İlyas İsmayılovla vida mərasimi keçirilir

Bakıda Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilir.
Qafqaz.media xəbər verir ki, Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, mərhumun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak edirlər.
Vidadan sonra İlyas İsmayılov Bakının Nardaran qəsəbəsindəki qəbiristanlıqda - mərhum oğlu Etimad İsmayılovun məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.
Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.