Hollandiya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıdı

24/11/2022 - 22:39

Hollandiya parlamenti Rusiyanın Ukraynada dinc əhaliyə qarşı hərəkətlərini terrorizm, Rusiya dövlətini isə terrorun himayədarı adlandırıb.

Qafqaz.media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “trouw.nl” məlumat yayıb.

"Nümayəndələr Palatası Ukraynadakı müharibəyə görə Rusiya dövlətini terrorizmin himayədarı kimi tanıyıb", - bəyanatda deyilir.

Qeyd olunur ki, partiyaların əksəriyyəti, xüsusilə VVD (Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası), D66 (Tərəqqiçi Demokratlar), PvdA (Əmək Partiyası), CDA (Xristian Demokratik Partiyası) deputat Tom van der Linin təklifini dəstəkləyib.

Bildirilir ki, partiyaların böyük əksəriyyəti hökumətin Ukraynaya humanitar, diplomatik və hərbi sahədə maksimum dəstək vermək siyasətini dəstəkləyir.

Xatırladaq ki, Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Səsvermə Strasburqda Avropa Parlamentinin plenar iclası zamanı baş tutub.

Bu sənədin lehinə 494 deputat, əleyhinə 58, daha 44 deputat bitərəf qalıb.

Qafqaz.media