Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin cari məsələləri müzakirə olunub
Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyanın 6-cı iclası keçirilib. İclasda “Azərbaycan Hava Yolları” QSC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.
"APA-Economics" xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən sərnişinlərin təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi üçün qabaqcıl texnologiyaların və təcrübələrin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İclasda aviasiya infrastrukturunun səmərəli fəaliyyətini təmin etmək məqsədilə gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının strateji istiqamətləri müəyyən edilib, aviasiya təhlükəsizliyi mədəniyyətinin geniş tətbiqinin və birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.
Qeyd edək ki, İdarələrarası Komissiya Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mütəmadi olaraq iclaslar keçirir.
Qafqaz.Media