“Evdən çıxdığında evin bilməli…” - Hikmət Məlikzadə yazır

25/08/2024 - 05:41

“Evdən çıxdığında evin bilməli…”

Şakir Xanhüseyn şeirində eyham hansı fəhmlə təmas qurur?

(Qısa münasibət - birinci yazı)

Sərbəst şeir, adından (da) göründüyü kimi, sərbəst fəhmdədir, səpkili şeirdir, qafiyə güdmür, orada heca sabitliyi (izosillabizm, izotoniya və s.) elə də bir məqsəd aşılamır. Ancaq adı sərbəst olsa da bu şeir növündə (mütləq) bir hədd gözlənilməlidir; yəni burada ahəngdarlığa xüsusi diqqət yetirilməli, bəzən də qafiyə şəkilli motivasiyalar aydın təsbit edilməlidir...

Təbii ki, bu yazıda məqsədimiz sərbəst şeir barədə yeni nəsə demək deyil, yaradıcılığını daha çox bu şeir növü ilə süsləndirən Şakir Xanhüseyn ədəbi fəhmini realizə etməkdir. Şakir müəllimi canlı görməmişik, (onunla) yalnız sosial şəbəkələrdə (ara-sıra) təmas qururuq. Paylaşdığı şeirlərin sanbalı bizi dəfələrlə məmnun edib. Nəhayət, əmin olmuşuq ki, o, sərbəst şeirin mahiyyətini (çox) yaxşı başa düşür, bu vəzndə yazdıqları oxucunu düşündürür.

Şakir Xanhüseyn diqtəsində (biz) sərbəstin (sərbəst şeirin) bədii fövqünü və bu növdə qafiyə-təsbitləri çox yerdə müşahidə edirik. Məsələn:

Addımını elə at ki,

o addım ancaq sənə aid ki,

guya son sözü deyirsən,

ocağından verdiyin bir köz də,

söylədiyin ilk söz də

son sözün olmalı...

Evdən çıxdığında evin bilməli…

***

Yanaşı "yaşayır" tut ilə çinar,

...əl-ələ verən adamlar kimi.

Sanırsan and içib sözləşib –

söz qoyublar ki,

elə bir böyüyəcək,

küləyə, tufana

birgə sinə gərib dikələcəklər...

…Onlar biri-birinin təkcə umudu!..

***

Bax ovcumun quru yerinə,

gör ora necə, nə sayaq

yağışlar yağır, ax, ax...

Sel-su götürür üzümü qupquru,

uyu, gözlərim, uyu yuxusuzluğu...

Ağrını çölə vurma, ürəyim,

gizli tut məndən həmişə bir şeyi-

ölümü, bir də şeiri...

Bu şeirlərdə istedadlı şair sərbəst fəhmi fəlsəfi notlarla təqdir edib, qafiyədə pərvazlanan fikirlərə gizlin – sətiraltı eyham səpib. Nümunə gətirdiyimiz bu sətirlər ayrı-ayrılıqda bir təhlil elementidir; ya gərək hər sözün hansı nöqtədə son tapmasını çözək, ya da buradakı fəlsəfi çalar(lar)ı dəqiq müşahidə etmək naminə sözü-fikri batində poetik işığa büküb oxucuya müəllifin diqtə etmək istədiyi mənanı göstərək (bu, əlbəttə, o qədər də asan deyil).

Yuxarıdakı nümunələrdə ədəbi kult(lar) dəqiq sərhəd tapıb: birinci şeirdə əsas hədəf zəruri məqsəddir – addım, özünəməxsusluq şərti, ikinci şeirdə umud (ümid) kodeksi – güvənə bilmək tərzləri, üçüncü şeirdə batini yoxluqla gerçək həyat müti şəkildə aşkardır, fəqət inam, etibar bu aciz duruşa (bir) potensial imkan qatır, oxucu buradakı eyhamı dürüstcə qavraya bilir. Biz də etiraf edirik ki, ixtisarla verdiyimiz bu şeirlərdə eyham təqdirə çəkə biləcəyimiz ən inandırıcı fəhmdir.

Şakir Xanhüseynin heca şeirləri də maraqlı təsvir verir. Diqqət edək:

Çox-çox yaxınsan uzaq,

hər daşın üstə səkmə.

Daha məndən əl çək də,

amma əlini çəkmə...

Getdin, hələ burdasan,

yanında yadındayam...

Doğmaca yuvasında

azmı yuvasız adam...

***

Kölgə adamların adı üstündə,

eləcə yaşarlar xəyalət kimi...

Daim bir qılıfda - cilddə görünməz,

nə su kimidilər, nə də od kimi...

Bu parçalarda da həyat, riqqəti solmuş yaşam tərzləri fəlsəfi kodla bizə göstərilir. Müəllif burada da sətiraltı eyhamları ilə modern təşnələr qurur, oxucuda ədəbi ehtiyacları artırır. Məsələn, yuxarıdakı birinci şeirdə “Daha məndən əl çək də, amma əlini çəkmə...” eyhamı oxucunu qabarıq ziddiyyətlərin ən dərin çökəklərinə aparır, həyatı dürüst girdablarda əzən şeytani hislərə tapındırır, sonra da (sanki) onlara bir kilsədə, ya da bir məbəddə sakit baxışlarla dua etmək cəsarəti verir... Bu meyl, bu fəhmsal diqtə şairin “Doğmaca yuvasında azmı yuvasız adam...” eyhamına da zəruri yön verir. Əlbəttə, bu sətirlərdə fikir aydın quruluşdadır – müəllifin nə dediyi hər kəsə çatır, fəqət biz bu fikrin – bu eyhamın batini diqtəsinə nəzər salır, oradakı şüurüstü tərpənmələrlə təmasa cəhd edirik. Dərhal bəlli olur ki, müəllif həyatı bir əsgəri neçə yerdən yaralayan top mərmisi hesab edir; lakin mərmi ilə qana mübtəla olan bədən arasındakı təması qırmır, belə deyək, mərmi də, onu bədənə ölüm yağışı kimi səpən top (silah) da qarmağı hədəfə çevirən insanı qınağa tuş salır. Deməli dogma yuvalara həsrət qalanlar şeytani hislərdə təcəlla edən insan(lar)ın qətl təlatümləridir. Yəni, cəllad da var, edam kötükləri də, fəqət başın kəsilməsinə hökm zəmin doğurur...

Bu eyham şairin “Kölgə adamların adı üstündə” fəhmini də eyni aqibətlər üzərində xarakterizə edir. Doğru mənada kölgə adamlar (da) elə hökmün – hökm verənin canlı hədəf(lər)idir…

Göründüyü kimi, Şakir Xanhüseyn vərəq doldurmaq, ədəbi fövqdə mən də varam iddiası ilə şeir yazmır, şeiri oxucunu düşündürmək, hadisələrə fərqli təmas etmək üçün yazır. Ən əsası, onun yazdıqlarını (janrından asılı olmayaraq) təhlil etmək üçün bir məqalə - bir ədəbi yazı bəs etmir…

Hikmət Məlikzadə

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04