"Kürd - ovşarı"nın sehrində... - Fuad Biləsuvarlı yazır

O, qədim Gəncədə - dövrünün ziyalılarından olan Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açmışdı. Ailə bir müddət əvvəl Şuşadan Gəncəyə köçmüşdü. O Şuşadan ki, bu şəhər dünyaya bir çox musiqi korifeyləri bəxş edib. Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov və onlarca başqaları. Onlar öz musiqi istedadları ilə adlarını əbədi olaraq incəsənət tariximizə yazmışlar.
Fikrət Məşədi Cəmilin ailəsində ikinci uşaq idi. Onun dünyaya gəlişi ata-anaya da, bu ailəni tanıyan bütün dost-tanışa da minbir sevinc bəxş etmişdi. Sanki hamı dünyaya qeyri-adi musiqi duyumu və istedadı olan bir uşağın gəldiyini hiss edirdilər.
Məşədi Cəmilin evində bir çox musiqi alətləri vardı. Özü də yaxşı tar çalırdı. Elə Fikrətin də ilk laylalarına bu tarın səsi qarışmışdı.
Mən bilərəkdən onu hələ sizə bütün titulları ilə təqdim etmirəm. Çünki onda o hələ adicə Fikrət idi. Atası Məşədi Cəmilin, anası Dürdanə xanımın sevimli övladı, özündən iki yaş böyük bacısı Yaxşının istəkli qardaşı.
Söhbət görkəmli Azərbaycan bəstəkarı, musiqi xadimi, xalq artisti, Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası o vaxtkı İttifaq Dövlət Mükafatları laureatları Fikrət Məşədi Cəmil oğlu Əmirovdan gedir.
Fikrət atasını itirəndə onun cəmi 6 yaşı vardı. Bu ağır itki Dürdanə xanımı, 3 qızını və oğlu Fikrəti çox sarsıtmışdı. Amma Dürdanə xanım övladlarını boya-başa çatdırmağa özündə qüvvə tapa bildi. Gəncənin məşhur Zərrabı məhəlləsindəki evlərdən birindən həmişə musiqi səsi gəlirdi. Bu, mərhum Məşədi Cəmilin evi idi. Axşamlar Fikrət tar çalır, bacısı Yaxşı bacardığı mahnıları oxuyurdu. Elə Fikrətin özünün də şirin səsi vardı.
Hazırda hörmətli Akademikimiz, Milli Məclisin deputatı Rafael Hüseynov təxminən 40 il əvvəl, hələ mən dünyaya gəlməyəndə yazdığı məşhur "Min ikinci gecə" kitabında qeyd edir: "Bəzən adama elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar, onları həmişə şöhrətə çatdıqları, hamının gördüyü, tanıdığı qiyafədə təsəvvür edirik...
Ancaq, onlar da, hamı kimi, haçansa, körpə olublar, ilk addımlarını atıblar, dil açıblar, onlara da layla çalınıb..."
Rafael müəllimin həmin toplusunda böyük sənətkar Fikrət Əmirovun əlində tar, kiçik yaşlarını əks etdirən fotosu da var və gələcək bəstəkarın bacısı Yaxşı xanımın kiçik də olsa, xatirələrinə də yer verilib. Fotodan bizə səliqəli geyimi ilə diqqət çəkən, aydın və inamlı baxışları olan, atasından yadigar qalmış tarı sinəsinə sıxan bir uşaq baxır..
Bu, gələcəyin böyük bəstəkarı Fikrət Əmirovdur.
" Yaman səliqəli idi. Bir pencəyi dörd beş il geyinərdi, deyərdin ki, qət-təzədir..."
Bu bacısı Yaxşı xanımın xatirəsidir.
Və müəllif həmin xatirələrinin sonunda öz qənatini bölüşür: " Gəncədə, Zərrabı məhəlləsindəki bir evdə Məşədi Cəmilin vəfatından sonra susmuş tar da, ud da, kaman da yavaş-yavaş dilə gəlirdi. Ata ocağında çıraq yandıran bir oğul böyüyürdü..."
Məşədi Cəmilin sağlığında bu evdə çox məşhur musiqiçilər qonaq olmuşdular. Onlar bu ailədəki uşaqlara da, onların istedadlarına bələd idilər.
Artıq Fikrət bacısı Yaxşı ilə musiqi olimpiadalarında birgə iştirak edirdilər. Hətta 12-13 yaşlı bacı - qardaşlar Bakıda keçirilən uğurlu olimpiadalarına görə birincilik qazanmışdılar.
Fikrət üçün böyük musiqiyə aparan yol açılmışdı. O, atasından yadigar qalmış tardan ayrıla bilmirdi. Sonralar artıq məşhur musiqiçi- bəstəkar kimi tanınanda tez-tez deyərdi: "Məni bəstəkar edən Azərbaycan tarıdır..."
Dürdanə xanım Bakılı qızı idi. Bakı səfərlərindən birində tale onu Bülbüllə rastlaşdırır. Bülbül Fikrətlə maraqlanır, onun mütləq konsevatoriya təhsili olmasını tövsiyə edir. Birlikdə Üzeyir bəylə də imkan tapıb görüşürlər. Üzeyir bəy də istedadına bələd olduğu Fikrətin bu musiqi məbədində oxumasını vacib sayır. Beləcə Fikrət Əmirov Konservatoriyanın tələbəsi olur. Üzeyir Hacıbəylinin və Zeydmanın sinfində təhsil alır. Hər iki bəstəkar bu yeniyetmə gəncin simasında gələcəyin böyük musiqiçisini görürlər.
Fikrət sehrli bir dünyadadır. Düşdüyü bu möcüzəli məkanda hökmranlıq edən musiqidir. Burda hamı musiqi ilə nəfəs alır.
Hələ 20 yaşı tamam olmamış Fikrət Əmirov bu dünyaya qovuşur.
Üzeyir bəylə hər görüş, bu dahi şəxsiyyətin onu bəstəkarlığa həvəsləndirməsi Fikrətə qol-qanad verir, qarşısında yeni üfüqlər açır.
Hər hansı sahədə istedadın varsa, o, özünü çox gözlətməyəcək, mütləq üzə çıxacaq.
Musiqi Akademiyasında təhsil illərində Fikrət artıq ciddi bəstəkarlıq işləri ilə məşğul olur, axtarır, arayır, öyrənir. Və onun bəstəsi ilə gələcək böyük əsərlərin təməli qoyulur.
Fikrət Əmirov ona böyük şöhrət qazandıran "Şur və Kürd ovşarı" simfonik muğamlarını yaradanda onun cəmi 26 yaşı vardı.
Çox keçməmiş Fikrət Əmirovun dünyanın böyük konsert salonlarında ən məşhur dirijorların rəhbərlik etdikləri simli orkestrlər üçün "Nizami" simfoniyası yaranır. 4 hissəli Azərbaycan simfonik suitası həyata vəsiqə alır.
Artıq bəstəkar kimi özünü təsdiqləmiş Fikrət Əmirov "Sevil" operasını yazmaqla ilk lirik milli operaların əsasını qoyur.
Yaradıcılıq uğurları davam edir. Bəstəkarın "Gülüstan- Bayatı - Şiraz" simfonik muğamları ürəkləri oxşayır.
Fikrət Əmirovun 1979 - cu ildə məşhur "Min bir gecə nağılları" əsasında yazdığı "Min bir gecə baleti" bəstəkara əsl şöhrət qazandırır. Böyük bəstəkar "Min bir gecə" baletini həyat yoldaşı Aidə xanıma həsr etmişdi.
Baletin partiturasının titul vərəqində "həyat yoldaşım - Aidaya" sözlərini yazmışdı.
Böyük bəstəkarın vokal mahnı janrında yaratdığı bir çox mahnıları da dillər əzbəri olur: " Gülür ellər", "Neyləmişəm", " Reyhan" kimi sevimli mahnıları İlhamə Quliyevanın ifasında qızıl fondda qorunur.
Yəqin ki, diqqətli oxucularımız Fikrət Əmirovun bəstəsində Hüseyn Cavidin "Şeyx Sənan"tamaşasında "Kor ərəbin mahnısı"nı yaxşı xatırlayırlar. Xalq artisti Məmmədəli Əliyevin əvəzsiz ifasında həmin qəmli mahnı necə də təsirli səslənir.
Böyük bəstəkarın son əsəri "Nizami" baleti olur. O, böyük söz ustası dahi Nizamiyə həsr etdiyi baleti tamamlamaq üçün gecə -gündüz yorulmadan işləyirdi. Bəlkə də, ürəyinə nəsə dammışdı, ömrün vəfa etməyəcəyini duymuşdu.
1984 - cü ilin yanvarında balet tamamlanır, cəmi bir ay sonra isə amansız ölüm özünü yetirir.
Onda Fikrət Əmirovun 62 yaşı var idi.
Yaradıcılığının ən məhsuldar dövrü idi. Ürəyində hələ çox musiqilərin, əvəzsiz bəstələrin duyğularını gəzdirirdi. Haçansa xalqımıza təqdim edəcəkdi. Ömür vəfa qılsaydı...
Haşiyə: dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Milli İncəsənət Muzeyimizdə saxlanılan "Fikrət Əmirovun portreti əsərinə allah bilir, neçənci dəfədir ki, tamaşa edirəm. Tahir müəllimin sehrli fırçasının gücü ilə bu tablo o qədər canlıdır ki, sanki, Fikrət müəllim bu dəqiqə ayağa duracaq, artıq beynində bəstələdiyi hansısa mahnınımı, romansımı... nota köçürəcək...
Böyük bəstəkarın musiqi sahəsindəki xidmətləri yüksək qiymətləndirilib.
Fikrət Əmirov Azərbaycanın və SSR-inin xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycanın və Sovet ittifaqın Dövlət mükafatı laureatları idi. Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü, orden-medallarla təltif olunmuşdu.
Bu gün Bakıda və doğulduğu Gəncə şəhərində onun adına küçə var. Gəncədə onun adına salınmış park həmişə gur olur.
Gəncə Filarmoniyası böyük bəstəkarın adını daşıyır. Xəzər sularında "Fikrət Əmirov" gəmisi var.
Nəsil estafeti isə davam edir. Atasının adını verdiyi oğlu Cəmil də bu gün tanınmış bəstəkar, xalq artistidir. Nəvəsi Nəzrin xanım öz dəsti-xətti olan bəstəkar-pianoçudur.
Fikrət Əmirovun musiqi tariximizdə öz yeri var.
Musiqisevərlər illər keçsə də, onu həmişə belə xatırlayacaqlar...
Ruhu şad olsun!!!
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.
Qafqaz.media