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr və Tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu açdı və torpaqlarımızın zadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sayğı duruşunda yad edilməsini təklif etdi. Hamı bir nəfər kimi ayağa qalxdı. Salona sükut çökdü. O anda Şəhidlərimizin də ruhu ordaydı, bizmləydi... Səlim Babullaoğlu Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan gələn qonaqları təqdim etdikdən sonra çıxış üçün ilk olaraq sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anara verdi. Anar müəllim qısa danışdı, amma o qədər gözəl, vacib sözlər söylədi ki, hər biri bir söz abidəsi olan o fikirlər düşünürəm, uzun müddət yaddaşımızda qalacaq. Anar müəllimin AYB-nin 3-cü mərtəbəsində möhtəşəm monumental əsər olan “Gedənlər” lövhəsi haqqında fikirləri çox maraqlıydı: “Keçmiş SSRİ-nin heç yerində bu cür xatirə lövhəsi yoxdur. Gedənlərin xatirəsini yad etməklə bərabər qalanların gördüyü vacib işləri də qeyd etməliyik ki, Azərbaycan ədəbiyyatını məhz onlar ucaltdılar, yaşatdılar! Müstəqillik dövrü bizim üçün ağır gəldi. Düşmənlərimiz Qarabağ məsələsini ortaya atdılar və Yazıçılar Birliyi bu mübarizənin önündə gedirdi. Torpaqlarından didərgin düşmüş insanlar və digərləri ümid yeri kimi Yazıçılar Birliyinə gəlirdilər, kömək istəyirdilər. Onların bir hissəsini Yazıçılar Birliyinin Yaradıcılıq evində yerləşdirdik. Əlimizdən gələn köməyi edirdik. Biz Yazıçılar Birliyini parçalanmağa, dağılmağa qoymadıq. Və onun ədəbi orqanlarını da saxladıq.”Anar müəllimin çıxışının sonunda salondakılara arzusu çox maraqla qarşılandı:
“Mən əminəm, bu salonda olanların əksəriyyəti 10 ildən sonra Yazıçılar Birliyinin 100 illiyində iştirak edəcəklər. Və mən bunu arzulayıram!”Əslində 86 illik ömrünün 37 ilini Yazıçılar Birliyinin qorunub saxlanmasına sərf edən, onu parçalanmağa qoymayan, canı kimi qoruyub bu günə qədər saxlayan ustad yazarımızın ədəbiyyata bir ismarıcı, bir mesajıydı: ədəbiyyatımızı qoruyun! 37 il Anar müəllimlə çiyin-çiyinə işləmiş və ədəbiyyatımızda böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Abdullayevin də çıxışı çox düşündürücüydü: “Azərbaycan Yazıçılar Birliyinin çox çətin yolu olub. İttifaqın ilk sədri Məmmədkazım Ələkbərlini güllələmişdilər. İkinci sədri Seyfulla Şamilovu sürgün etdilər. Ölüm düşərgəsində 5 il qaldı, çıxandan sonra təzədən 5 illik sürgün etdilər. Mirzə İbrahimova, Səməd Vurğuna da qarşı cinayət işi açdılar...” Bəli, Azərbaycan Yazıçılar Birliyi çox çətin yol keçib bu günə qədər gəlib çıxıb, yaşayır. Çünki yaxşı əllərdədir. Qazaxistandan gələn Türk Mədəniyyət və İrsi fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan türkcəsində danışmaqla çox gözəl çıxış etdi. Ataol Bəhramoğlunun, Mehmet Parmaksızın, qırğız, özbək qonaqlarımızın çıxışlarını dinlədikcə düşünürdüm ki, baxmayaraq ləhcələrimizdə fərq var, amma eyni kökün budaqlarıyıq. 93 yaşlı əzizimiz Nəriman Həsənzadənin “Nərdivan” şeiri onun öz ifasında nə qədər möhtəşəmdi, İlahi! Bu hissləri orda olub yaşamaq lazım idi...
Bu dünya nərdivandı,
Qalxanda mehribandı
Enəndə nə yamandı...
Görüşdük pillələrdə
Yolun ortasında biz.
Sən qalxırdın bu dəmdə ,
Mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırdı nərdivan,
Məni xatirələrə
Endirirdi bu zaman.
Birimiz günçıxana
Birimiz günbatana.
Qalxa bilməzdim daha
Nə o güc, nə o taqət
Sən də enə bilməzdin.
Haqlı-haqsız vermişdi
Öz hökmünü təbiət
Gərək ya düşməyəydi
bu görüş heç araya.
Ya sən əvvəl gələydin
Ya mən sonra dünyaya.
Həqiqətən bu dünya bir nərdivandı. Kimi yolun sonunda, kimi əvvəlində. Önəmli olan yaxşı ad qoyub getməkdir, özündən sonra qəlblərdə, xalqın yaddaşında, tarixində yaşamaqdır! Necə ki, Azərbaycan Yazıçılar Birliyinin sədrləri, sədri olmayan dəyərli söz adamları bu gün tarixdə yaşayırlar. Doxsan il. Kimlər gəldi, kimlər getdi? Çingiz Abdullayevin sözünə qüvvət, ilk sədrdən tutmuş sonuncu sədrə qədər Yazıçılar Birliyi həmişə mənəvi hücumlara məruz qalıb, onu bu gün də parçalanmasını istəyən qüvvələr yox deyil nə yazıq ki... Ancaq nə qədər mənəvi hücumlara, təzyiqlərə məruz qalsa da, bütün bunlara rəğmən Azərbaycan Yazıçılar Birliyi yaşayır, öz fəaliyyətini davam etdirir. Vaxtilə ustadlarımızın etibar etdiyi kürsünü ləyaqətlə, təmiz vicdanla, xalqa sevgiylə qoruyur Anar Rəsul oğlu. Tədbirin bədii hissəsi də çox gözəl keçdi. Bədii hissəni AYB-nin mətbuat katibi Xəyal Rza çox gözəl idarə etdi. Və o möhtəşəm sonuncu musiqi və alqış sədaları altında salonu tərk edirəm.... Yolboyu qulağımda Anar müəllimin fikirləri səslənir: “Gedənlərin xatirəsini yad etməklə bərabər qalanların gördüyü vacib işləri də qeyd etməliyik ki, Azərbaycan ədəbiyyatını məhz onlar ucaltdılar, yaşatdılar!” Bəli, Azərbaycan Yazıçılar Birliyi yaşayırsa, demək Ədəbiyyatımız yaşayır! Ədəbiyyatımızı yaşadanlara eşq olsun!
Qeyd: AYB-nin 90 illiyi ilə bağlı tədbirlər ilin sonuna qədər davam edəcək.
Südabə Sərvi
Qafqaz.Media