DUROV-MAKRON MÜƏMMASI... - İş adamı Fransa Prezidenti ilə görüşə gedirmiş?

29/08/2024 - 08:00

Fransada həbs edilən “Teleqram” messencerinin qurucusu Pavel Durov polisə bildirib ki, həbs olunduğu gün Prezident Emmanuel Makronla görüşməli, onunla nahar etməli imiş.

“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın “Le Canard Chainé” qəzeti Yelisey sarayındakı mənbələrə istinadla məlumat yayıb. Lakin Yelisey sarayı yerli mətbuata açıqlamasında dərhal bu məlumatı təkzib edib.

Bununla yanaşı, məlum olub ki, hələ 2018-ci ildə Makron Pavel Durova, belə demək mümkünsə, əməkdaşlıq təklif edib. Belə ki, ona “Teleqram”-ın baş ofisini Parisə köçürmək təklif olunub. Lakin Durov bundan imtina edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, həmin vaxt Makronla Durovun nahar görüşü baş tutub və təklif də orada səsləndirilib. Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, Makron hətta Durova Fransa vətəndaşlığının verilməsi məsələsini də müzakirə edib. Qeyd edək ki, həbsindən bir müddət əvvəl artıq Durova Fransa vətəndaşlığı verilib.

Həmçinin, xəbərdə qeyd olunur ki, hələ 2017-ci ildə, yəni, Makronla görüşdən əvvəl Fransa xüsusi xidmət orqanları Birləşmiş Ərəb Əmirliklərində yaşayan Durovun “iPhone”-unun kodunu sındırmağa müvəffəq olublar. Deyilənə görə, Fransa təhlükəsizlik xidmətləri İŞİD-in “Teleqram”-dan istifadə etməsindən narahat olublar və Durova qarşı maraq da guya bundan irəli gəlib.

Qeyd edək ki, bəzi KİV-lər guya Durovun Bakıda səfərdə olan Vladimir Putinlə görüşmək istədiyini, lakin Putinin onu qəbul etmədiyini iddia edirlər. Sonradan Putinin sözçüsü Dmitri Peskov da belə bir görüşün olmadığını bəyan etdi.

Göründüyü kimi, Durovun həbsinin gerçək səbəblərilə bağlı müəmmalar qalmaqdadır. Bu işə Makronun da adının qoşulması ondan xəbər verir ki, hər şey rəsmi açıqlamalarda deyilənlərdən daha mürəkkəbdir və gizlədilən kifayət qədər məqamlar var.

“AzPolitika.info” 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15