UTANC (Fraqmental)

21/02/2025 - 12:35

 

Orta məktəbdə oxuduğum vaxtlarda atamla tez-tez rayon mərkəzində yerləşən bazara gedirdim. O zaman bazar “Silsilə” deyilən mağazalar şəbəkəsinin qarşısında yerləşirdi. Bazarın şərqində üçgünbəzli qədim hamam binası vardı, amma yeməkxana kimi fəaliyyət göstərirdi. Dəfələrlə orada atamla çay içmişik. Yeni hamam binası bazarla üzbəüz tikilmişdi, aralıqda bir yol vardı. Yeni hamamın yanında “Uşaq aləmi” mağazası, onun qərbində kiçik bir otaqda “Ovçular” dükanı yerləşirdi. Atam hər dəfə bazara gedəndə ilk alış-verişini “Ovçular” dükanından başlardı. Atamın qoşalülə ov tüfəngi vardı, dükandan ovçuluq ləvazimatları alardı.

Sonra kənd təsərrüfat məhsullarının satıldığı bazara girirdik. Lazım olan şeyləri alandan sonra bazarın yaxınlığındakı avtobus dayanacağına gedirdik. Mən atama aldığı şeyləri daşımaqda kömək edirdim. Dayanacaqda üzərinə “Puşkin” yazılmış avtobusa oturub kəndə qayıdırdıq. Puşkin indiki Biləsuvar rayonudur, avtobus bizim yaşadığımız Alar kəndindən keçib bu rayona gedirdi.

Növbəti bazar günündə atam bazarın göyərti satılan coğasına baş çəkdi. Həyətdə əkmək üçün sarımsaq alacaqdıq. Göyərti coğasına keçəndə burada qarşısana göyərti dəstələri düzmüş bir yaşlı adam diqqətimi çəkdi. Bu, bizim Lətif müəllim idi. Lətif müəllim mənə birinci sinifdə dərs keçmişdi. Əlimdən tutub sadə qələmlə mənə hərfləri və rəqəmləri yazmağı öyrədən ilk müəllimim göyərti satırdı. Lətif müəllim hər gün rayon mərkəzindən bizim kəndə gəlir, dərslərini keçəndən sonra dayanacağa gedir, burada üzərinə “Astraxanbazar” yazılmış avtobusu gözləyirdi. Astraxanbazar Cəlilabadın keçmiş adıdır. Lətif müəllim geri dönəndə dayanacaqdan keçən günün sonuncu avtobusuna minərdi. Sürücü də Lətif müəllimi yaxşı tanıyırdı, Lətif müəllim avtobusa gecikəndə sürücü dayanıb onu gözləyirdi.

Mən Lətif müəllimi görən kimi qışqırdım:

-Ata, ora bax, göyərti satan kişi Lətif müəllimdi.

Səsimi Lətif müəllim də eşitdi, dönüb bizə tərəf baxdı. Mən onu tanısam da, o məni tanımadı. Lətif müəllim yaşlaşmışdı, amma üzünün cizgiləri yerində idi. Sarı saçı vardı, arıq bir kişi idi. Lətif müəllimin məni tanımaması başadüşülən idi, çünki mən böyümüşdüm, bir az da dolu bədənli yeniyetmə bir oğlan olmuşdum.

Atam mənim göstərdiyim istiqamətə baxıb, “Hə, Lətifdir”, - dedi. Gedib Lətif müəllimlə görüşdü. Lətif müəllim əlini uzadıb mənimlə də görüşdü, sonra üzümdən öpdü.

-Adın nədir? – dedi.

Mən adımı dedim. Lətif müəllim bir az kənara çəkilib mənim üzümə diqqətlə baxdı:

-Böyümüsən, - dedi.

Atamla Lətif müəllim xeyli söhbət etdi. Atam ondan soruşdu ki, niyə müəllimlikdən uzaqlaşmısan? Lətif müəllim dedi ki, uzaqlaşmamışam, işdən çıxarıblar.

Atam Lətif müəllimlə sağollaşıb ayrıldı. Mən bazarlıq bağlamalarını götürüb atamın arxasınca gedirdim, ancaq bir gözüm Lətif müəllimdə idi. O da gözünü məndən çəkmirdi. Mənə elə gəldi ki, Lətif müəllim şagirdinin onun göyərti satmasının şahidi olmasından utanır, xəcalət çəkirdi. Mən atamdan soruşdum ki, Lətif müəllimi niyə məktəbdən uzaqlaşdırıblar? Atam dedi, qocalıb.

Bu hadisənin üstündən bir müddət keçəndən sonra mən ali məktəbə girdim. Mənimlə bərabər bir sinifdə oxuduğum şagirdlərdən on yeddi nəfəri də ali məktəbə daxil oldu. Həmin il bizim sinifdən on dörd nəfər texnikuma girdi. Bu, təkcə bizim deyil, həm də Lətif müəllimin uğuru idi, onun ilk müəllimi olduğu sinfin şagirdləri bütünlüklə ali və orta ixtisas məktəblərinə girmişdi.

Mən bu sevinci Lətif müəllimlə bölüşmək üçün bazara getdim. Onun göyərti satdığı yerdə kök bir qadın bardaş qurub oturmuşdu, qabağında yeralma vardı. Qadından Lətif müəllimi soruşdum:

-Xala, burada bir kişi göyərti satırdı, adı Lətif idi. Mənim müəllimim olub. Bilmirsiniz, indi bazarın hansı tərəfində göyərti satır?

“Xala” dediyim qadın altdan yuxarı mənə nəzər yetirib dedi:

-Sən Lətifin nəyisən?

Mən cavab verdim ki, şagirdi olmuşam. Xala qurcalandı, handan-hana mənə dedi:

-Getdi, bala, getdi İnkir-Mənkirə əməllərinin hesabatını verməyə... Əzab çəkirdi, gül kimi müəllimi işdən çıxardılar ki, qocalıbsan! Başını göyərti satmaqla girələyirdi.

Xalanın ah-ufla verdiyi xəbər məni sarsıtdı. Daha bazarı gəzməyə ehtiyac qalmadı. Kəndə qayıtdım.

Yenə illər ötdü, ali təhsili başa vurandan sonra müxtəlif peşələrdə çalışdım. Ömrümün çox hissəsini müəllimliyə sərf etdim. Günlərin bir günündə məktəbə gedəndə gördüm ki, mənim yerimə gənc bir xanımı müəllim kimi işə götürüblər. Direktor bildirdi ki, sənin dərs saatların vakanta çıxarılıb və yerinə müəllim göndəriblər. Qırx ilə yaxın çalşdığım kollektivlə vidalaşmalı oldum. Suyum süzülə-süzülə evə qayıtdım. Dərs demək, öyrətmək ehtirasıyla üz tutduğum məktəb mənimlə belə soyuq bir sifətlə vidalaşdı.

Həmin günün səhərisi rayon mərkəzinə getdim, Lətif müəllimin göyərti satdığı yerə salam verdim. Amma bazar həmin yerdən çoxdan köçürülmüş, yerində buradakı çayxananın xidmət stolları qoyulmuşdu. Çayçı mənim duruxa getdiyimi görüb dedi:

-Müəllim, nə məsələdi, nəsə itirmisən?

Mən çayçıya tərəf dönüb onun təəccübünü bir az da artıran söz dedim:

-Bəli, itirmişəm, elə bir şey itirmişəm ki, gözlə görmək, əllə toxunmaq mümkün deyil.

Çayçı yaxına gəldi:

-O nədi elə, ay müəllim? Qiymətli şeydir?

Mən dedim:

-Qiymətli idi, indi dəyərdən düşüb. O, ömürdü, qədri bilinməyən, dəyəri olmayan ömür! Lətif müəllimi tanıyırdın?

Çayçı dodaqlarını büzdü:

-O kimdi, müəllim?

Mən dedim:

-Mənim ilk müəllimim olub. Bilirəm, tanımırsan. Əlli il bundan qabaq burada, sənin indiki çayxananın həyətində göyərti satırdı.

Çayçı yenə təəccübləndi:

-Necə yəni göyərti satırdı? Bəs deyirsən, müəllimim olub, müəllim də göyərti satar?

Əlimi çayçının çiyninə qoyub gözlərinin içinə baxdım:

-Ehtiyac güc gələndə həyət də süpürər, göyərti satmaq abırlı işdir. İndi mən gəlmişəm... göyərti satmağa!

Dönüb getdim. Çayçı arxamca xeyli baxdı. Mən ona nəzər salanda əlini yelləyirdi, yəqin fikirləşirdi ki, ağlım çaşıb, ya da başama hava gəlib. Gedə-gedə düşünürdüm: “Göyərti satanın müəllimdən yaxşı yaşadığı zamanda göyərti satmaq niyə utanc olmalıdır?”

19.02.2025

Bilal Alarlı Hüseynov

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah hava necə olacaq?
16/02/2025 - 21:27